Rövnəq Abdullayev yeni meydanlarla tanış oldu
Ötən bazar baş tutan "Sabah"la yoxlama görüşündən sonra 1 günlük istirahətə buraxılan "Sumqayıt" 4-cü turda "Qarabağ"la keçiriləcək qarşılaşmanın hazırlığını davam etdirir. “Kimyaçılar” Nazim Süleymanovun rəhbərliyi altında hər gün saat 17.00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxır. Əsas milinin düşərgəsində olan Bəxtiyar Həsənalızadə, U-21-ə qoşulan Yusif Nəbiyev və Ülvi İsgəndərov hazırlıq prosesində iştirak etmir. Onlardan başqa, Elvin Məmmədov və Vurğun Hüseynov zədəli olduqları üçün fərdi məşqlə kifayətlənirlər. Zədəsini bərpa edən Rail Məlikov isə artıq komandaya qoşulub.
Premyer-liqada yaranan fasilədən maksimum yararlanmağa çalışan “gənclik şəhəri”nin təmsilçisi sabah daha bir yoxlama matçı keçirəcək. Klubun mətbuat katibi Rəşad Məmmədovdan aldığımız bilgiyə görə, “ağ-göylər”in budəfəki rəqibi birinci divizion təmsilçisi MOİK olacaq. Qarşılaşma bazar günü, saat 17.00-da “Mehdi Hüseynzadə”də baş tutacaq.
Yeri gəlmişkən onu da bildirək ki, dünən Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev “Azərikimya” İB-nin balansında olan "Sumqayıt"ın idman bazasında yeni meydanların inşası ilə tanış olub. Əvvəllər 1 süni örtüklü meydanın mövcud olduğu ərazidə hazırda AFFA-nın dəstəyi ilə 2 təbii, 1 süni örtüklü və 2 mini futbol meydanı inşa edilməkdədi. Görülən işlərlə yerində tanış olan Abdullayev müvafiq tövsiyə və tapşırıqlarını verib.
RƏŞAD