XİN də məsələyə qarışdı
“Qarabağ”ın Avroliqanın qrupuna vəsiqə əldə etməsi ötən həftənin hadisəsinə çevrildi. Ardınca finalı gələn ilin mayında Bakıda keçiriləcək bu turnirin püşkü atıldı, təmsilçimizin rəqibləri də müəyyənləşdi. Ancaq elə cümə günündən etibarən bir həssas sual səslənməkdədi: “Arsenal”ın erməni hücumçusu Henrix Mxitaryan Azərbaycana gələcəkmi?
Azərbaycan dəfələrlə idman yarışlarına evşahibliyi edib. Dünya ictimaiyyəti yarışların təşkilinə yüksək qiymət verib. Ölkəmizdə keçirilən idman yarışlarında başqa xalqların təmsilçiləri ilə yanaşı, ərazimizin 20 faizini işğal edən Ermənistanın və eyni zamanda digər dövlətlərin milliyyətcə erməni olan idmançıları iştirak edib. Azərbaycan beynəlxalq idman prinsiplərini əldə rəhbər tutaraq, üzərinə düşən öhdəliyi yerinə yetirib, onların bura gəlməsinə şərait yaradıb, təhlükəsizliyini təmin edib. Ancaq Azərbaycanın ərazi bütövlüyünə, bayrağına hörmət etməyən hər hansı şəxs dövlətimiz tərəfindən “arzuolunmaz şəxs” elan edilir, adı “qara siyahı”ya salınır.
Mxitaryan belə şəxslərdəndi. 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyinə görə ölkəmizə girişinə qadağa qoyulub. Təkzibedilməz faktlara görə, daha doğrusu, Henrix özü həm erməni, həm də beynəlxalq idman mətbuatına verdiyi müsahibələrdə dəfələrlə Dağlıq Qarabağda olduğunu, separatçılara maddi və mənəvi dəstək verdiyini və erməni olaraq bundan qürur duyduğunu açıqlayıb. Belədə diplomatik vasitə işə düşməli deyilmi? Düşməlidi! Ancaq maraqlıdı ki, 2015-ci ildə də Dortmund “Borussiya”sının heyətində “Qəbələ”yə rəqib olan və Bakıya gəlişi müzakirəyə çevrilən hücumçuya rəsmi qadağa qoyulmamışdı. Sadəcə, almanlara üstüörtülü şəkildə çatdırılmışdı ki, təhlükəsizlik baxımından bu məsləhət deyil. Sonradan Mxitaryan özü bu barədə belə demişdi: "Mən Bakıya gəlmək istəyirdim. Amma təhlükəsizliklə bağlı suallar var idi. Buna görə də yekun qərar belə oldu ki, Bakıya getməyim”.
Məsələ burasındadı ki, "Qarabağ"a iki erməni futbolçu rəqib olub. Ukrayna "Vorskla"sının heyətində də Geqam Kadimyan var. Mxtitaryanla millidə komanda yoldaşı olan 26 yaşlı Kadimyanın “Qarabağ qadağası” olmasa da, onun da Bakıdakı oyuna gətiriləcəyi gözlənilmir. Çünki əcnəbi klublar avrokuboklarda Azərbaycan təmsilçiləriylə rəqib olanda heyətindəki erməni futbolçuları bura gətirməyi məqsədəuyğun saymırlar. Necə ki, elə bu yay “Qəbələ”nin rəqibi olan “Proqres”də çıxış edən Aleksandr Karapetyan oxşar durumla üzləşmiş, lüksemburqlular Gürcüstan doğumlu, Almaniya, Ermənistan və Gürcüstan vətəndaşlığı daşıyan futbolçunu Bakıya gətirməkdən ehtiyatlanmışdı.
“Arsenal”ın baş məşqçisi Unay Emeri Mxitaryanın Bakıya gətirilib-gətirilməyəcəyi ilə bağlı məsələyə münasibət bildirib. İspan mütəxəssis yetirməsini “Qarabağ”la oktyabrın 4-də baş tutacaq oyuna gətirmək istədiklərini söyləyib: “Əlbəttə, Mxitaryanın bizimlə Bakıya getməsini istərdim. Amma bu, bir az problemli məsələdi. Həllini tapsa, daha yaxşı olardı. Hələ ki bu haqda Henrixin özü ilə danışmamışam”.
London klubunun mətbuat xidməti də bu barədə qısa açıqlama verib: “Bu barədə hələ ki heç bir müzakirə olmayıb. Qərar verilməyib. Gedə də bilər, getməyə də”.
Bu nə deməkdi? Sözsüz ki, “gedə də bilər, getməyə də” sözünün arxasında “idman siyasətə qarışmır” yanaşması durur. Doğrudu, Azərbaycan AL-in finalına evsahibliyinə iddia edəndə müəyyən öhdəlik götürüb. Deyək ki, Mxitaryan “Qarabağ”a görə Bakıya gəlmir, “Arsenal” finala çıxıb və bu səbəbdən London klubu viza tələb edir. O halda da bizimkilər ona “stop” tətbiq edəcək? Tam əminliklə fikir bildirmək olmur, çünki atəşkəs dövründə Azərbaycana onlarla, yüzlərlə erməni (aralarında siyasətçi, hərbçi, musiqiçi, idmançı da olub) ayaq basıb. Hətta bunlardan bir çoxu ilə bağlı cəmiyyətdə açıq qıcıq əks-səda verib. Ancaq burda söhbət dövlətin açıq mövqeyindən gedir: arzuolunmaz şəxs elan olunubsa, gələ bilməz! Azərbaycan hətta bu yaxınlarda ölkəmizə səfər edən Almaniya kansleri Angela Merkelin nümayəndə heyətinə salınan, ancaq məhz Qarabağa səfər etdiyinə görə qarşısında qırmızı işıq yandırılan alman deputatın adını siyahıdan çıxarmağa müvəffəq oldu. Kadimyana yaşıl işıq yandırılsa, Mxitaryan isə Azərbaycana buraxılmasa, bu, “arzuolunmaz şəxs” qadağası ilə əsaslandırılacaq. Yox, hər ikisinin ölkəyə girişinə əngəl yaradılsa, deməli, bizimkilər başqa idman növləri ilə müqayisədə futbola fərq qoyur, geniş audutoriyada təhlükəsizliyə zəmanət verməkdən çəkinir. Yaşayıb görəcəyik!
Artıq Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yenidən məsələyə münasibət bildirməli olub. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev verdiyi açıqlamada belə deyib: “Biz futbol proseslərini qabaqlamaq istəməzdik. Sözügedən komandaların tərkibi ilə bağlı məlumat daxil olduqdan sonra məsələyə baxılıb, konkret münasibət bildirilə bilər”.
XİN sözçüsü deyib ki, Azərbaycan idman ölkəsidi və ölkəmizdə keçirilən beynəlxalq səviyyəli idman yarışlarında Ermənistan vətəndaşlarının, o cümlədən digər ölkələrin erməni əsilli vətəndaşlarının iştirakı dəfələrlə baş tutub: “Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər isə sırf hüquqi məsələdi”.
MİRAĞA