Sizin reklam burada

Azərbaycanlılar Türkiyənin ikinci liqasından klub alıb

Title
Azərbaycanlılar Türkiyənin ikinci liqasından klub alıb
Əfqan Talıbov “Darıca Gənclərbirliyi”ndə çalışacaq
Bir müddət öncə “Xan Lənkəran”ın sabiq idarə heyətinin üzvlərinin Türkiyədə aşağı dəstə təmsilçilərindən birinə sahibləndiyini xəbər vermişdik. Sabiq həmkarımız Rəsul Şükürsoy həmin klubunun adını təhvil-təslim işləri başa çatandan sonra açıqlayacağını bildirmişdi. Artıq bu klubun adı məlumdu. Söhbət Türkiyənin 2-ci liqasının “Qırmızı” qrupunda mübarizə aparan “Darıca Gənclərbirliyi”ndən gedir. 1934-cü ildə əsası qoyulan Kocaeli klubu ötən mövsüm 10 illik fasilədən sonra 2-ci liqaya yüksəlib. 2610 yerlik stadiona malik “Darıca Gənclərbirliyi”nə yeni baş məşqçi gətirilib. Bu, “Trabzonspor”un U-19 komandasını çalışdıran Abdulkadir Aslandı. Ötən həftə 2-ci liqada yeni mövsümə start verilib. “Sarı-yaşıllar” ilk turda evdə “Tokatspor”la qolsuz heç-heçə edib. Maraqlıdı ki, “Darıca Gənclərbirliyi”nin “vikipedia” səhifəsinin Azərbaycan versiyasında 5 milyon türk lirəsi qarşılığında həmyerlilərimizə satıldığı yazılıb.
Bu və başqa suallara aydınlıq gətirmək üçün Rəsul Şükürsoyla əlaqə saxladıq: “Vikipedia” səhifəsində yanlışlığa yol verilib. Əslində daha çox məbləğdən söhbət gedir. Bazar günü “Tokatspor”la ilk rəsmi oyunumuzu keçirdik. Önümüzdəki layihələrlə bağlı daha ətraflı məlumatı bir həftəyə, 10 günə - klubun konfransı keçirildikdən sonra verə bilərəm. Vəzifələrimiz hələ rəsmən təsdiqlənmədiyindən “Darıca Gənclərbirliyi” rəsmisi kimi danışa bilmərəm. Çünki imzalanmış protokola əsasən klub adından açıqlama vermək hüququm yoxdu. Hələ də təhvil-təslim, sənədləşmə prosesi gedir. Klubun alınmasında Rusiyadan olan iş adamı, dostumuz da iştirak edir. Hazırda o da Türkiyədədi. İlk oyunu birgə izlədik. Gələcəkdə atacağımız addımlarla bağlı ətraflı məlumatı konfransdan sonra verə bilərəm. Komanda və klubla bağlı işlərimizi aparırıq. Ölkəmizdən mütəxəssislər dəvət etməyi də planlaşdırırıq. Əfqan Talıbovu baş əlaqələndirici vəzifəsinə gətirməyi düşünürük. Akademiyaya da bir neçə azərbaycanlı mütəxəssis dəvət edəcəyik ki, onlar da məşqçi kimi püxtələşsinlər. Həm də təcrübə paylaşımı olsun. Nəzərə almaq lazımdı ki, biz hazır komandanı götürmüşük. Qarşıdakı müddətdə komandanın daha da təkmilləşdirilməsi və balanslaşdırılması işlərini həyata keçirəcəyik. Ancaq hazırda azərbaycanlı futbolçuların komandamıza cəlb olunması mümkün deyil. Çünki qaydalara görə, Türkiyənin 2-ci liqasında legioner oynaya bilməz. Sonda qeyd edim ki, bu mövsüm qarşımıza ilk “5-lik”də yer almağı hədəf qoymuşuq”.
SƏRXAN
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.