“Ümid edirəm ki, Etibat Pirverdiyevin “Azərenerji”dən ayrılmasının “Şahdağ”a heç bir mənfi təsiri olmayacaq”
Ötən sayımızda Region Liqasında mübarizə aparacaq Qusar “Şahdağ”ının yeni mövsümdə rəqiblərini Siyəzəndə qəbul edəcəyini xəbər vermişdik. Onu da bildirmişdik ki, Şövkət Orduxanov adına Qusar şəhər stadionunda aparılan təmir işləri ilə bağlı “ağ-yaşıllar” bu addımı atmağa məcbur olub. Xatırladaq ki, Qusar stadionunda təmir işləri AZENCO tərəfindən aparılır. Adını qeyd etdiyimiz şirkət həm də “Şahdağ”ın sponsorudu və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin artıq sabiq prezidenti Etibar Pirverdiyevə bağlıdı.
Artıq bildiyiniz kimi, srağagün prezident İlham Əliyevin sərəncamı ilə Pirverdiyev tutduğu vəzifədən azad olunub. Əslən Qusardan olan Etibar bəy və onun qeyri-rəsmi rəhbəri olduğu AZENCO artıq neçə illərdi “Şahdağ”ın əsas sponsorudu. Çox maraqlıdı, Pirverdiyevin tutduğu vəzifədən uzaqlaşdırlması “Şahdağ”ın fəaliyyətinə necə təsir göstərəcək? Bu suala cavab tapmaq üçün Qusar təmsilçisinin baş məşqçisi Kamran Əlibabayevlə əlaqə saxladıq. Kamran bəy başverənlərə belə reaksiya verdi: “Ümid edirəm ki, Etibat Pirverdiyevin “Azərenerji”dən ayrılmasının “Şahdağ”a heç bir mənfi təsiri olmayacaq. Bir də ki, bizim komandanın sponsoru “Azərenerji” yox, AZENCO şirkətidi. Adını çəkdiyim şirkətin Etibar müəllimə aidiyyatının olub-olmadığı haqda isə məndə heç bir məlumat yoxdu. Biz əvvəlki qaydada çempionata hazırlaşırıq. Gündəlik məşqlərimiz davam edir. Bu il məqsədimiz Region Liqasının qalibi olmaqdı və klubun sponsoru bunun üçün komandaya hər cür şərait yaradıb. Stadionumuzda aparılan təmir işləri ilə bağlı ev oyunlarımızı Siyəzəndə keçirəcəyimizə baxmayaraq, qarşımıza qrup mərhələsini lider kimi başa vurmaq məqsədi qoyulub. Onu da bildirim ki, Qusar stadionunda təmir işləri davam edir və uzağı gələn ilin yayına kimi müasir standartlara cavab verən arenaya sahib olacağıq. Bu gün komandanın düşərgəsində perspektivli, gələcəyə ümid verən gənclər toplaşıb. Onların inkişafı üçün “Şahdağ”ın ayaqüstə qalması, iddialı rəqiblərlə başabaş mübarizə aparması vacib şərtdi. Bütün futbol ictimaiyyəti bilir ki, Qusar futbolu hər zaman ölkə futboluna istedadlı oyunçular bəxş edib. Biz dünənki, srağagünkü klub deyillik ki, bir günün içində tarixin yaddaşına köçək. Qusarda futbolun əsası ötən əsrdə qoyulub. 1956-cı ildə rayonun təmsilçisi respublika səviyyəli turnirlərə qatılıb. Tarixi ənənələri olan bölgə necə futbolsuz qala bilər?”
Ürəyi dolu olan Kamran bəy bizimlə söhbətdə “Şahdağ”ın aşağı yaş qruplarında görülən işlərdən də danışdı: “Bəzi səbəblərdən bir neçə il Qusarda uşaq futboluna diqqət ayrılmadı. Bunun da nəticəsi kimi əsas komandaya kənardan futbolçular dəvət olundu. Ancaq son bir ildə bu yöndə inkişaf var. Məhz AZENCO-nun sayəsində 6 yaş qrupu üzrə komandamız formalaşıb, məşqçilərə maaş ayrılıb. Həmin komandalar bu il AFFA-nın bayrağı altında keçiriləcək ölkə çempionatında iştirak edəcək. Onu da qeyd edim ki, klubun sponsoru əsas komanda ilə yanaşı, müxtəlif yaş qruplarına da xüsusi diqqət ayırır. Bütün uşaq komandaları top, inventar və forma ilə təchiz olunub, onların normal məşq etməsi üçün şərait yaradılıb. Bu işlərin qarşılığı kimi inanıram ki, yaxın 2-3 ildə müxtəlif yaş qrupu üzrə yığmalarda “Şahdağ”ın yetirmələrini görə biləcəyik. Düzdü, bu gün də yığmalarda əslən Qusardan olanlar var. Ancaq indiki halda onlar başqa klubların yetirmələri kimi təqdim olunur. Qusar futbolunun əvvəlki ad-sanını özünə qaytarmağa çalışırıq”.
RƏŞAD