Sizin reklam burada

Qurban Qurbanovdan məcburi qərar

Title
Qurban Qurbanovdan məcburi qərar
Araz “9”u geyib, qrupda oynaya biləcək
Ötən mövsüm “Anortosis”in uğurları üçün tər tökən Araz Abdullayevin karyerasını “Qarabağ”da davam etdirəcəyindən xəbərdarsız. Vaxtilə etdiyi intizamsızlıqlar və çıxardığı hoqqalar ilə adı gündəmdən düşməyən 26 yaşlı futbolçu “Panionios”dan da məhz bu səbəbdən uzaqlaşdırıldı. Daha doğrusu, yunanlarla müqavilə bağladığını klubdan əvvəl “instaqram” səhifəsində paylaşdığı üçün rəhbərliyin təpkisi ilə üzləşdi və çıxış yolunu Bakıya qaçmaqda gördü. Qısası, Araz Abdullayev olduğunu növbəti dəfə isbatladı.
Əslində Arazın hansı xüsusiyyətlərə sahib olmasından Qurban Qurbanov da xəbərdardı. Hətta bizim, sizin bilmədiklərin(m)izi də o bilir. Amma vəziyyət çətindi, çıxış yolu yoxdu. AFFA rəhbərliyinin inkişafından bəh-bəhlə danışdığı ölkə futbolunda Araz səviyyəsində, bacarığında iki-üç düz-əməlli futbolçu yoxdu. Yəni cinahda oynaya biləcək solaxay, qapıya dəqiqə zərbələr vura bilən, sürətli və texnikalı biri. Odu ki, Qurbanov yığmanın rəzil duruma düşməməsi üçün Abdullayevin “Qarabağ”da peyda olmasına razılıq verdi. Belə olmasaydı, klubsuz qaldığı iki aydı bilinən yarımmüdafiəçi ilə vaxtında razılıq əldə olunardı. Və belədə Araz avrokubok matçlarında Dani Kintananı əvəzləyərdi. Amma Qurban Qurbanov, dolayı yolla “Qarabağ” rəhbərliyi son günə qədər gözlədi ki, bəlkə hansısa yerli, yaxud əcnəbi klub sinəsini irəli verər.
Arazın yeni komandasında geyəcəyi nömrə də artıq bəllidi. O, vaxtilə Reynaldonun kürəyində daşıdığı, bu ilin yanvarına qədər isə Dino Ndlovunun geydiyi “9” ilə mübarizə aparacaq. Bununla yanaşı, futbolçu Avroliqanın qrupunda da “köhlən atlar”a kömək edə biləcək.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.