Sizin reklam burada

Nəriman Abdullayev boksdakı maliyyə problemlərini danmır

Müəllif: football Tarix: 9-09-2018, 01:37 648 Baxış
Nəriman Abdullayev boksdakı maliyyə problemlərini danmır
“Bir-iki aydı maaş almırıq”
Boksdakı maddi problemlərdən dəfələrlə yazmışıq. Ən son baş məşqçi Leonid Loivskinin gedişini xəbər vermişdik. Ancaq ukraynalı mütəxəssisin yığmamızın ayrılması federasiya tərəfindən ictimaiyyətə açıqlanmayıb. Halbuki aradan aylar keçib. Maliyyə çatışmazlığı artıq nəticələrə də təsir göstərir. Elə ötən ayın sonlarında Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 1 medalın belə qazanılmaması da mövcud problemlərdən xəbər verir.
Təşkilatçılıq baxımından da nöqsanların sayı artıb. Məsələn, iyulda Ukraynanın Odessa şəhərində keçirilən beynəlxalq turnirdə Lorenso Sotomayor (69 kq) və Kamran Şahsuvarlı (81 kq) gümüş medal qazandı. Ancaq onlar finalda uduzmadılar. Sadəcə, finala çıxmadılar və 2-ci yerlə kifayətləndilər. Buna səbəb final günündə artıq vətənə qayıtmaları idi. Bu və digər məsələlərlə bağlı danışmaq üçün yığmamızın böyük məşqçisi Nəriman Abdullayevlə danışdıq: “Ukraynadakı yarışdan sonra Çeçenistanın paytaxtı Qroznıda keçirilən turnirdə də təmsil olunduq. Ancaq həmin yarışa mən gedə bilmədim. Başqa məşqçilər getdi. Komandamız Qroznıda 1 qızıl və 2 bürünc medal qazandı. Odessadan isə bir gün tez qayıtdığımızdan finalçılarımız həlledici görüşlərə çıxa bilmədi. Bu məsələdə kimin səhvinin olduğunu bilmədim. Orda bir gün artıq qala bilərdik. Ancaq bunun xərcini kim ödəyəcəkdi? Həm də Lorensonun qaşında problem vardı. Döyüşdən-döyüşə zədəsi daha da ağırlaşırdı. Dörd qarşılaşma keçirmişdi. Bu, böyük yarış olmadığından onun 2 döyüşdə çıxış etməsi də məşqçi üçün kifayət edirdi. Beşinci döyüşə çıxmasına lüzum yox idi. Sotomayor artıq 64 kq-da yox, 69 kq-da döyüşür. Çəkisini artırıb. İlin sonuna qədər hansısa beynəlxalq yarış gözlənilmir. Ona görə də komandaya istirahət vermişik.
Bəli, Loivski artıq yığmadan gedib. Konkret nə vaxt yola salındığı yadımda deyil. Hansı səbəbdən millidən uzaqlaşdırıldığını da deyə bilmərəm. Baş məşqçi vəzifəsi boşdu. Hələ heç nə bilinmir.
Maliyyə məsələsinə də aydınlıq gəlməyib. Bir-iki aydı maaş almırıq. Ancaq fikrimcə, vəziyyət belə qalmayacaq, hər şey düzələcək”.
Təcrübəli mütəxəssis ölkə çempionatının noyabr-dekabr aylarında keçirilməsinin tərəfdarı olduğunu da diqqətimizə çatdırdı: “İlin əvvəlində ölkə çempionatının keçirilməsi doğru addım deyil. Bu yarış ya noyabrda, ya da dekabrda baş tutmalıdı. Hətta deyərdim ki, çempionat noyabra salınsa, daha yaxşı olar. Hər şey hazır olmalıdı, çempionatın nəticələrinə uyğun heyət müəyyənləşməlidi. Sonra buna uyğun yarış və təlim-məşq planı qurulmalıdı. Bunlar yazılıb, müvafiq yerlərə göndərilməlidi. Belə olmasa, sonra başqa problemlər ortaya çıxır. Bu üzdən ölkə çempionatını gecikdirmək olmaz”.
SƏRXAN
SON XƏBƏRLƏR