Qurban Qurbanovun menyusuna...
Yığmanın Kosovo və Malta ilə oyunlarda qələbə qazana bilməməsində əsas səbəblərdən biri də hücumda çıxış edənlərin “dişsizliyi” idi. Artıq neçə illərdi ölkədə hücumçu problemi mövzusu dəyişməz qalıb. Bəzən milli qalib gəlməli olduğu matçlarda ya uduzub, ya da heç-heçə ilə kifayətlənib. Halbuki kifayət qədər qol şansları olub. Düzdü, budəfəki qarşılaşmalar çoxlu təhlükəli vəziyyətlə yadda qalmadı. Kosovoyla görüşdə Ramil Şeydayevə böyük ümidlər bəslənirdisə, Malta ilə səfər matçında bu öhdəliyi Rauf Əliyev yerinə yetirməliydi. Lakin heç biri bacarmadı. Əvəzində müdafiəçi Təmkin Xəlilzadə fərqləndi.
Faktdı ki, Şeydayevlə Əliyevin heç biri bu gün start heyətində oynamağa hazır deyil. Səbəb məlumdu. Hər iki forvard oyun təcrübəsinin azlığından əziyyət çəkir. Bu ilin yanvarından maya qədər “Qarabağ”da ehtiyatda qalan Ramil indi “Krılya Sovetov”da eyni aqibətlə üzləşir. Eyni sözlər Raufa da aiddi. Qışdan yaya qədər klubsuz qalan forvard “Qəbələ”də yalnız sonuncu çempionat oyununda əsas heyətdə meydana çıxıb. Elədisə, onların yığmada ilk dəqiqələrdən meydanda olması niyə bu qədər vacibdi? Məgər oyun təctübəsinin azlığından əziyyət çəkməyən başqa hücumçular yoxdu?
Pərdis-Fərcad Azad
Vaxtilə Berti Foqtsun dönəmində əsas yığmanın formasını geyməyə imkan tapmış Pərdis “Sumqayıt”da oynadığı dönəmdə qolçuluq bacarığını göstərib. “Keşlə”də oynayanda da zaman-zaman qollar vurub, məhsuldar ötürmələrin müəllifi kimi yadda qalmışdı. Mayın 28-də baş tutan kubokun final matçı yaxın keçmişi əhatə edir. Əvəzetmədən oyuna qoşulan Fərcad-Azad Dmitri Bezotosnını məyus etməyi bacardı. Yayda “Zirə”yə keçdi və ilk oyundaca “Keşlə”nin qapısına yola tapdı. Kifayət qədər istəkli, hər iki ayağı işlək, başla oynamağı bacaran forvardın bu gün millidə yer alması mümkündü. Raufla Ramil çağırılırsa, Pərdis dünəndən çağırılmalıdı. Düzdü, xarakterində müəyyən nöqsanlar var. Ərköyündü, çox danışandı, intizamsızdı. Amma bunlar Qurban Qurbanov üçün keçərli deyil. Azərbaycanda oynayan futbolçular Qurbanovun xasiyyətinə bələddi deyə, Pərdisin də hərəkətlərinə diqqət yetirəcəyi sirr deyil. Əsas olan yığmanın hücum gücünü artırması, əzmkarlığı və qol duyumu ilə komandaya fayda verməsidi.
Mirabdulla Abbasov
Ötən mövsüm “Neftçi”nin “bürünc” qazanmasında xüsusi pay sahibi olanlardandı. Tərlan Əhmədov ona əsasən əvəzləyici gözü ilə baxsa da, Abbasov sonradan oyuna qoşulmaqla bir çox qola imzasını yazdırmağı bacardı. Hətta millinin yanvar, mart və iyundakı toplanışlarında Mirabdullaya dəvət göndəriləcəyini gözləyirdik. Amma Qurban Qurbanov ona şans tanımadı. Hərəkətli, texnikalı, son zərbəni vurmaq bacarığına sahib forvardın əsas problemi fiziki hazırlığının istənilən səviyyədə olmamasıdı. Yəni 90 dəqiqə oynamaq iqtidarında deyil. “Sumqayıt”la çempionat görüşündə start heyətində yer alan və qol vurmağı bacaran “22 nömrə” “Qəbələ” və “Qarabağ”la oyunlarda sonradan meydana çıxdı. Yəni oyun təcrübəsinin azlığından əziyyət çəkmir. Hansısa mənada yığmaya fayda verə biləcək futbolçudu.
Rüfət Dadaşov
Qurban Qurbanovun hələ də bu futbolçuya etimad göstərməməsinin səbəbini anlamaq olduqca çətindi. Almaniya futbol məktəbinin yetirməsi olan Dadaşov yüksək qol duyumuna sahib forvarddı. Vaxtilə 16 oyunda yığmanın formasını geyməklə 4 qola imza atması sıradan göstərici sayıla bilməz. Raufla Ramilin qapısına yol tapa bilmədiyi Maltanı Rüfət 5 il əvvəlki yoldaşlıq görüşündə iki dəfə oyuna mərkəzdən başlamağa məcbur etmişdi. Qətər və Şimali İrlandiya ilə oyunlarda da qol vurmağı bacarmışdı. Onsuz da bugünkü yığmada boyla, başla oynamaqla bağlı ciddi problem var. Rüfətin fiziki göstəricilərinin göz oxşadığını nəzərə alsaq, milliyə fayda verə biləcəyini demək olar. Ola bilsin, Almaniyanın Regional Liqasında, yəni həvəskar çempionatda çıxış etməsi Qurbanovu düşünməyə vadar edir. Razılaşaq ki, vacib olan futbolçunun hansı komandada oynaması yox, bacarığı, yığmaya hansı faydanı verəcəyidi. Statistikanı da unutmayaq. Dadaşov 2015-ci ildən bu yana çıxış etdiyi komandalarda ümumilikdə 49 qol vurub. Almaniya kimi futbol ölkəsi üçün sıradan göstərici deyil. Dəvət etmək, şans vermək mümkündü. Almaniya futbol məktəbində yığdığı təcrübə ilə yığmaya faydası ziyanından çox olar.
HƏBİB