“Feysbuk”a girmək mümkün deyil, qardaş. Əksəriyyət yığmadan yazır. Yığmanı elədən belə, belədən elə “yıxıb-sürüyürlər”. Millətlər Liqasında “cırtdanlar”a qalib gələ bilmədiyi üçün. Millini tənqid etmək sanki bir dəbə minib. “Mən də varam” prinsipiylə futboldan, onun incəliklərindən başı çıxan da, başı çıxmayan da ağlına gələni yazır. Amma müəyyən məqamlar var ki, ona toxunan yoxdu. Mən onlardan danışacam.
Birincisi azarkeş problemidi. Əsas komanda yeni tsiklə start verir. Deməli, hələ qrupdan çıxıb-çıxmayacağımız bilinmir. Uzun fasilədən sonra yığma rəsmi oyuna çıxır. Məntiqlə azarkeşlər millinin matçları üçün ac olmalıdı. Ancaq biz nə gördük? Tribuna rüsvayçılığı. 68 min yerlik arenanın heç üçdəbiri də dolmadı. İndiyədək heç vaxt, hətta klub səviyyəsində uğurlarımızın olmadığı dönəmdə də yığma yeni tsiklə start verəndə tribunaların yarıdan çoxunun boş qalması faktı olmayıb. Heç yığmanın formal xarakter daşıyan son rəsmi oyunlarında belə bu səviyyədə laqeyd münasibət görməmişəm. Hər halda, mən xatırlamıram. Ötən cümə Bakı Olimpiya Stadionunun boş tribunaları Azərbaycan futbolunun faciəsi idi. Bəlkə məhz buna görə Millətlər Liqasına başlamadan uduzduq. Ha fikirləşirəm, ha baş sındırıram, amma heç cür azarkeş biganəliyinə səbəb tapa bilmirəm. Ortaya səbəb kimi qoyulan detallar bəhanədən başqa bir şey deyil. Baş məşqçi böyük çoxluğun yığmada görmək istədiyi mütəxəssisdi. Bu, o Qurban Qurbanovdu ki, 2009-cu ildən bu yana “Qarabağ”la heç vaxt ağlımıza gətirmədiyimiz uğurlara imza atıb. Və belə bir məşqçini yığmadakı ilk rəsmi oyununda yalqız qoymaq... Üzr istəyirəm, bunun adı XƏYANƏTdi! Kosovodan da, Maltadan da əvvəl oyuna getmək imkanı olub getməyən biganə azarkeş bıçağı Qurbanovun kürəyinə sapladı sanki. Bu fərarilikdi, bu, döyüşdə yoldaşını səngərdə qoyub, geri qaçmaqdı. Mən bir jurnalist kimi Mahir Mədətova tam haqq qazandırıram. Futbolçunun borcu yaxşı futbol oynayıb, nəticə qazanmaqdısa, azarkeşin də borcu tribunadan ona dəstək verməkdi. Əminəm ki, tribunalarda heç olmasa 40-50 min azarkeş olsaydı, yığma daha həvəslə, daha böyük motivasiya ilə oynayardı. Bunu praktika söyləyir, mən yox. Nə zaman ki, çempionatımızın oyununda tribunalarda anşlaq yaşanır, o zaman həmin görüş gərgin mübarizə şəraitində keçir, futbolçular son nəfəsinədək meydanda döyüşür. Çünki azarkeş idmançı üçün dopinq rolunu oynayır.
BOS uzaqdı? Onda bəs niyə “Qarabağ”ın ÇL oyunlarında, yığmanın İtaliya ilə görüşündə stadionun yolunu tuturduz? Necə olur ki, Sevinc Məmmədova kimi xanım azarkeş Sumqayıtdan milli üçün, bayraq üçün, vətən üçün, Qurban Qurbanov üçün BOS-a gələ bilir, amma siz Bakıda yaşaya-yaşaya evdən bayıra çıxmırsız. Nə isə, bu bəhanəyə bir quş.
Yığma normal futbol oynamır? Bəyəm Berti Foqtsun dönəmində milli ultramüdafiə futbolu sərgiləmirdi? O zaman niyə alman mütəxəssisi və komandasını boykot etmirdiz? Deməli, bu səbəb də bəhanəyə çevrilib, getdi işinin dalınca.
Nəticə olsun, sonra stadiona gələsiz? Harda görünüb belə şey? Bunu dəfələrlə demişəm, yenə təkrarlayıram. Türkiyə millisi 90-cı illərədək nəhəng yığmaların “qapazaltısı” olanda, İngiltərəyə 2 dəfə rüsvayçı hesabla uduzanda azarkeşləri ondan üz döndərmişdimi? Bəlkə klubları avrokuboklarda uğuru gündüz çıraqla axtaranda tribunaları boş qalmışdı? Yox, yox, yox. Bir dili, dini, dünyaya baxışı, demək olar ki, eyni olduğumuz ölkənin insanlarının futbola münasibətinə bax, bir də bizim.
Bütün detalları incələyəndə, faktları müqayisə edəndə anlayırsan ki, bizdə əksər futbolsevərlər rəqibin adına görə stadiona gedib-getməyəcəyini müəyyənləşdirir. Sabah İspaniya Bakıya gəlsə, yuxarıdakı bəhanələr yada düşməyəcək. Hamı bir nəfər kimi BOS-a axışacaq. Bax, budu acı gerçəklik.
Adamı yandıran odu ki, oyuna gəlməmələri cəhənnəm, oturub monitor arxasında yığmanı, onun məşqçisini “asıb-kəsirlər”. Hansı haqla, qardaş? Bəyəm sən azarkeşlik borcunu yerinə yetirdin ki, millidən nəticə gözləyirsən? Ən pisi də əksər həmkarlarımızın bu məsələyə fikir verməməsidi. Diqqət yetirsəydilər, ən azı Kosovo ilə oyundan sonra Qurbanova bu haqda sual verərdilər. Onsuz da bu komandanı bu gün üçün ölkədə Qurbanovdan başqa dirildən tapılmayacaq. Foqtsa 6 il dözdük. Qurbanova da ən azı 2 tsikl şans verək. “Bismillah” deməmiş “əlhəmdülillah” deməyə tələsməyin. Onsuz da Millətlər Liqasından AÇ-yə vəsiqə qazansaq belə, bu müvəqqəti parıltı olacaq. Futbolda total uğurlar əldə etmək üçün “2004 inqilabından” doğru yararlanmaq lazım idi. İndiki vəziyyətdə köklü islahatlar qaçılmazdı. Bunun üçün həmin islahat düyməsini basmağa cəsarət lazımdı. Vəssalam.