Futzal üzrə Çempionlar Liqasının ilkin təsnifat mərhələsində mübarizə başa çatıb və artıq əsas mərhələyə adlayan iştirakçılar müəyyənləşib. Bu o deməkdi ki, yarışa əsas mərhələdən qoşulacaq “Araz”ın da rəqibləri bəllidi. F qrupunda Litva çempionu “Vytis” keçirdiyi üç oyunun hamısında qalib gəlib və əsas mərhələyə vəsiqə qazanıb. Naxçıvanlıların digər rəqibi isə E qrupunun qalibi olub. “Valletta” (Malta) – “Veles” (Makedoniya) görüşü xüsusilə prinsipial alınıb. Son tur ərəfəsində hər iki komandanın 6 xal var idi. Şənbə günü keçirilən qarşılaşmadan Malta çempionu 8:5 hesablı qələbə ilə ayrılaraq, yekunda birinci yeri tutub və əsas mərhələyə vəsiqə qazanıb. Beləliklə, əsas mərhələdə “Araz” “Luçeneç” (Slovakiya), “Vytis” və “Valletta” ilə üz-üzə gələcək. Qeyd edək ki, “Araz” əsas mərhələnin 8-ci qrupunda mübarizə aparacaq. Bu mərhələnin oyunları oktyabrın 2-7-si aralığında Slovakiyada keçiriləcək və yalnız qrup qalibi elit mərhələyə vəsiqə qazanacaq.
MİRAĞA