Yaşar Vahabzadə: "Qarabağ"ın Avroliqadakı uğuru da yığmaya müsbət təsir etməlidi”
Yığmanın Kosovo ilə oyununun önəmini hər kəs yaxşı dərk edir. Bu qarşılaşma Qurban Qurbanovun yetirmələrinin Millətlər Liqasındakı perspektivinə də ciddi mənada təsir edəcək. Odu ki, mütəxəssislərin də matç haqda fikirlərini öyrənməyi lazım bildik. Görəsən, onlar hansı komandanı favorit sayır? Yığmanın üstünlüyü nədən ibarətdi? Kosovonun güclü tərəfləri hansılardı?
Ayxan Abbasov: "Yığmanın Qurban Qurbanovun rəhbərliyi altında ilk rəsmi oyunudu. İlk matç həmişə çətin olur. Rəqibə gəlincə, bilirsiz ki, Kosovo son illərdə ən inkişaf etmiş yığmalardan biridi. Onların futbolçuları Avropa klublarında top qovan, tanınmış, adlı-sanlı komandaların akademiyalarından çıxan oyunçulardı. Bu baxımdan Kosovonun üstünlüyü var. Həyətindəki bir çox futbolçular yaxşı çempionatlarda çıxış edir. Bu da əlbəttə, üstünlükdü. "Qarabağ"ın Avroliqanın qrupuna düşməsinin yığmaya da müsbət mənada təsiri şübhə doğurmur. Komandada əhval-ruhiyyə yaxşıdı. "Qarabağ" qrup mərhələsinə vəsiqə qazana bilməsəydi, nə qədər olmasa, həm məşqçilərdə, həm də "Qarabağ"lı yığma üzvlərində ruh düşkünlüyü ola bilərdi. Amma yaxşı ki, təmsilçimiz qrup mərhələsinə çıxdı. İlk oyundu, hesab necə olur-olsun, ruhdan düşmək lazım deyil. Açılış turudu, hər cür nəticə qeydə alına bilər. Mən də ümid edirəm ki, öz meydanımızda qələbə qazanacağıq. Bununla belə, birinci oyunla hər şey həll olunmur. Qalib gəlməyəmiz o demək deyil ki, artıq qrupu ilk pillədə başa vurmağımız asan olacaq. Bir oyun hər şey demək deyil. Çünki rəqiblər də turnirə ciddi hazırlaşır. Doğrudu, qalan iki komanda kiçik ölkələri təmsil edir. Kimsə bu baxımdan rahat danışa bilər. Amma bütün komandalar Millətlər Liqasına köklənib. Fikrimcə, hər bir rəqib müqavimət göstərəcək. Odu ki, hər bir xal önəmlidi. İnşallah, bütün Azərbaycan xalqı millini dəstəkləyəcək. İnanırıq ki, bu asan yoldan AÇ-nin final mərhələsinə vəsiqə qazana bilərik. Uğurlar arzulayıram və yığmanın yaxşı nəticələr əldə edəcəyinə ümid edirəm".
Arif Əsədov: "Öncə onu deyim ki, Millətlər Liqası yığma üçün Avropa çempionatına çıxış imkanıdı. İlk hədəfimiz isə qrup qalibi olmaqla yarımfinala adlamaqdı. Millinin məqsədinə çatmaq şansı var. Rəqiblərimizə nəzər salsaq, ən ciddi komanda Kosovodu. Hansı ki, ilk turda bu yığma ilə qarşılaşacağıq. Bu baxımdan həmin oyundakı nəticə önəmlidi. Hər kəs yaxşı başlanğıc arzulayır. Kosovo da keçmiş Yuqoslaviya futbolunun ənənələrini davam etdirir. Yəni burdakı futbolçular Avropa klublarına səpələniblər. Millimizlə qarşılaşma üçün məhz bu cür futbolçular dəvət alıb. Yerli çempionatdan yalnız bir futbolçu çağırılıb. Bu baxımdan üstünlük onların tərəfindədi. Amma "Qarabağ"ın Avroliqanın qrupuna düşməsi bizim üçün müsbət haldı. Çünki yığmanın da əsasını bu klubun oyunçuları təşkil edir. Baş məşqçi haqda da eyni sözləri demək olar. Eyni fəlsəfə yəqin ki, millidə də tətbiq edilir. Bu mənada üstünlük bizdədi. Komanda şəklində onları üstələyə bilərik. Evdə oynayacağımıza görə bir addım öndəyik. Məncə, favorit özümüzük. Sadəcə, ilk oyunun həyəcanı yığmaya mane ola bilər. Xüsusən ilk dəqiqələrdə bu mümkündü. Komandamız bu problemi aşa bilsə, qələbə qazanmaq mümkündü. Necə ki, "Qarabağ" "Şerif"lə görüşdə bunu bacardı və erkən qolla matçın taleyini böyük ölçüdə həll etdi. Yığma da eyni ssenarini təkrarlaya bilər. Kosovonu məğlub etməklə qrupun taleyini həll etdiyimizi düşünməməliyik. Ən azı cavab oyunu var. Bundan başqa, digər komandalarla duellərdə də xal itirməməliyik. Əks halda, bu, bizə baha başa gələ bilər. Həmin yığmalarla matçlarda maksimum xal toplamalısan ki, Kosovo ilə şəxsi oyunlarda liderliyi təmin edəsən. Hər halda, start üçün Kosovo ilə evdəki qarşılaşmanın önəmi böyükdü. Burda itirilən xal müəyyən mənada şansımızı azalda bilər. Düşünmürəm ki, yoxlama oyunlarındakı nəticələr əsas götürülməlidi. Adından da göründüyü kimi, sınaq matçlarında müxtəlif futbolçular, taktiki gedişlər yoxlanılır. Qurban Qurbanov da bir sıra oyunçulara şans verdi, fərqli heyətləri yoxladı. Artıq elə optimal heyət seçilməlidi ki, səhv olmasın".
Yaşar Vahabzadə: "Əvvəla, yığmamıza uğurlar arzulayıram. Ümid edirəm ki, yaxşı oyun göstərib müsbət nəticə qazanacaqlar. Millətlər Liqasında ilk oyunumuzdu. Qələbə bizim üçün çox vacibdi. İnanıram ki, yığmada olan futbolçular bunun öhdəsindən gələcək. Düzdü, Kosovonun üzvləri Avropanın bir sıra klublarında top qovurlar. Ancaq bu hər şey demək deyil. Əsas komanda şəklində çıxış etməkdi. Evdə oynayırıq, azarkeş dəstəyi bizim tərəfimizdədi. Üstünlüyümüz bundadı. Komanda olaraq da artıq millimiz formalaşıb. Təbii, "Qarabağ"ın Avroliqadakı uğuru da yığmaya müsbət təsir etməlidi. Elə həmin klubun futbolçuları millinin əsasını təşkil edir. Qurban müəllim özü də ordadı. Avropadakı uğur milli üçün də ruh yüksəkliyidi, motivasiyadı. Hazırda Avropada bütün komandalar futbol oynamağı bacarır. Ona görə də hər qarşılaşmanın öz əhəmiyyəti var. Çalışıb Kosovo ilə matçda uğurlu nəticə əldə etmək lazımdı. Lakin bununla iş bitmir. Heç Malta ilə oyun da asan olmayacaq. Elə Farer adaları ilə matçla bağlı da eyni sözləri demək olar. Unutmayaq ki, Millətlər Liqası bütün komandalar üçün şansdı. Hamı fürsəti dəyərləndirib AÇ-yə getmək istəyəcək. Kosovonun baş məşqçisinin yığmamız haqda dediklərini oxudum. Bəlkə də o sözlərlə "başımızın altına yastıq qoymaq" istəyir. Aşağı-yuxarı eyni səviyyədə komandalardı və hamı çalışacaq ki, maksimum xal toplasın. Bu üzdən hansısa qələbədən sonra arxayınlaşmamaq, uğursuz nəticə zamanı isə ruhdan düşməmək lazımdı. O ki qaldı builki yoxlama oyunlarına, məncə, həmin nəticələrə fikir vermək lazım deyil. Çünki baş məşqçi sınaq matçlarında fərlqi futbolçulara, heyətə güvənirdi, onları yoxlayırdı. Buna görə də yoldaşlıq görüşləri ilə rəsmi matçları eyniləşdirmək olmaz".
FARİZ