Sizin reklam burada

Əfran yığmaya qayıtmaq üçün çalışacaq

Title
Əfran yığmaya qayıtmaq üçün çalışacaq
“Ötənmövsümkü "Sumqayıt"ın sistemi və oyunu tam başqa idi”
Bu yay “Qarabağ”dan ayrılaraq “Sumqayıt”a üz tutan Əfran İsmayılov yeni komandasının heyətində bu günə kimi cəmi bir çempionat oyununa çıxıb. İlk tur çərçivəsində “Neftçi” ilə qarşılaşmada iş başında olan yarımmüdafiəçi bugünlərdə müsəlmanlar üçün müqəddəs sayılan Həcc ziyarətinə yollandığı üçün son iki turda komandasına yardımçı ola bilməmişdi. “Kimyaçılar”ın “Sabah”la yoxlama görüşündə meydana çıxan futbolçu matçdan sonra media nümayəndələrinin suallarını cavabladı. Əfran öncə müqəddəs torpağa ziyarətindən danışdı.
- Bu ən böyük arzularımdan biri idi. Çox şükür ki, həyata keçdi. Komanda ilə müqavilə imzalamamış baş məşqçi Nazim Süleymanova da demişdim ki, sənədlərim qaydasına düşsə və qismət olsa, gedəcəm. Bu işin alınacağı da son anda bilindi. Nəticədə ziyarətim gerçəkləşdi.
- Həcc ziyarətindən sonra "Sumqayıt"ın heyətindəki ilk oyunun "Sabah"la yoxlama matçına təsadüf etdi. 2:1 hesabıyla qalib gəldiyiniz oyunu necə dəyərləndirirsən?
- Premyer-liqada uzun fasilə yaranıb. Hər bir komanda istəyir ki, optimal formada qalsın. Hamı da yoldaşlıq görüşü keçirmək istəyir. Bu da başadüşüləndi. Biz bu oyuna da çox ciddi yanaşdıq və qələbə qazandıq. Yoxlama oyunu olsa da, qələbə qələbədi. Bundan sonra əhval-ruhiyyə daha yaxşı olur. Komanda yavaş-yavaş öz oyununu tapır. İnanıram ki, daha da yaxşı olacaq.
- Əvvəlki "Sumqayıt"la hazırkı komanda arasında nə fərq var?
- Ötənmövsümkü "Sumqayıt"ın sistemi və oyunu tam başqa idi. O komandanın da çıxışı göz qabağında idi. Kollektiv topla yaxşı rəftar edirdi. Son anda avrokuboklardan məhrum oldular. Yenə məqsəd dəyişməyib. Avrokuboklara vəsiqə qazanmağı arzulayırıq. Bunun necə alınacağını isə zaman göstərəcək. Üzərimizə düşən vəzifə odu ki, işləyək, çalışaq və baş məşqçinin tapşırıqlarını yerinə yetirək. Komanda gündən-günə “artırır”, daha yaxşı futbol oynayır. İnanıram ki, zamanla daha da yaxşı olacaq.
- Komandanın ilk üç turdakı potensialını necə dəyərləndirirsən və premyer-liqada hansı yerlərə iddia edə bilərsiz?
- Komandanın potensialı haqda danışmaq çətindi. Çünki çempionat yeni başlayıb, cəmi 3 tur arxada qalıb. Hər şey hələ qabaqdadı. Ümumilikdə “Sumqayıt” yaxşı və daha maraqlı futbol oynayır. "Qəbələ" kimi rəqiblə səfər oyununda 10 nəfərlə qalmağımıza baxmayaq, 1 xal qazanmaq böyük işdi. "Sabah" da çempionatda 6 xal toplayıb. Onlara qarşı da yaxşı oynadıq. İlk turda "Neftçi" ilə matça normal başlamışdıq. Mən də həmin görüşdə əsas heyətdə yer almışdım. Amma buraxdığımız birinci topdan və qırmızı vərəqədən sonra komanda "sındı". Əsas odu ki, toparlana bildik və sonrakı 2 görüşdə 4 xal qazandıq. Çempionat uzun marafondu. Ümumi götürsək, yaxşı komandayıq.
- "Qarabağ"ın Avropa Liqasındakı rəqibləri bəlli olub. Sabiq klubunun şanslarını necə dəyərləndirirsən?
- Əsas odu ki, "Qarabağ" qrup mərhələsində çıxış edəcək. Bildiyiniz kimi, bu arada ölkədə deyildim. Xəbərlər gəlib mənə çatdı ki, sabiq komandamın səfərdə minimal hesabla uduzması ciddi əks-səda doğurub. Rəşadın məsələsinə və komandadakı ab-havaya görə aləm bir-birinə dəyib. Burda ciddi bir şey görmürdüm. Mən arzulayırdım ki, komanda Avropa Liqasına düşsün. Artıq azarkeşlər "Qarabağ"ın daha yüksək nəticələrinə öyrəşib. Ən yaxşı qrup hansı idisə, "Qarabağ" ora düşdü. "Arsenal"ı hamı tanıyır. İngiltərə futbolu ilə ayaqlaşmaq çox çətindi. "Sportinq" də iddialı klubdu. Orda da yaxşı futbolçular yetişib. Üçüncü rəqib isə Ukrayna təmsilçisi "Vorskla"dı. Qrupda nəticələrin necə olacağını zaman göstərəcək. Hesab edirəm ki, "Qarabağ"ın xal ala biləcəyi ən real komanda Ukrayna təmsilçisidi. Əsas odu ki, "Qarabağ" qrupa düşüb və komandanın qrupdan çıxacağına inanıram.
- Milli komandaya növbəti oyunlarda dəvət gözləyirsən?
- Həccə getdiyimə görə bilirdim ki, formada olmayacam. Buna görə də "Sumqayıt" rəhbərliyinə məlumat vermişdim. İki oyundu oynamıram. Bu başadüşüləndi. Çalışacam ki, növbəti oyunlarda millidə olum.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.