Sizin reklam burada

Ratkeviç əldən verdiyi medala görə bir il özünə gələ bilməyib

Müəllif: football Tarix: 5-09-2018, 22:42 552 Baxış
Ratkeviç əldən verdiyi medala görə bir il özünə gələ bilməyib
“Evə gedib əşyalarımı götürməyə də imkan tapmadım”
2000-ci illərin ortalarında güləşdə əcnəbilərin “milliləşdirilməsinə” start verildi. Onlardan biri də Yuliya Ratkeviç idi. Belaruslu legioner yığmamızın heyətində dünya (2009) və Avropa (2011) çempionu olmaqla yanaşı, London Olimpiadasının bürünc medalçısı olub. Ratkeviç daha 4 mundialda 2 “gümüş” və “bürünc”ü boynundan asıb. Rio Olimpiadasından sonra karyerasını başa vuran Yuliya Belarus mətbuatına karyerasıyla bağlı danışıb.
Hər şey Ratkeviçin 2007-də Belarus yığmasına düşə bilməməsindən başlayıb. Ölkəsinin sərbəst güləş üzrə millisinin baş məşqçisi Anatoli Yermakın məsləhətiylə bir müddət uşaq məşqçisi işləyib: “Uşaqların valideynləri məndən niyə güləşmədiyimi soruşur və hələ gənc olduğumu deyirdilər. 4 gün hazırlaşıb, Belarus çempionatına qatılmağı planlaşdırırdım. Ancaq idman məmurlarının axmaq qadağasıyla üzləşdim. Onlar məni yarışa buraxmadılar. Çünki çempion olsaydım, məcbur qalıb məni yarışlara göndərməliydilər”.
Elə bu ərəfədə ona Bakıdan dəvət gəlib. Ondan Ukraynanın Odessa şəhərində keçirilən beynəlxalq turnirə qatılmağı xahiş ediblər: “Həmin yarışda 3-cü yeri tutdum. Onlar məni dərhal Azərbaycan millisinə götürdülər. Hətta evə gedib əşyalarımı götürməyə də imkan tapmadım. Həyat yoldaşıma zəng edib, ağlaya-ağlaya evə qayıtmayacağımı və məni Azərbaycana aparacaqlarını dedim. O isə “heç nə olmaz, ora get” cavabını verdi”.
Xanım pəhləvanın Azərbaycan adına ilk ciddi yarışı dünya çempionatı oldu. Ratkeviç 8-ci yeri tutmaqla Pekin Olimpiadasına vəsiqə qazandı. Ancaq analıq məzuniyyətinə çıxdığından Olimpiya Oyunlarını buraxmaq məcburiyyətində qaldı: “Buna görə təəssüflənmirdim. Övlad bütün medallardan üstündü. Əvəzində London Olimpiadasında bürünc medal qazandım”.
Ölkəmizə Olimpiada və Avropa çempionatında 1, dünya birinciliyində 5 medal qazandıran Yuliya 2013-cü ildə Kazanda keçirilən Universiadanın qalibi olub. Ratkeviç yığmamızın heyətində başqa yarışlarda onlarla medal qazanıb. Sözsüz, Yuliya üçün bunlardan ən dəyərlisi 2009-da Danimarkada əldə etdiyi dünya çempionluğudu: “Bu, mənim ilk ciddi uğurum idi. Bu yarışa 4 ay hazırlaşmışdım. Ana olduqdan sonra mundialın məşqlərinə başlamışdım. Heç kim məndən belə nəticə gözləmirdi. Haqqımda heç kim eşitməmişdi. Ratkeviç kimdi? Hamı Azərbaycanın cəmi bir mərhələ üçün DÇ-də mübarizə apardığını düşünürdü. Ancaq biz kubok qazandıq. İlk dəfə 60 kq-da dünya çempionu olan qeyri-yapon idim. Hələ ki bu mənada yeganə güləşçiyəm. Danimarkada komandamız 2 qızıl və 1 gümüş medal qazandı. O zaman yığmada gözəl ab-hava var idi. Heç bir münaqişədən söhbət gedə bilməzdi. Komandada birlik vardı. Məşqçimiz Orest Skobelski çox yaxşı mütəxəssis idi. Ancaq onun gedişindən sonra komandadaxili ab-hava, münasibətlər pozuldu. Belədə uşaqlıq məşqçim Vasiliya Krezonu köməyə çağırdım. O, cüdodan gəlmişdi. O zaman sinif yoldaşlarımla birgə Mixail Şabetanın rəhbərliyi altında cüdoyla məşğul olurduq. Daha sonra güləşə keçdik. Biz Mişa dayıya xəyanət etdiyimizi düşünürdük. Ancaq o bizi buna məcbur elədi. London Olimpiadasına Minskin Kalinovskovo küçəsində yerli yunan-Roma güləşçiləriylə birgə hazırlaşdım. Ukraynada da təlim-məşq toplanışı oldu. 2011-ci ildə isə hamımızı Bakıya apardılar və biz 1 il orda yaşadıq. Qalan müddətdə Minskdə hazırlıq keçmişəm”.
2010-dan etibarən Ratkeviç belaruslu məşqçi, masajçı və psixoloqla çalışır. Məhz belə sərbəstlik yüksək nəticələrin qazanılmasına imkan verir: “Başqa ölkədə belə alınmazdı. Çünki burda özüm üçün hazırlaşırdım. Bütün planlaşdırma, məşqçinin işinə görə ödəmə məndə idi. Harda güləşib-güləşməyəcəyimə mən qərar verirdim. Bəli, bütün yarışlara qatılmaq lazımdı. Əlbəttə, Azərbaycandan bizə turnirlərə qatılmaq və nəticə vermək üçün təzyiq olurdu. Ancaq biz robot deyildik. Hardasa uduzub, yenidən yüksəlməliydik”.
Ratkeviçin fikrincə, şəxsi məşqçisi Krezo Rioya yollansaydı, həmin Olimpiadada da medal qazana bilərdi. Yuliya onun bütün xərclərini ödməyə hazır idi. Ancaq belaruslu mütəxəssis yığmanın tərkibinə salınmadı. Nəticədə Ratkeviç medalın biraddımlığında qaldı: “İlk iki-üç görüş heç də pis alınmadı. Kolumbiyalı güləşçiylə görüşdən sonra artıq 3-cü yeri tutacağımı düşünürdüm. Ancaq arxayınlaşmaq olmazdı. Məşqçi “arxayınlaşmaq olmaz, sən hələ medal qazanmamısan” deməliydi. Ancaq yanımda məşqçi yox idi. Sona 15 saniyə qalmış medalı əldən verdim. Çox pis oldum. Həmin gecə yata bilmədim. Elə stress yaşadım ki, təxminən bir il bunun təsirindən çıxa bilmədim”.
Bürünc medal uğrunda görüşdə məğlubiyyət elə sarsıdıcı oldu ki, Ratkeviç karyerasını bitirmək və evə qayıtmaq qərarını verdi. Bundan sonra Belarusu ancaq qeyri-olimpiya növlərində təmsil edə bilərdi. O, ölkəsinə ancaq məşqçi kimi kömək edə bilər: “Mənə uşaqlardan ibarət kiçik qrup verdilər. Ancaq onlarla işləmək mənə maraqlı gəlmir. İdmançıları tanıyıram, 15 top səviyyəli güləşçinin adı siyahımda var. İdmançını necə hazırlaşdırmağı, onu yüksək səviyyəyə necə çatdırmağı çox yaxşı bilirəm. Bloknotumu açıram və kimə qarşı nə vaxt nəyi necə etməyi deyirəm”.
SON XƏBƏRLƏR