Futbolçular müsbət nəticəyə ümid edir
Bakıya səfər ərəfəsində Kosovonun heyətində dəyişiklik edilib. Xorvatiya "Hayduk"unda forma geyən Ardian İsmaili əsas millidən ayrılaraq U-21-in heyətinə cəlb olunub. Onun əvəzinə "Bröndbü"dən (Danimarka) Besar Halimi əsas yığmaya qoşulub. Bu haqda Kosovo Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Bu arada Kosovonun baş məşqçisi Bernar Şalland sentyabrın 7-dəki oyuna yaxşı hazırlaşdıqlarını bildirib: “Mən və texniki heyət çox yaxşı hazırlaşmışıq. Yaxşı taktiki məşqlər etdik. Çox güclü və aqressiv rəqibimiz var. Biz yaxşı komandayıq və fiziki cəhətdən hazırıq. Mənim bütün diqqətim bu oyundadı. Qarşıda iki matçımız var və hər iki oyunda yaxşı formada olmalıyıq. Əlimizdən gələni edəcəyik”.
Yeri gəlmişkən, Kosovo millisinin futbolçuları da hazırlığı dəyərləndirib, yığmamızla oyun haqda danışıb.
Herolind Şala: “Bugünlərdə maksimum şəkildə hazırlıq keçdik. Yaxşı şərtlər meydana gəlmişdi. Bu əhval-ruhiyyə ilə oyuna köklənməyimiz yaxşı haldı. Nəticə vermək üçün hazırıq. Ümid edirəm ki, çox yaxşı nəticələrimiz olacaq”.
Merqim Voyvoda: “Hazırlaşdıq və Azərbaycanla matça tam köklənə bilərik. Əlbəttə, bizə asan olmayacaq. Amma qələbə üçün səfərə gedirik. Hər şey özümüzdən asılıdı”.
Samir Uykani: “İndi asan rəqib yoxdu. Toplanışda maksimum gücümüzü qoyduq. Azərbaycan sıradan rəqib deyil. Biz maksimum gücümüzlə oynayıb yeni səhifə yazmalıyıq. Keçmiş prezident Vokrri üçün oynayacağıq və motivasiyamız onun üçün qazanmaq olacaq”.
Bersant Çelina: “Qeyri-adi atmosfer olacağına inanıram. Futbolda hər şey mümkündü. Uğur istək və iradə tələb edir. Biz qələbəyə inanırıq. Mümkün qədər yaxşı başlamalıyıq”.