Qazaxıstanın “Astana” klubunun prezidenti Sayan Hamitcanov komandanın ukraynalı baş məşqçisi Roman Qriqorçukun gələcək taleyi ilə bağlı açıqlama verib. Paytaxt təmsilçisinin başqanı təcrübəli mütəxəssisin şəxsi məsələlərini həll edərək, komandaya qayıdacağını gözlədiklərini söyləyib. Hamitcanov “Astana”nı müvəqqəti tərk edən 53 yaşlı çalışdırıcı ilə birdəfəlik yolları ayırdıqları ilə bağlı yayılan xəbərləri təkzib edib: “Bütün bunlar boş söhbətlərdi. Hər hansı bir dəyişiklik olsa, bununla bağlı azarkeşlərimizə məlumat verəcəyik. Onlara demək istəyirəm ki, yalnız rəsmi xəbərlərə inansınlar”.
Qeyd edək ki, "Qəbələ"nin sabiq çalışdırıcısı olan Roman Qriqorçuk bir müddət öncə “Astana”dan ayrılıb. Hazırda isə onun adı Kiyev "Dinamo"sunun baş məşqçisi postuna namizədlər sırasında göstərilir. Bir neçə gündü yığmamızın düşərgəsində olan Riçard Almeydanın şərəfini qoruduğu komandanın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığını da xatırladaq.