Avqustun 26-da “Neftçi”ylə çempionat oyunundan sonra fasiləyə buraxılan “Qarabağ”ın futbolçuları sentyabrın 4-də yenidən bir araya gəliblər. Təbii, buna bir araya gəlmək demək olarsa. “Köhlən atlar” çətin, eyni zamanda gülməli durumla üzləşib.
Belə ki, komandada, demək olar, futbolçu və məşqçi yoxdu. Böyük əksəriyyəti yığmalardadı, iki nəfər də zədəlidi. Təsəvvür edin, məşqçilər heyətində yer alan Qurban Qurbanov, Elçin Rəhmanov və Çudomir Çakarov hazırda əsas millini Kosovo və Malta ilə oyunlara hazırlaşdırır. Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov, Coşqun Diniyev, Mahir Mədətov, Qara Qarayev və Şahruddin Məhəmmədəliyev də həmin komandadadı. Ansi Aqolli Albaniya, Simeon Slavçev Bolqarıstan, Hannes Tur Halldorsson İslandiya, Vild-Donald Gerye Haiti, Con Delarj Konqo millilərinə cəlb olunub. Hələ bu harasıdı?! Kapitan Rəşad Sadıqov U-21-in baş məşqçisi kimi seçmə mərhələ oyunlarında iştirak edir. “Qarabağ”ın əsas komandasına cəlb olunan İsmayıl İbrahimli, Nicat Mehbalıyev və Hacıağa Hacılı isə Sadıqovun sərəncamındadı. Adı çəkilən 16 futbolçudan başqa daha iki nəfər zədəsinin müalicəsi ilə məşğuldu. Bunlar Dani Kintana ilə Miçeldi. Dani yaşıl meydanlara qayıtmaq üçün azı iki ay gözləməlidisə, Miçel fərdi çalışmalara başlayıb. Onun sentyabrın 15-də “Sumqayıt”la çempionat görüşünə qədər hazır olacağı gözlənilsə də, meydana çıxacağı inandırıcı deyil.
Bu qədər futbolçunun yoxluğunda “Qarabağ” cəmi 8 oyunçu ilə məşq edir. Bunlar Vaqner da Silva, Yakub Jezniçak, Abdulla Zubir, İnnosent Emeqara, Filip Ozobiç, Abbas Hüseynov, Araz Abdullayev və Rafael Məhərrəmlidi. Odu ki, fasilə dönəmində yoldaşlıq görüşü keçirmək mümkünsüzə çevrilib. Oyunun baş tutması üçün azı 15-16 oyunçu olmalıdı. Maraq üçün qeyd edək ki, “köhlən atlar” sentyabrın 12-dən etibarən tam kollektivlə məşqləri davam etdirəcək.
HƏBİB