“Baş məşqçinin dedikləri yığmamızı “boşaltmağa” hesablanmış taktiki gedişdi”
Azərbaycan - İsrail görüşündən sonra U-21-in baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı təşkil olundu. Gənc mütəxəssis öncə qarşılaşma ilə bağlı fikirlərini səsləndirdi, daha sonra jurnalistlərin suallarını cavabladı: “Rəqib futbolçuların yüksək ustalıq keyfiyyətlərinə sahib olduqlarını bilirdik. Gördüyünüz kimi, bu gün güclü komandaya qarşı mübarizə apardıq. Olduqca çətin qrupda yer almışıq. Rəqibləri təhlil edəndən sonra daha yaxından tanıdım. Fikrimcə, bu gün daha yaxşı oynaya bilərdik. Futbolçuların bacarığı daha yaxşı oynamağa imkan verir. Sadəcə, mövsümün əvvəlidi deyə uşaqlar tam formada deyillər. Bu gün gördüyünüz israilli futbolçuların hamısı ölkələrinin elitasında top qovur. Ona görə də bizdən daha üstün görünürdülər. Məqsədimiz pressinq hesabına onların istəyinin qarşısını kəsmək idi. Vurduğumuz qol da pressinq sonrasında oldu. Təəssüf ki, sonrakı dəqiqələrdə lazımi qədər pressinq edə bilmədik. Fasilədən sonra əks-hücumlara çıxsaq da, qol vura bilmədik. Tam hazır olmasalar belə, uşaqlara minnətdarlığımı bildirirəm. Bu gün üçün pis nəticə deyil”.
- Hollandiyada top qovan və meydana sonradan çıxan Ziya Əzizovdan çox şey gözləyirdik. Lakin penaltini qaçırması bir yana, oyunu olduqca zəif keçirdi. Nə ilə bağlıdı?
- Bu gün təkcə Ziya yox, bir çox futbolçular oyun təcrübəsinin azlığından əziyyət çəkir. Həm də, potensiallarına inandığım oyunçulardı. Təlim-məşq toplanışlarına dəvət etməklə, bir neçə dəqiqə şans verməklə, fərdi söhbətlərlə psixoloji cəhətdən “sınmamalarına” çalışıram. Bəlkə yığmada oynamaqla klubda da şans qazanarlar. Oyundan əvvəl Ziyanın hazır olmadığını bilirdim. Cari mövsümdə 1 dəqiqə də olsun oynamayıb. Açığı, ikinci hissənin gedişində Fəridlə Barışı oyuna qoşub hücumları artırmaq istəyirdim. Amma mərkəzdə yer alan Budaqla İsmayılın yorulduğunu görüb fərqli addım atmalı oldum.
- Penaltini Ziya Əzizovun vurması öncədən planlaşdırılmışdı?
- Əslində topun başına Renat keçməliydi. Sadəcə, həmin epizodda zədələndi deyə, “nöqtə”yə yaxınlaşa bilmədi. Əslində Ziya da pis vurmur. Penalti elə bir şeydi ki, ulduz futbolçular da şanslarını boşa veriblər.
- Hesabın 1-ci dəqiqə başa çatmamış açılmasına yəqin ki, təəssüfləndiz. Hər halda, belədə rəqib daha aqressivləşdi, üstünüzə gəlməyə başladı.
- Bəli, dediyiniz fakt mənim də ağlıma gəldi. “Qolu bir az tez vurduq” deyə fikirləşdim. Rəqib favorit göstəriləndə hesabı ikinci yarının ortalarında, yaxud oyunun sonlarında açmaq daha sərfəli olur. Amma bu da pis deyil. Hesabı açandan sonra uşaqlarda özünəinam artmalıydı. Amma tam əksi oldu, həyəcanlanmağa başladılar. Çox sayda qayda pozuntularına yol verir, heç nədən top itirirdik.
- Sentyabrın 11-dəki rəqib Norveçdi. Futbolçulardan razı qaldığınızı nəzərə alsaq, eyni “11-liy”ə güvənəcəyinizi düşünmək olar?
- Dəyişikliklər olacaq. Futbolçularla söhbətim olacaq. Bəzi futbolçular yoruldular. Mövsümün əvvəlidi, ideal formada deyillər. Ona görə də yorğunluq başadüşüləndi. Həm də, taktiki baxımdan müəyyən dəyişikliklər etməliyik. Nörveç fərqli oyun üslubundan istifadə edir deyə, fərqli oynamağı düşünürük. Çox ciddi rəqibə qarşı oynayacağıq.
- Renatın zədəsi ciddidi?
- Qıcolmasının olduğunu bildirdi deyə, kənara çəkildi. Sadəcə, ağrılar vardı. Ciddi xəsarət olduğunu düşünmürəm.
- İlk hissəni izləyənlər arasında yığmanın üzvləri ilə Qurban Qurbanov da var idi. Əsas yığmanın baş məşqçisinin stadionda olmasını futbolçular üçün stimul hesab etmək olar?
- Qurban müəllimin diqqəti tək bu oyunla bağlı deyildi. Bəzən məşqlərimizi də canlı izləyir, U-21-in üzərində diqqəti var. Bir növ, gənclərə “sizə inanıram, gələcəyimiz sizlərsiz” mesajını verir. Əvvəl əsas milli ilə U-21 arasında diqqətlə bağlı uçurumlu dərəcədə fərq olurdu. Oyunlar izlənilsə də, yetərincə məlumat olmurdu. Bu gün fərqli vəziyyətdi. Hətta bu gün günorta Qurban müəllim mənə zəng vurub heyətlə bağlı maraqlandı. Yəni bu dərəcədə sıx əlaqəmiz var.
- Renat Dadaşovu sanki şallaq vura-vura oynadırdız. Üzündən də biganəlik yağırdı. Bu futbolçunun xarakteri düzəlməyəcək?
- Fikrinizlə qətiyyən razı deyiləm. Renat bu gün bacardığı qədər mübarizə apardı. İstəkli idi, hava toplarına qalxırdı, rəqiblərlə mübarizələrdən çəkinmirdi. Renatda ciddi dəyişiklik var. Məşqlərdə də istəkli olduğunu görürəm. Zamanla daha da düzələcək.
- Bu gün əsas yığma bir hissə də olsa, U-21-ə diqqət göstərdi. Eyni addımı sabah siz də atacaqsız?
- Mütləq. Sabah komanda şəklində Olimpiya stadionunda olacağıq.
- Siz də bir hissə izləyəcəksiz?
- (gülümsəyir) Xeyr, sona qədər orda olacağıq. Yığma üçün nə dərəcədə vacib oyun olduğunu bilirik. Odu ki, səbirsizliklə qarşılaşmanı gözləyirik. Fikir verirsizsə, rəqib artıq indidən taktiki gedişlərə əl atmağa başlayıb. Qrupda ən güclü heyətə sahib olduqları halda, baş məşqçiləri açıqlamalarında Kosovonu autsayder kimi qələmə verir. Sərəncamında Malta, Farer adaları, yaxud Azərbaycanın futbolçuları olsaydı, görəsən, necə danışardı? Baş məşqçinin dedikləri yığmamızı “boşaltmağ”a hesablanmış taktiki gedişdi. Qurban Qurbanov və futbolçularımız təcrübəlidi. Mütləq ki, onlar da bunun fərqindədi.
HƏBİB