19 yaşadək futzalçılardan ibarət yığma dünən yoxlama oyunu keçirib. Bakı İdman Sarayında baş tutan görüşdə rəqib MDB ölkələrinin gömrük işçiləri arasında təşkil ediləcək beynəlxalq turnirə hazırlaşan, heyətində Renat Sultanov, Seymur Məmmədov, Vüsal İsayev, Ramil Həsənzadə kimi təcrübəli futzalçıların da yer aldığı “Gömrükçü” olub. Oyun “gömrükçülər”in 6:3 hesablı qələbəsi ilə başa çatıb. U-19-un heyətində Ceyhun Nuriyev dubl edib. Daha bir dəfə isə İqbal Pənahov fərqlənib. Məşqçi Ağatahir Əzimov oyunda bu futzalçıların xidmətindən istifadə edib: Vladislav Reznov, Kənan Əsədli, Nurlan Mehdizadə, Ceyhun Nuriyev, Tofiq Hüseynov, Fuad Məmmədzadə, Niyaz Əhmədov, Hüseyn Abutalıbov, İqbal Pənahov, Sabir Həsənov, Rauf Rüstəmov, Hüseyn Qarayev, Rafael Mütəllimov, Nicat Quluzadə, Kamran Eyvazov, Hüseyn Əliyev.
Matçdan sonra yığmanın çalışdırıcısı Ağatahir Əzimov komandasının çıxışını dəyərləndirib: “Rəqibimiz həvəskar komanda olsa da, heyətində Renat Sultanov, Seymur Məmmədov, Ramil Həsənzadə, Vüsal İsayev kimi təcrübəli oyunçular yer almışdı. Digər oyunçular gömrük işçiləri olsalar da, vaxtilə futbol, futzal oynayıblar. Bizim oyunçular isə futzal məktəbi keçməyiblər, üstəlik təcrübəsizdilər. Əksəriyyətini böyük futboldan cəlb etmişik. Bilirsiz ki, iyulun 5-dən bu komandanı formalaşdırmağa başlamışıq. Seleksiya işləri apardıq və hazırda 16 futzalçı məşqlərdə iştirak edir. Axtarışlarımız davam edir, yaxşı oyunçu tapsaq, dərhal komandaya cəlb edəcəyik. Oyuna gəlincə, birinci matçımız olmasına rəğmən, uşaqlar pis təsir bağışlamadılar. Qolları səhvlərimizdən buraxdıq. Əsas çatışmazlıq təcrübəsizliklə bağlıdı. Təsəvvür edin, rəqib autdan topu oyuna daxil edir, oyunçumuz dayanıb ona baxır ki, görək necə başlayır. Halbuki topun hərəkət istiqamətini məhdudlaşdırmalıyıq. Biz isə rəqibə topu oyuna rahat daxil etmək imkanı yaradırıq, lazım olmayan yerdə rəqibi keçməyə çalışırıq. Qolların, demək olar, 90 faizini öz səhvlərimizdən buraxdıq. Hansı ki, həmin qolları buraxmaya bilərdik. Bunları aradan qaldırmaq üçün çox işləməliyik. Cəmi iki aydı işə başlamışıq. Oyunlar keçirdikcə həm təcrübə toplayacağıq, həm də səhvlərimiz azalacaq”.
MİRAĞA