Ceyhun Əliyev: “Futbolçularda milli ruh çatışmazlığı var”
Yığma Millətlər Liqasına uğursuz start verdi. Qurban Qurbanovun yetirmələri keçirdiyi iki oyundan heç birində qələbə qazanmadı. Kosovo ilə evdə (0:0), Malta ilə səfərdə (1:1) heç-heçə etdik. Bu, qrupu ilk pillədə başa vurmaq şansımıza ciddi təsir etdi. Doğrudu, hər şey itirilməyib. Ancaq artıq yığmanın taleyi təkcə özündən asılı deyil. Bundan başqa, sərgilənən oyun da gələcək üçün ümid vermədi. Bu oyunlarda futbolçularda qələbə istəyi hiss olunmadı. Əslində ötən sayımızda problemlərə, bunu doğuran səbəblərə nəzər salmışdıq. Bu üzdən onları təkrar-təkrar xatırlatmağa ehtiyac yoxdu.
Sadəcə, bir məsələyə toxunmağı lazım bildik. Yığma ilə Maltaya jurnalist həmkarlarımız da yollanmışdı. “CBC Sport”un şərhçisini də nəzərə alsaq, 6 azərbaycanlı media nümayəndəsi milli ilə birgə səfərdə oldu. Ancaq oyunsonrası mətbuat konfransında Qurbanova cəmi iki sual ünvanlanıb. Bu isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Təbii, “cırtdan”la matçda qələbə qazana bilməyən komandanın baş məşqçisinə veriləsi sual çox idi. Ancaq nədənsə həmkarlarımız yalnız 2 məsələylə bağlı Qurbanovun fikirlərini alıblar. Bəlkə də bilmədiyimiz hansısa durum yarandığı üçün mətbuat konfransı qısa çəkib. Bir sözlə, dünən Maltaya yollanan media nümayəndələrinin bəziləri ilə əlaqə saxlayıb həm səfər təəssüratını öyrəndik, həm də qeyd etdiyimiz məsələ ilə bağlı düşüncələrini aldıq.
Ceyhun Əliyev (sport24.az saytının baş redaktoru): “Səfər plan üzrə keçdi. Əvvəlcədən də bilirdik ki, futbolçularla danışmaq qadağası olacaq. Bu gözlənilirdi. Nə hava limanında, nə də təyyarədə futbolçularla danışmaq imkanımız var idi. Ta’Qalidə də fərqli otellərdə qalırdıq. Bu da təbiidi. Həmişə belə olub ki, yığma ilə jurnalistlər ayrı-ayrı otellərdə məskunlaşıb. Oyunöncəsi mətbuat konfransı və açıq məşq ənənəvi qaydada keçdi. Özünüz də şahidsiz ki, matçdan bir gün öncə təşkil olunan mətbuat konfransı daha geniş işıqlandırılmışdı. Bir çox ölkələrdə olmuşam. Malta təşkilatçılıq baxımından onlardan heç də geri qalmır. Hər hansı problem yaşamadıq. İstər nəqliyyat, istərsə də akkreditasiya baxımından. Xırda detallar var ki, filan qapıdan keçin. Bu da istənilən yerdə yaşana bilər və biz qonaq olduğumuzdan həmin stadionların giriş-çıxışına bələd deyilik. Ümumiyyətlə, bunu qüsur kimi də qələmə verməzdim. Bir sözlə, təşkilatçılıq cəhətdən zərrə qədər problem yaşamadıq. Qarşılaşmadakı ab-havaya toxunmaq istəyərdim. Müəyyən dəqiqələrdə “Milli dəstə”nin üzvləri, saylarının az olmasına baxmayaraq, maltalıları susdurmağı bacarırdı. Yığma qol buraxandan sonra azarkeşlərimiz daha böyük coşqu göstərdi və deyərdim ki, bu da oyunçulara müsbət təsiri etdi. Futbolçularda özünəinamın qayıtması baxımından həmin dəstək önəmli idi. Bərabərlik qoluna qədər yığma yaxşı oynadı. Ancaq həmin parlaq oyun cəmi 16 dəqiqə çəkdi. Məncə, futbolçularda milli ruh çatışmazlığı var. Bunu hər bir futbolçuya şamil edərdim. Kimisə fərqləndirməyəcəm. Futbolçu düşünməlidi ki, ölkəmi təmsil etmək üçün mən bu bayrağa layiq görülmüşəm. 11 nəfər bunu tam varlığı ilə dərk etməlidi ki, bu tam başqa ab-havadı. Nə klub deyil, nə də yoxlama görüşü. Bu millinin rəsmi oyunudu və 10 milyon insanın arasından seçilən 11 nəfər həmin yükü daşımalıdı. Daşıya bilmirsə, yığmada oynamaqdan imtina etməlidi. Yoxsa meydana çıxıb sönük, inamsız, hətta deyərdim, həvəssiz futbol oynamırlar. Komanda Maltadan qalib dönməyə məhkum idi. Amma meydanda can qoymadılar. Ən böyük problem də budu. Potensialına görə yığmanı Maltadadan üstün sayıram və bu da qələbə üçün yetərli idi... Gələk mətbuat konfransında sualların az verilməsinə. Yazılı media olduqca az idi. Yanılmıramsa, 4 nəfər idik. Bir məqamı da nəzərə alaq ki, milli oyundan dərhal sonra təyyarəyə minməlidi. Belədə mütəxəssisin önünə diktofon qoyub, rahat-rahat sualları ünvanlamaq, sonra isə onu yığmaq böyük zaman tələb edəcək. Bu üzdən yaza-yaza sual ünvanlamaq olduqca çətindi. Bunu ümumi həmkarlar adından deyirəm, hansı ki, onlar konfransda iştirak edirdi. Digər tərəfdən, nəzərə alın ki, jurnalist peşəsindən əlavə milliyə azarkeşlik edirik və azərbaycanlı kimi bu bizim borcumuzdu. Oyundan sonra isə heç birimizin əhvalı yüksək səviyyədə ola bilməzdi. Hardasa bədbin notda daxil olduğumuz mətbuat konfransında oturub sorğu-sual etmək... Bu məsələnin subyektiv tərəfi idi. Obyektiv tərəfi isə yaza-yaza sual vermək və yenə yazmaq müşkül məsələdi. Mətbuat konfransında sırf iki sual verilib ki, onlardan birinin müəllifi mənəm. Lakin “gördüz, mən sual verirəm” deyib, yaxamı kənara çəkmirəm. Sadəcə, fikirləri təcili yazıb, oxuculara çatdırmaq lazımdı. Ən önəmlisi məşqçinin oyunla bağlı fikirləridi ki, biz də onu işıqlandırdıq. Avropa mediası ilə müqayisə aparsaq, onlar mətbuat konfransında çox az sual verirlər. Bizdə geniş əks-səda doğurur ki, mətbuat konfransıdı, hamı gəlsin, ürəyini boşaltsın. Kimin baş məşqçiyə sualı varsa, müraciət edir, ona maraqlı olan suallara cavab tapır. Maltalı jurnalistlərdən Qurbanova heç bir sual ünvanlanmadı. Oyunöncəsi mətbuat konfransına isə, ümumiyyətlə, yerli media mənsubları gəlməmişdi”.
Aydın Bağırov (qol.az saytının baş redaktoru): “Ənənəvi səfərlərdən biri idi. Xüsusi təəssüratım yoxdu. Nəticə bizim əhvalımıza da təsir etdi. Komandanın Kosovo ilə oyunda xal itirməsinə baxmayaraq, gedəndə ab-hava yaxşı idi. Belə görünürdü ki, istər baş məşqçi, istərsə də futbolçular Maltadan qələbə ilə dönəcəklərinə inanırlar. Amma oyunu izlədiz, fikrimcə, futbolçular çox istəksiz göründülər, hazırlıqsız idilər. Bu haqda çox danışmaq istəmirəm. Onsuz da iki gündü müzakirələr gedir, mütəxəssislər fikir bildiriblər, özüm də yazı yazmışam. Hər halda, komanda bu gün hazır deyil. Futbolçular çox hazırlıqsızdı. Qurban müəllimə də çoxlu tənqidlər olur. Ancaq fikrimcə, həm azarkeşlərimiz, həm jurnalistlər bir az səbr etməlidi. Qurbanova da zaman tanınmalıdı. Çünki o, yığmanı cəmi 2 rəsmi oyuna çıxarıb. Baxmayaraq ki, rəqiblər zəif komandalar idi. Odu ki, səbirli davranmalıyıq. Unutmayaq ki, ölkə futbolunu ən çətin mərhələdə ayağa qaldıran insanlardan biri Qurban Qurbanovdu. O, “Qarabağ”da da işə başlayanda uğursuzluqlar olmuşdu. Mənə elə gəlir, zamanla millidə işlər yoluna düşəcək. Klublar da öz köməyini göstərməlidi... Mətbuat konfransında cəmi iki sualın verilməsinə gəlincə, həmin fikirlərlə tanışam, azarkeşlər də bu haqda mənə yazıblar. Haqlı iradları var və mən onları qəbul edirəm. Səhv etmirəmsə, mətbuat konfransında 4-5 jurnalist idik. Şəxsən mən həm oyunöncəsi, həm də matçdan sonrakı konfransda sual vermişəm. Baş məşqçidən qrupdan çıxa bilməməklə bağlı ciddi narahatlığın yaranması haqda fikirlərini soruşdum. Bundan başqa, həmkarlarımızdan bəziləri miks-zonada idi. Mətbuat konfransında olan digər həmkarların sual verməməsi bəlkə də əhval-ruhiyyədən asılı idi. Bu haqda həmkarlarımın adından danışa bilmirəm. Yenə deyirəm, ola bilər ovqatları yaxşı deyilmiş. Hər halda, mən sual vermişəm və azarkeşləri də maraqlandıran məsələyə cavab almışam”.
FARİZ