Məlum olduğu kimi, yığmanın Kosovo ilə oyununun biletləri avqustun 21-dən satışa çıxarılıb. Özü də həmin qarşılaşmaya bilet alan hər bir azarkeş Azərbaycan - Malta (14 oktyabr) və Azərbaycan - Farer adaları (17 noyabr) matçlarının biletinə 50 faiz endirim əldə edə bilər. Endirim “Sky Box” biletlərə şamil olunmur.
Dünən AFFA-nın bilet satışı üzrə meneceri Kamran Abasovla əlaqə saxlayıb, Kosovo ilə oyuna bilet satışındakı son durumla maraqlandıq. O, matça 10 min bilet satıldığını bildirdi. Bir daha xatırladaq ki, qiymətlər kateqoriyadan asılı olaraq dəyişir. Belə ki, 1-ci kateqoriya 5, 2-ci kateqoriya 3, 3-cü kateqoriya isə 2 manatdı. Oyunu VİP-dən izləmək istəyənlər 10 manatından keçməlidi. Biletləri “ASAN xidmət” mərkəzlərindən, bəzi köşklərdən (Sahil m. M.Ə.Rəsulzadə 3, Bül-bül prospekti, Nizami küç., Üzeyir Hacıbəyov küç.69x), “28 Mall” və “Gənclik Mall”dan, Heydər Əliyev Sarayının kassasından əldə etmək olar. Millətlər Liqasının ilk turu çərçivəsində keçiriləcək oyunun sentyabrın 7-si, saat 20.00-da, Bakı Olimpiya Stadionunda start götürəcəyini də vurğulayaq.
FARİZ