Sizin reklam burada

“Sabah” yenə “Sumqayıt”a boyun əydi

Title
“Sabah” yenə “Sumqayıt”a boyun əydi
Millinin və U-21-in oyunları ilə bağlı premyer-liqada yaranan fasilədən istifadə edən "Sabah" və "Sumqayıt" bazar günü yoxlama oyununda üz-üzə gəldilər. Baş məşqçilər ilk dəqiqələrdən bu futbolçulara meydana çıxmaq şansı yaratmışdı.
Sabah: 1.Tərlan Əhmədli, 3. Elvin Bədəlov, 4. Tərzin Cahangirov (k), 6. Vadim Abdullayev, 11. Elgün Nəbiyev, 13. Filip İvanoviç, 14. Tural Qürbətov, 21. Novruz Məmmədov, 25. Vanderson, 27. Bəxtiyar Soltanov, 88. Elçin Əsədov.
Oyuna sonradan qoşulanlar: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 45. Tolqar Yaqubov, 15. Erik Ramos, 39. Əlibəy Məmmədli, 19. Məqsəd İsayev, 2. Ülvi İbazadə, 33. Eltun Turabov, 8. Elşən Abdullayev.
Sumqayıt: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev, 11. Atilla Yıldırım, 18. Süleyman Əhmədov, 22. Əfran İsmayılov (k), 23. Fərid Kərimzadə, 39. Tural Bayramlı, 41. Turan Manafov, 44. Qvanzav Maqomedov, 77. Murad Xaçayev, 97. Xəyal Nəcəfov.
Oyuna sonradan qoşulanlar: 15. Orxan Sadıqlı, 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 17. Nicat Qurbanov, 21. Arif Daşdəmirov, 60. Elvin Məmmədov, 98. Əli Əliyev.
Xatırladaq ki, bu komandlar arasında premyer-liqanın ikinci turu çərçivəsində keçirilən qarşılaşmada “kimyaçılar” səfərdə 4:1 hesabıyla qalib gəlmişdi.
Bəribaşdan qeyd edək ki, srağagün keçirilən görüşdə də 90 dəqiqənin tamamında sevinən tərəf “gənclik şəhəri”nin təmsilçisi oldu. "Əlincə Arena"da keçirilən matçın ilk yarısında baş məşqçsilər əsasən ehtiyat qüvvəyə özünü göstərmək imkanı yaratmışdı. Birinci hissədə “tələbələr” daha yaxşı təsir bağışladılar. Və bunun məntiqi nəticəsi kimi meydan sahibləri 30-cu dəqiqədə hesabı açmağa müvəffəq oldu. Tural Qürbətov cərimə meydançasında zərbə mövqeyinə çıxıb Mehdini məyus etdi. Birinci hissədə qonaqların hesabı bərabərləşdirmək üçün bir neçə imkanı olsa da, komandalar fasiləyə “tələbələr”in minimal hesablı üstünlüyü ilə yollandı.
Fasilədən sonra hər iki komandanın baş məşqçisi çoxsaylı əvəzetmələrə əl atdı və artıq “ağır artilleriya” iş başında idi. Yeri gəlmişkən, “Sumqayıt”ın iki əsas futbolçusu - Rail Məlikov və Vurğun Hüseynov zədə səbəbindən matçda iştirak etmirdi və oyunu tribunadan izləyirdilər. Əli Babayev isə fasilədən yararlanaraq İsraillə yollanıb. İkinci 45 dəqiqədə daha fəal və sürətli oyun nümayiş etdirən “ağ-göylər” tədricən üstünlüyü ələ keçirməyi bacardı. Nazim Süleymanovun yetirmələri daha rəngarəng hücumlar qurur, topa daha çox nəzarət edirdi. Onların qol axtarışı 79-cu dəqiqədə bəhrə verdi. Atilladan ötürmə alan Nicat Qurbanov cərimə meydançasının yaxınlığından uzaq küncü dəqiq nişan almaqla “status-kvo”nu bərpa etdi. 3 dəqiqə sonra “tələbələr” növbəti dəfə meydanın mərkəzinə dəvət olundu. Arif Daşdəmirovun sağ cinahdan qapıya paralel ötürməsini meydan sahiblərinin müdafiəçisi Filip İvanoviç tərs vuruşla öz qapısına göndərdi. Bu həm də qarşılaşmada vurulan son qol oldu. Beləliklə, “Sumqayıt” son iki həftədə ikinci dəfə elitanın debütantını udmaqla Elşad Əhmədova fikirləşmək üçün material verdi.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.