Sizin reklam burada

Baş məşqçi samboçumuzun ölümündən danışdı

Müəllif: football Tarix: 13-09-2018, 23:25 587 Baxış
Baş məşqçi samboçumuzun ölümündən danışdı
“Bilmirəm, niyə yolun ortasına çıxdı?”
Sambo yığmamızın üzvü Yusif Kərimovun (52 kq) Tiflisdə avtomobil qəzası nəticəsində dünyasını dəyişdiyini xəbər vermişdik. Gələn il Belarusun paytaxtı Minskdə keçiriləcək 2-ci Avropa Oyunlarına D lisenziyası verən beynəlxalq turnirə qatılmaq üçün millinin tərkibində Gürcüstana yollanan idmançını maşın vurub və hadisə yerində vəfat edib. Mətbuatın iddiasına görə, qəza Kərimov səkidə olarkən baş verib. Ancaq hal şahidi olan yığmamızın baş məşqçisi Bəxtiyar Hacıyev əsl həqiqəti “Futbol+”ə açıqladı: “Tiflisə yarışa getdik. Orda məskunlaşdığımız otelin qarşısında durmuşduq. Bütün heyət ordaydı. Çəki mərasimi olmuşdu. Ertəsi gün yarışa çıxacaqdıq. Elə öz aramızda zarafatlaşırdıq ki, birdən bu olay yaşandı. Yusif yolu keçmək istəyəndə bədbəxt hadisə baş verdi. Qəza səkidə baş verməyib. Onu maşınla vuran hadisə yerindən qaçmadı. Dərhal polislə Təcili Yardım maşını gəldi. Ancaq samboçumuzu xəstəxanaya aparmağın mənası yox idi. Çünki artıq keçinmişdi. Qismətdi də. Bilmirəm, niyə yolun ortasına çıxdı? Yolu boş görüb, şəkil çəkdirmək istəyirdi, ya nəsə… Əcəldi də, nə bilim. Mərhumun 34 yaşı var idi. Avropa və dünya çempionatlarında medal qazanmamışdı. Başqa beynəlxalq turnirlərdə və yerli yarışlarda fərqlənmişdi. Bu hadisə baş verəndən sonra yarışa qatılmadıq. Çünki uşaqlar belə ağır psixoloji durumda turnirdə çıxış edə bilməzdi. Sağ olsun, federasiya prezidenti Ceyhun Məmmədov. Səfirliklə əlaqə saxladılar. Gürcüstan qanunlarına görə bu proses 3 gün çəkməlidi. Ancaq axşama bütün sənədlər hazır oldu. Ekspertizanı təyin etdilər, hər şeyi aktlaşdırdılar. Cənazəni həmin gecə vətənə gətirdik. Sürücünü də polis saxladı. Bəlkə də sürət həddini aşmışdı. Bunu dəqiq deyə bilmərəm”.
Qeyd edək ki, mərhum doğulduğu Dəvəçi rayonunda dəfn olunub.
SƏRXAN
SON XƏBƏRLƏR