Ruslan Poladov “Uğur”, Cəmşid Məhərrəmov “Füzuli” ilə anlaşıb
İlk dəfə ötən mövsüm keçirilən Region Liqasına maraq ildən-ilə artır. Artıq liqada çıxış edən komandalar da turnirə ciddi yanaşır, təlim-məşq toplanışı keçir, heyəti gücləndirmək yolunda əməli tədbirlərə əl atırlar. Məsələn, ötən mövsümün çempionu olan “Sumqayıt” “Uğur”u 2018/19 “futbol ili”nin startı ərəfəsində “Xəzər Lənkəran”, “Sumqayıt”, “İnter” və başqa iddialı klubların şərəfini qorumuş Ruslan Poladovu rənglərinə bağlayıb. Birvaxtlar “Qarabağ” və “Bakı”dakı çıxışı ilə diqqəti çəkən, millinin də şərəfini qoruyan Cəmşid Məhərrəmov isə “Füzuli”nin uğurları üçün çalışacaq. Tanınmış futbolçuların Region Liqasına yollanması, heç şübhəsiz, azarkeşlərin də bu liqaya marağını artıracaq.
Bəs görəsən, liqa nə vaxt start götürəcək, iştirakçı komandaların sayı neçə olacaq? Bu və başqa suallara cavab tapmaq üçün Region Liqasının işçi qrupunun üzvü Yusif Vəliyevi aradıq. Yusif bəy əvvəlcə komandaların sayına və çempionatın keçirilmə formatına toxundu: “Ötən illə müqayisədə bu mövsüm Region Liqasında mübarizə aparmaq istəyən komandaların sayında artım var. Dəqiq sayı gələn həftənin ilk günlərində açıqlayacağıq. İndiki halda yalnız onu deyə bilərəm ki, 24 komandanın iştirak edəcəyi dəqiqləşib. Böyük ehtimalla onlara daha bir neçəsi qoşulacaq. Çempionatın formatında böyük dəyişiklik etmək fikrimiz yoxdu. Əvvəlki kimi komandalar zonalar üzrə qruplara bölünəcək. Say artımı olduğundan, ola bilsin, bəzi qruplarda komandaların sayı artsın və ya qruplar birləşsin. Qrup oyunlarının və dövrələrin sayını da gələn həftə müzakirə edib qərar verəcəyik”.
Ötən mövsüm liqada çıxış edən komandaların əksəriyyəti təmsil etdikləri rayonların İcra Hakimiyyətləri tərəfindən maliyyələşirdi ki, bu da çox vaxt istənilən səviyyədə olmurdu. Bəzən komandaya ayrılan vəsait vaxtında ünvana çatdırılmadığından komandalar oyunlara yollana bilmir, futbolçular qonorarları ala bilmədiklərindən meydana çıxmaqdan imtina edirdilər. Yusif bəy bizimlə söhbətdə bu məsələyə də münasibət bildirdi: “Qeyd etdiyiniz xoşagəlməz söz-söhbətin qarşısını almaq üçün tədbirlər görmüşük. Liqada çıxış etmək üçün bizə müraciət edən komandaların rəsmiləri ilə bir-bir görüşüb maliyyə dayaqları ilə maraqlanmışıq. Çempionatın gedişində bu cür problemlərlə üzləşməmək üçün işimizi ehtiyatlı gördük. Çox sevindirici haldı ki, yeni mövsümdə Region Liqasına qatılacaq kollektivlərin böyük hissəsinin ayrıca sponsoru var. Müxtəlif şirkətlər, kommersiya təşkilatları komandalara himayədarlıq edir. Ancaq bunu bütün komandalara şamil etmək mümkün deyil. İcra Hakimiyyətləri tərəfindən maliyyələşən kollektivlər də yeni mövsümdə liqada çıxış edəcək”.
Region Liqasının startı isə sentyabrın sonuna təsadüf edəcək. Bu bilgini də Vəliyevdən əldə etdik: “Yeni mövsümün startını sentyabrın son həftəsinə planlaşdırmışıq. Liqada iştirak edəcək komandaların stadionla bağlı çətinlikləri yoxdu. Komandalar bu məsələ ilə bağlı bizə heç müraciət etməyiblər. Özümüz də maraqlanırıq. Hətta iştirakçılara bildirmişik ki, bu yöndə hansısa çətinliklə üzləşsələr, müəyyən kömək göstərə bilərik”.
RƏŞAD