Norveçli hakim bu yay ikinci dəfə təmsilçimizin oyununda iş başında oldu. Ola Hobber Nilsen “Qarabağ”ın Çempionlar Liqası çərçivəsində “Kukesi” ilə səfər matçını idarə etmişdi. Yeri gəlmişkən, referi həmin qarşılaşmada vərəqəyə ehtiyac duymamış, oyunda qol da qeydə alınmamışdı. Beləliklə, Nilsenin Qurban Qurbanov və millidəki “Qarabağ”lı futbolçularla ikinci dəfə yolu kəsişdi.
Norveçli hakim ilk dəqiqələrdən sərt oyuna imkan verməyə başladı. Mümkün qədər vərəqələrdən istifadə etməməyə çalışan referi qarşılaşma ərzində əlini cəmi 1 dəfə cibinə atdı. Yan xətt hakimlərinin isə işinin öhdəsindən gəldiyini demək olmaz. Düzdü, ilk yarıda iki epizodda kritik ofsayd qərarı ilə yadda qaldılar ki, hər iki laysman haqlı idi. Ancaq 54-cü dəqiqədə Mahir Mədətovun qapıçıyla təkbətək çıxdığı epizodda Tom Harald Qronevik yanlış olaraq, oyundankənar vəziyyət qeydə alındı. Halbuki futbolçumuz bir qədər geridəydi. Ümumiyyətlə, ikinci hissədəki hakimlik problemli idi. Hissənin ortalarında bir dəqiqə ərzində iki dəfə top cərimə meydançasında rəqibin əlinə dəydi. Birincidə Təmkinin ötürməsindən sonra top kosovolu futbolçunun əvvəl bədəninə, sonra əlinə dəydi, norveçli referi penalti vermədi. Standart vəziyyətdən sonra isə top bir anlıq rəqib müdafiəçinin əli ilə bədəninin arasında qaldı, nə Nilsen, nə də qapı arxasındakı hakim “nöqtə”ni göstərdi. Referinin qonaq futbolçuların tez-tez yerdə qalaraq “vaxtı öldürməyə” hesablanan hərəkətlərinə heç bir reaksiya verməməsi də maraqlı idi.
Sabiq hakim Ceyhun Haşımov norveçli hakimin işini yüksək qiymətləndirdi: “Hakim hər iki komandaya oynamağa imkan verirdi. Fitini mümkün qədər az səsləndirir, oyunun ritmini pozmur, özü də görünməməyə çalışırdı. 34-cü dəqiqədə bəlkə də başqa hakim olsaydı, Almeydanı yıxdıqları epizodda sarı verərdi. Amma Nilsen bir daha göstərdi ki, mübarizəli oyuna üstünlük verir və özünü “sığortalamır”. Cəmi bir sarı vərəqə göstərdi ki, həmin qərarı da düz idi. Ümumiyyətlə, hakimlər briqadası cəmi bir səhvə yol verdi. 53-cü dəqiqədə yığmamızın hücumu zamanı oyundankənar vəziyyət yox idi. Yəni onda da yan xətt hakimi səhv qərarla diqqəti çəkdi. Baş hakimin işini 8,4 balla qiymətləndirmək olar”.
MİRAĞA