
“Qəbələ” MOİK-i meydana çıxmağına peşman etdi
Premyer-liqada yaranan fasilədən yararlanan “Qəbələ” dünən yoldaşlıq oyunu keçirib. “Qırmızı-qaralar”ın rəqibi birinci divizion təmsilçisi MOİK olub. Qarşılaşma “Bakı”nın Biləcəridəki təlim-məşq bazasında baş tutub. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda matça bu “11-lik”lə başlayıb: Aqil Məmmədov, Abbas Ağazadə, Faiq Hacıyev, Elvin Camalov, Roman Hüseynov, Voislav Stankoviç, Rasim Ramaldanov, Ceyms Adeniyi, Stiven Jözef-Monroz, Əli Sadıxov, Samir Qurbanov.
Birinci divizion təmsilçisi ilə görüş şimallıların üstünlüyü şəraitində keçib. Buna baxmayaraq, “hərbçilər” bir müddət müdafiədə etibarlı oyun sərgiləyiblər. Ancaq 35-ci dəqiqədə elita təmsilçisinin hücumları bəhrə verib. Ceyms Adeniyi Azər Bağırovun baş məşqçisi olduğu komandanın qapısına yol tapıb. Bu qoldan üç dəqiqə sonra, daha dəqiq desək, 38-ci dəqiqədə Əli Sadıxov Sənan Qurbanovun rəhbərlik etdiyi komandanın ikinci qolunun müəllidi olub – 2:0.
Fasilədə və ikinci hissənin gedişində komandalar bir neçə oyunçu dəyişikliyi gerçəkləşdirib. “Qəbələ”də U-19 komandasının üzvlərindən Rüstəm Nuriyev, İdris İnqilablı və Vüsal Məsimov meydana çıxıb. Fasilədən sonra “qırmızı-qaralar” daha iki qol vurub. Stiven Jozef-Monroz fasilədən az sonra fərqi artırıb – 3:0. Hissənin ortalarında isə Samir Qurbanov 4-cü topu “hərbçilər”in qapısından keçirib. Beləliklə, “Qəbələ” MOİK üzərində 4:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “qırmızı-qaralar” növbəti yoxlama matçında “Zirə” ilə qarşılaşacaq. Bu oyun da sentyabrın 8-də “Bakı”nın bazasında baş tutacaq.
RƏŞAD