
Əliyar Ağayev 6 qola şahid oldu, penalti təyin etdi
FİFA referisi Əliyar Ağayev srağagün Rusiya və Çexiya yığmaları arasındakı yoxlama oyununu idarə edib. Rostovda keçirilən görüşdə ona digər həmyerlilərimiz Rza Məmmədovla Zeynal Zeynalov yardımçı olub. Ədalət təmsilçiləri 5:1 hesabıyla rusların xeyrinə başa çatan görüşdə darmadağına şahid olublar. Ümumiyyətlə, hakimlərin işi az olmayıb. Əliyar bu oyunda qonaqların qapısına bir penalti də təyin edib. Meydan sahibləri 3-cü qolu 31-ci dəqiqədə rəqibin aşkar qayda pozuntusuna görə Əliyarın təyin etdiyi penalti zərbəsiylə vurub ki, bunun müəllifi Aleksey İonov olub. Yeri gəlmişkən, İonov bu matçda dubl müəllifi olub. Onun və fərqlənən digər komanda yoldaşlarının millidə qol hesabını açmaları Ağayevin matçına təsadüf edib. Azərbaycanlı referi Çexiya yığmasının iki futbolçusunu da sarı vərəqə ilə cəzalandırıb. Bunlardan birincisi penaltiyə səbəbkar futbolçuya göstərilib. Maraqlıdı ki, bir epizodda, konkret 63-cü dəqiqədə oyunu canlı yayınlayan telekanalın operatorları Ağayevin “sarı” göstərdiyi futbolçunun adının qarşısına qırmızı vərəqə göstərib. Halbuki Souçek bundan bir neçə dəqiqə sonra çexlərin təsəlli qolunun müəllifi olub.
MİRAĞA