“Malta uduzmamaq üçün əsas diqqəti müdafiəyə ayırıb, rəqibin oyununu pozmağa çalışırdı”
Qorxduğumuz başımıza gəldi. Millətlər Liqası vasitəsi ilə Avropa çempionatının final mərhələsinə qatılacağına az da olsa, ümid etdiyimiz yığma startdakı iki oyunda büdrəməklə durumu xeyli mürəkkəbləşdirdi. Kosovo və Malta ilə qarşılaşmalarda qeydə alınan heç-heçələrdən sonra millinin hesabında cəmi 2 xal var ki, Kosovo ilə Farer adaları bu baxımdan bizimkiləri qabaqlayır. Halbuki uğurlu start sonrakı görüşlərdə qələbə qazanılmasına kömək edəcəkdi.
Bakıda kosovolularla görüşü izləyənlər arasında 7 əcnəbi həmkarımız da vardı. Maraq üçün onların Bakıda gördükləri barədə nə kimi cızma-qara etdiklərinə nəzər saldıq. Yığmalarını dağ başına qoymaqla Azərbaycandan alınan 1 xalı olduqca mühüm qiymətləndiriblər. Qrupun favoriti ilə 0:0 hesablı nəticə onlarda yığmalarının 3-cü qrupu ilk pillədə başa vuracağına dair hədsiz inam yaradıb. Ayrı-ayrı futbolçularla müsahibələr dərc ediblər, Olimpiya stadionundakı çoxsaylı asayiş keşikçilərindən söz açıblar. Hə, əzəmətli stadiona toplaşan azarkeşlərin say azlığını da xüsusi qabardıblar.
Maltalı jurnalistlər isə sevinc içindədi. Farer adalarına uduzandan üç gün sonra Azərbaycandan alınan 1 xalı qənimət sayırlar. One.com.mt saytında yazılanlara diqqət yetirək: “Malta üçün ilk xal. Yığma heç kimin gözləmədiyi, inanmadığı halda Azərbaycanla heç-heçə etməyi bacardı. Raymond Farruciya əvvəlki oyunla müqayisədə üç dəyişiklik etmişdi ki, baş məşqçinin addımı özünü doğrultdu. Millinin veteranı Maykl Mifsudun qazandığı penaltini Andrey Aqius əla zərbə ilə qola çevirsə də, çox keçmədən qonaqlar hesabı bərabərləşdirdi. İkinci hissənin əvvəlində Pol Fenek şansını dəyərləndirməyə borclu olsa da, qol vurmağı bacarmadı. Fasilədən sonra 6 minə yaxın azarkeş (protokolda say 4500 göstərilib – H.) cansıxıcı oyuna tamaşa etdi. Bu da başadüşüləndi. Malta yığması uduzmamaq üçün əsas diqqəti müdafiəyə ayırıb, rəqibin oyununu pozmağa çalışırdı. Təbii, qələbə daha gözəl olur. Amma bu vəziyyətdə, Farer adalarına yenilgidən sonra favoritdən xal qoparmaq xarakter göstəricisidi. 2 turdan sonra qrupdakı 4 komandanın xalları bir-birinə yaxındı. Malta sonuncu pillədə yer alsa da, aşkar autsayder deyil. Hər bir rəqiblə oynamaq olar”.
HƏBİB hazırladı