Sizin reklam burada

“Qarabağ” Avroliqanın finalçısının bacarmadığını edib

Title
“Qarabağ” Avroliqanın finalçısının bacarmadığını edib
“Dnepr”, “Dinamo” və “Lokomotiv” üçün gözdağı
Son 5 ilin ölkə çempionu olan “Qarabağ” o vaxtdan bu yana avrokubok mövsümlərində də uğurlu təsir bağışlayır. 2014-ün yayından bu yana 4-cü dəfə Avroliqanın qrupunda oynamaq imkanı yaxalayan ağdamlılar ötən payız da Çempionlar Liqasının qrupunda çıxış etmişdi. Bir sözlə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ardıcıl 5-ci ildi ölkə futbolsevərlərinə qrup həyəcanı yaşadır. Halbuki vaxtilə pley-offa yüksəlməyin özü belə yuxu kimi görünürdü.
Maraqlıdı, postsovet məkanında məlum göstəriciyə imza atmış neçə belə komanda var? Rusiya və Ukrayna nəhəngləri, Belarus və Qazaxıstan komandaları, Latviya, Litva, Moldova, Estoniya, hətta qonşu Gürcüstan və bədnam qonşumuz Ermənistanın təmsilçilərindən neçəsi “Qarabağ”ın etdiyini bacarıb?
Rusiya
Uzun sürən araşdırmalardan sonra məlum oldu ki, bu göstəricidə “Qarabağ”a tay tutulması mümkün 4 komandaları var: “Spartak”, “Zenit” ÇSKA və “Rubin”. “Ağ-qırmızılar”ın durumu bəllidi. Ən yaxşı dövrləri 1990-larda və 2000-lərin əvvəlində olub. Məhz həmin dönəmdə yığılan reytinq xalları hesabına bir neçə dəfə birbaşa qrupda çıxış ediblər. “Zenit”lə ÇSKA-nı isə müasir Rusiya futbolunun fəxri adlandırmaq olar. Avroliqanın kubokunu başı üzərinə qaldıran bu iki komanda haqda əlavə şərhə ehtiyax yoxdu. Qrup mərhələsinin “daimi sakini” sayılırlar. Hə, bir də vaxtilə Avropada uğurlu nəticələri ilə yadda qalan “Rubin” var. Lakin siyahıda Moskvanın digər nəhəngləri – “Lokomotiv”lə “Dinamo”nun adı yoxdu. Çünki heç biri ardıcıl 5 dəfə qrupda oynaya bilməyib.
Ukrayna
Ölkənin adıyla tanış olan kimi məlum durumdan da xəbərdar olmağınız normaldı. Uşaqdan-böyüyə hamı bilir ki, ukraynalıların Avropada üz ağardan iki təmsilçisi var – “Dinamo” və “Şaxtyor”. Məhz bu iki komanda vaxtilə yığdıqları reytinq xalları hesabına qrup mərhələsinə birbaşa, ya da pley-offdan vəsiqə qazanmağı bacarırlar. Vaxtilə adından söz etdirən iki komandanı da yəqin ki, unutmamısız: “Dnepr” və “Metallist”. “Dnepr” 2014/15 mövsümündə, yəni “Qarabağ”la eyni qrupda yer alanda Avroliqanın finalına qədər irəliləyib, yekunda “Sevilya”ya məğlub olmuşdu. Lakin heç vaxt ardıcıl 5 dəfə qrup həyəcanı yaşaya bilməyib. Miron Markeviçin baş məşqçiliyi dövründə xarüqələr yaradan “Metallist” də onun kimi.
Belarus
Ölkəsində özünə rəqib tapmayan, kubok və çempionluqları bayram edən BATE Belarusun avrokuboklardakı arxa-dayağıdı. Bu ölkənin futbol ictimaiyyəti “sarılar”ı ortaya qoyub, başına fırlanmalıdı. Çempionatı yox vəziyyətində olan ölkənin təmsilçisi az qala hər il avrokubokların qrup mərhələsinə vəsiqə qazanır. 9-cu dəfə qrup hədəfinə çatan borisovlular bunlardan 5-ni ardıcıl gerçəkləşdirib. BATE 2008-in yayından 2012-in yayına qədər olan müddətdə azarkeşlərinə hər il qrup sevinci bəxş edib.
Qazaxıstan
Eyni uğura (bəli, Azərbaycan kimi ölkələr üçün uğurdu – H.) “Astana” da imza ata bilər(di). Avrokuboklarda iştirak imkanını 2013-ün yayında yaxalayan qazaxlar 2014-də Avroliqanın pley-offunda “Vilyareal”a ümumi hesabda 0:7 məğlub olmasaydı, bu gün öyünənlər arasında onların da adı var idi. Buna baxmayaraq, 2015-dən bu yana hər il, yəni ardıcıl 4 dəfə (1-i Çempionlar Liqası olmaqla) qrupun nə olduğunu görüblər.
Ermənistan, Gürcüstan və başqaları...
Bu ölkələrin üzdə olan təmsilçiləri də “Qarabağ”a həsədlə baxmağa məcburdular. Nə “Şerif”, nə “Skonto”, nə Tiflis “Dinamo”su, nə “Alaşkert”, nə “Ekranas”, nə də “Levadiya” “köhlən atlar”ın göstəricisinə yaxın düşə biləcək nəticəyə imza atmağı bacarıb.
Statistik göstəricilərdən də göründüyü kimi, son illərin dəyişməz çempionu keçmiş SSRİ ölkələrinin təmsilçiləri arasında yalnız “Spartak”, ÇSKA, “Rubin”, “Şaxtyor” və Kiyev “Dinamo”sunun etdiyini bacarmayıb. BATE və “Rubin”lə ardıcıl “5-lər” bərabərdi. Əvəzində “köhlən atlar” “Astana” və “Şerif” kimi imkanlıları geridə qoymağı bacarıb, “Dnepr”, “Lokomotiv”, Moskva “Dinamo”su kimi milyonçular üçün gözdağıdı.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.