Sizin reklam burada

Vergilər Nazirliyi “Bakı”nın bazasına girişi yasaqladı

Title
Vergilər Nazirliyi “Bakı”nın bazasına girişi yasaqladı
“Qəbələ” məşq etmək üçün stadion axtarır
Artıq bir ildən çoxdu “Qəbələ”nin məşqləri Bakıda keçirdiyindən xəbərdarsız. Yalnız çempionat oyunları üçün doğmna rayona üz tutan “qırmızı-qaralar”ı qalan vaxt “Bakı”nın Biləcəridəki təlim-məşq bazasında görmək mümkündü. Hətta klub rəhbərliyi ötən il komandanın daha yaxşı şəraitdə hazırlıq keçməsi üçün sözügedən bazada kosmetik təmir işləri aparmış, paltardəyişmə otaqları yenilənmiş, meydanın durumunu yaxşılaşdırmaq üçün ot örtüyünə yeni toxum səpilmişdi.
Ancaq bugünlərdə əldə etdiyimiz məlumata görə, şimallılar artıq “Bakı”nın bazasından kənarlaşdırılıb. Məhz bu səbəbdən “qırmızı-qaralar”ın ötən şənbə “Zirə” ilə planlaşdırılan yoxlama görüşü ADBTİA-nın meydanında baş tutub.
Mənbəmizin sözlərinə inansaq, “Qəbələ”nin Biləcəridəki bazadan qaçaq düşməsinin səbəbi obyektin qapılarının Vergilər Nazirliyinin əməkdaşları tərəfindən möhürlənməsidi. Mənbəmiz onu da bildirdi ki, artıq neçə vaxtdı baza başqa şəxslər tərəfindən tutulub, mühafizəsi gücləndirilib, əraziyə avtomobillə daxil olmaq istəyənlərdən xüsusi buraxılış vərəqi tələb olunur.
Məsələyə aydınlıq gətirmək üçün “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. Səbuhi bəy söylənilənləri təsdiqlədi: “Bir müddət əvvəl bizə bildirildi ki, qeyri-müəyyən vaxta kimi bazanın xidmətindən istifadə edə bilməyəcəyik və məşq etmək üçün özümüzə yeni məkan tapmalıyıq. Əslində bizə ayın sonuna kimi vaxt verilmişdi. Ancaq ötən həftə durum dəyişdi. Belədə məcbur olub “Zirə” ilə yoxlama matçını başqa stadionda keçirməli olduq. Qarşılaşmadan bir gün sonra futbolçulara istirahət verilmişdi. Bu gün (dünən) isə kollektiv fitnes zalında hazırlıq keçəcək. Hazırda məşq etmək üçün yeni stadion axtarışındayıq”.
Biləcəridəki bazadan qaçqın düşən “Qəbələ” böyük ehtimalla meydansız qalmayacaq və paytaxtdakı arenaların birinin xidmətindən istifadə edəcək. Bu məsələdə diqqəti çəkən məqam “Bakı”nın bazası ətrafında cərəyan edən hadisələrdi. Xatırlayırsızsa, avqustun son günlərində bazanın faktiki sahibi, iş adamı Hafiz Məmmədov 3 illik aradan sonra gözlənilmədən Biləcəriyə baş çəkmiş, meydanların durumu ilə tanış olmaqla yanaşı, ictimaiyyətə mesaj da göndərmişdi. İş adamı ətrafında olan şəxslərə “Bakı”nın yenidən böyük futbola qayıdacağını və bu istiqamətdə çalışdığını söyləmişdi. Məmmədov bazanın ona məxsus olduğunu, heç kimə güzəştə getməyəcəyini də vurğulamışdı.
Başverənlər barədə daha dolğun bilgi əldə etmək üçün paytxt klubunun vitse-prezidenti Yaşar Seyidovla əlaqə saxladıq. Ancaq Yaşar bəy gün ərzində zənglərimizə cavab vermədi.
RƏŞAD
P.S. Günün sonunda Yaşar bəy redaksiyamızla əlaqə saxlayıb, başverənlərə aydınlıq gətirdi. Onun sözlərinə görə, bəzi texniki çatışmazlıqlar üzündən bazanın fəaliyyətinə fasilə verilib. Artıq bu gündən bazadakı işlər əvvəlki qaydada davam edəcək. “Qəbələ” də yenidən məşqlərini burda keçəcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.