Sizin reklam burada

Sərbəst güləşçilər DÇ-də çempionluğa köklənib

Müəllif: football Tarix: 10-09-2018, 13:33 806 Baxış
Sərbəst güləşçilər DÇ-də çempionluğa köklənib
Firdovsi Umudov: “Əvəzolunmaz məşqçi və idmançı yoxdu”
Dünən Olimpiya Güləş Mərkəzində sərbəst güləş yığmamızın və Bakıda hazırlıq keçən Türkiyə millisinin açıq məşqi baş tutdu. Güləşçilər isinmə hərəkətləri edərkən komandamızın baş məşqçisi, AGF-nin vitse-prezidenti Firdovsi Umudov toplanışın gedişi və qarşıdakı yarışlarla bağlı jurnalistlərin suallarını cavabladı.
- İlin əvvəlindən təlim-məşq toplanışları keçirik. Öncə Qazaxıstan yığması ilə birgə toplanış keçdik. Daha sonra Türkmənistan millisi ilə birgə hazırlığımız baş tutdu. Qazaxdakı toplanışda Kanada yığmasının bir neçə üzvü də bizə qoşulmuşdu. Sentyabrın ortalarında Belarusun paytaxtı Minskdə keçiriləcək Aleksandr Medvedin xatirə turnirində iştirak edəcəyik. Gələn ay isə bizi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq dünya çempionatı gözləyir. Hazırda Türkiyə yığmasıyla birgə toplanış keçirik. Bundan əvvəl isə Yaşar Doğunun xatirə turnirində iştirak etmək üçün İstanbula yollanmışdıq və orda da birgə hazırlığımız baş tutmuşdu. Məşqləri səylə davam etdiririk. Əsas məqsəd dünya çempionatında uğurlu çıxış etməkdi.
- Belarusdakı yarış üçün heyət bəllidi?
- Heyət məlumdu. Ancaq bir neçə çəki var ki, biz onları bir daha nəzərdən keçirəcəyik. Ondan sonra dünya çempionatına yollanacaq heyəti müəyyənləşdirəcəyik.
- Əsasən türkdilli ölkələrin komandalarıyla toplanış keçirsiz…
- Onlardan müraciət olur. Bizimlə birgə toplanışlarda iştirak edirlər. Dağıstandan da hazırlığımıza qoşulanlar olur.
- Güləşçilərimizdən zədəsi olanlar var?
- Şükürlər olsun ki, ümumilikdə vəziyyət yaxşıdı. Ciddi zədəsi olan yoxdu. Yalnız Toğrul Əsgərovun Türkiyə toplanışında köhnə zədəsində problem yarandı. Hazırda müalicəsini davam etdirir. Bərpa olunsa, qarşıdakı yarışlarda iştirak edəcək.
- Gələcək planlarla bağlı nə deyə bilərsiz?
- Bu yaxınlarda AGF-nin prezident əvəzi Namiq Əliyevlə söhbət etdik. Planlarla bağlı danışdıq. Əsas məqsədimiz yeniyetmə və gənclərə diqqət ayırmaqdı. Bu gün gənc güləşçilərimiz də əsas yığma ilə birgə toplanış keçirlər. Qoy, böyüklərdən ibarət millinin üzvləri rahatlaşmasın ki, əsas komandada yerlərini bərkidiblər. Elə deyil. Hər an heyətdə dəyişiklik baş verə bilər. Əsas məşqlərə diqqət yetirəcəyik. Kim hazırlıq prosesində özünü yaxşı göstərəcəksə, beynəlxalq turnirlərdə sözünü deyəcəksə, ona da yığmanın qapıları açılacaq. Gənclər özlərini yaxşı tərəfdən göstərir. İtaliyada keçirilən Avropa çempionatında 7 medal qazandılar. İndi dünya çempionatına hazırlaşırlar. Olimpiadaya cəmi 2 il qalıb. Ola bilər ki, həmin gənclərdən kimlərsə lisenziya turnirlərinə qatılsın. Bəzi çəkilərdə onları yoxlayacağıq. Bizim üçün ən əsas nizam-intizamdı. Əvəzolunmaz məşqçi və idmançı yoxdu. Nizam-intizam qaydalarına riayət etməyən yığmada yer almayacaq. Qarşıdakı yarışlarda da etimadı doğrultmağa çalışacağıq. Onu da qeyd edim ki, Göygöldə və Qazaxda toplanışlar keçməyimizdə məqsəd həm bölgələrdə güləşə marağı daha da artırmaq, həm də əcnəbi qonaqlara ölkəmizin inkişafını, gözəl, səfalı məkanlarını göstərməkdi.
Açıq məşq zamanı iki ölkənin titullu güləşçiləri də brifinqdə iştirak etdi.
Cəbrayıl Həsənov: “Sonuncu təlim-məşq toplanışımızı Türkiyə yığmasıyla birgə keçirik. Hazırlıq prosesi yaxşı keçir. Əsas hədəfimiz dünya çempionatıdı. Qardaş ölkənin güləşçiləri ilə birgə toplanış faydalıdı. Hər iki komanda üçün bu hazırlıq xeyir verir. Yarışlara yüksək səviyyədə hazırlaşmışıq. Mundialda maksimum nəticəyə imza atmağa çalışacağıq. Türkiyə yığmasında mənim çəkimdə olan güləşçi ilə Avropa çempionatında qarşılaşmışdım. Ümumiyyətlə, bütün rəqiblərimi diqqətlə izləyirəm ki, dünya çempionatında qalib gəlim”.
Hacı Əliyev: “Gördüyünüz kimi, hazırlığımız davam edir. Bu il ərzində 6, ya 7-ci təlim-məşq toplanışı keçirik. Bir neçə gün sonra Belarusa yollanacağıq. Orda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəyik. Ancaq əsas hədəfimiz oktyabrın axırlarında keçiriləcək dünya çempionatıdı. 4-cü dəfə dünya çempionu olmaq istəyirəm. Bu dəfə titul qazanmaq daha çətin olacaq. Çünki əvvəllər 61 kq-da iştirak edirdim. İndi isə 65 kq-da güləşirəm. Yeni, güclü rəqiblər var. Amma əlimdən gələni edəcəyəm ki, yenə dünyanın ən güclü güləşçisi olum. Bütün rus güləşçilər güclüdü. Lakin heç bir rəqibdən çəkinmirəm. İstənilən güləşçiylə qarşılaşmağa hazıram. Qalib gəlmək üçün əlimdən gələni edəcəyəm. Türkiyə ilə birgə təlim-məşq toplanışında fəndlərimi gizlətməyə çalışmıram. Onsuz da rəqiblər yarışlardakı görüntülərimi izləyir. Nəyisə gizlətməyə ehtiyac yoxdu. Əksinə məşqlərdə sevimli fəndlərimdən daha çox və daha sürətli istifadə etməyə çalışıram”.
Taha Akgül: “Bir neçə gündü Azərbaycan yığması ilə birgə təlim-məşq toplanışı keçirik. Macarıstanda baş tutacaq dünya çempionatına hazırlaşırıq. İki dövlət, bir millətik. 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının qalibi olanda hər iki ölkənin bayrağını dalğalandırmışdım. Hər şeyimiz birdi. Cəbrayıl Həsənov, Hacı Əliyev kimi qardaşlarımız, yığmanızın baş məşqçisi Firdovsi Umudov bizi çox yaxşı qarşıladı. Bizimlə yaxından maraqlanırlar. Sanki öz ölkəmizdəyik. Yenidən millinizi Türkiyədə gözləyirik. Tokio-2020-yə birlikdə hazırlaşacağıq. Cəmaləddin Məhəmmədov çox texnikalı güləşçidi. Onunla dəfələrlə qarşılaşmışıq. Bu dünya çempionatında da əsas rəqiblərimdən biri olacaq. Allah kimə nəsib edərsə, o da çempion olsun. Kim daha çox tərləyir, əziyyət çəkirsə, o da uğur qazanır”.
SƏRXAN
SON XƏBƏRLƏR