Stadnikə Avropada rəqib tapılmır

İdman

Stadnikə Avropada rəqib tapılmır
Namiq Əliyev: “Bu gün bizim heç bir maddi problemimiz yoxdu”
Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev sərbəst güləşçilərimizin məşqini izləyib. Hazırlıq prosesinin gedişində idmançılar və məşqçilərlə görüşən Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin üzvü daha sonra güləşimizin bu günü, qarşıdakı yarışlar və hədəflərlə bağlı açıqlamalar verib: “Federasiyadan bir müddət ayrılsam da, güləşdən uzaq düşməmişdim. Güləşçilərimizin çıxışını diqqətlə izləyirdim. Bizdə hər şey qaydasındadı. Çoxlu perspektiv vəd edən, gənc güləşçilər yetişib. İK-nın iclası ilə bağlı Romada olanda gənclər arasında Avropa çempionatı keçirilirdi. Orda olarkən yeni istedadlı güləşçilərimizi gördüm. Bizi gənclər və böyüklər arasında dünya çempionatı gözləyir. Gənclərə diqqəti artırmışıq. London Olimpiadasının qalibi olanda Toğrul Əsgərovun hələ 19 yaşı vardı. Sentyabrın 17-də başlayacaq gənclərin dünya çempionatında çıxış edəcək güləşçilərimiz gələcəkdə Olimpiadada ölkəmizi təmsil edəcək.
Bu mundial Tokio-2020-yə hazırlıq xarakteri daşıyır. Əsas dünya çempionatı gələn il olacaq. Çünki Qazaxıstanda keçiriləcək yarış Olimpiya Oyunlarına lisenziya verəcək. Budapeştdəki mundial isə yığmanın heyətini müəyyənləşdirmək üçün əlverişli olacaq. Bəzi çəkiləri bir daha nəzərdən keçirəcəyik. Güləşçilərin kateqoriyalara necə uyğunlaşmalarına baxacağıq. Fikrimcə, bu DÇ çəkilər üzrə seçimdə həlledici olacaq. Çünki növbəti il eksperiment edə bilməyəcəyik. Hələ bəzi güləşçilər çəkilər üzrə əsl yerini tapmayıb. Bizim üçün əsas olimpiya kateqoriyalarıdı. Budapeştdə həm də əsas rəqiblərimizi nəzərdən keçirəcəyik.
Bu gün bizim heç bir maddi problemimiz yoxdu. Hər şey qaydasındadı. Hazırlıq prosesi plan üzrə gedir. Bizə müxtəlif ölkələrdən toplanış keçməyə gəlirlər.
Böyüklər, gənclər və yeniyetmələrin yarışında daim nəticə vermişik. İdman növləri arasında nadir hallarda belə uğur olur. Bütün kateqoriyalar üzrə nailiyyətlərimiz sabit olub. Bütün yaş qruplarında dünya və Avropa çempionlarımız var. Artıq yerli qızlarımız yetişib. Onlardan biri ölkəmizi Yeniyetmələrin Yay Olimpiya Oyunlarında təmsil edəcək. Avropa və dünya çempionatlarında komanda hesabında, adətən, ilk “3-lük”də oluruq. Bizim böyük potensialımız var.
Azərbaycan dünyanın ən güclü yığmalarından sayılır və bu üzdən komandalarımıza qarşı həmişə diqqət olur. Hər zaman məşqlərdə yeni texniki elementlərdən istifadə etməyə çalışırıq. Eyni hazırlıq metoduyla həm Avropada, həm də dünyada ən güclü olmaq mümkün deyil. Təbii ki, biz də rəqiblərimizi diqqətlə izləyirik. Sözsüz, Avropada əsas rəqibimiz Rusiyadı. Ancaq Türkiyəni də siyahıdan silmək olmaz. Onların da çox güclü komandası var. Dünya arenasında Yaponiya ciddi rəqiblərdən biridi. Bizi mundialda güclü rəqabət gözləyir”.
Bu arada Polşanın paytaxtı Varşavada “Qran-pri” seriyasından olan “Poland Open” turniri başa çatıb. Mariya Stadnik (50 kq) həlledici görüşdə ötən il Avropa çempionatının finalında məğlub etdiyi (10:0) ukraynalı Alyona Semkivlə qarşılaşıb. Finaladək bütün görüşlərində rahat qələbə qazanan Stadnik son qarşılaşmada da rəqibinə aman verməyib - 13:2. Beləliklə, Mariya daha bir yarışda çempion olub.
Rusiyanın Yakutsk şəhərində isə Dmitri Korkinin xatirəsinə keçirilən sərbəst güləş üzrə beynəlxalq turnirə yekun vurulub. Son yarış günündə daha iki güləşçimiz fəxri kürsüyə qalxıb. Əhmədnəbi Qvarzatilov (61 kq) finalda Monqolustan təmsilçisinə 8:4 heabıyla qalib gələrək, çempion olub. İbrahim Yusubov (79 kq) isə Türkiyədən olan rəqibini 12:8 hesabıyla məğlub edərək, üçüncü yeri tutub.
Xatırladaq ki, bir gün əvvəl Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Pərviz İbrahimov (57 kq) gümüş, Hacımurad Ömərov (74 kq) isə bürünc medal qazanıb. Komanda hesabında yığmamız ilk “3-lüy”ü qapayıb.
Güləşdən söz düşmüşkən, qadınlardan ibarət yığmamız Belarusda təlim-məşq toplanışını davam etdirir. Sentyabrın 4-dən bu ölkənin paytaxtı Minskdə hazırlıq keçən millimizin baş məşqçisi Aslan Ağayev AGF-nin saytına toplanışın gedişi və qarşıdakı planlarla bağlı açıqlama verib: “Hazırlıq prosesi plan üzrə gedir. Hər şey qaydasındadı. Zədəli güləşçimizin olmaması sevindiricidi. Minskdə Belarus, Latviya və Hindistan yığmalarıyla birgə toplanış keçirik. Burda keçiriləcək Aleksandr Medvedin xatirə turnirindən sonra vətənə qayıdacağıq. Bir müddət Bakıda hazırlıq keçdikdən sonra dünya çempionatı ərəfəsində son təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacağıq. Orda yerli komandayla yanaşı, Rumıniya və Hindistanın da iştirakıyla birgə toplanış baş tutacaq. Macarıstana da Türkiyədən səfər edəcəyik”.
SƏRXAN