Beynəlxalq Şahmat Federasiyası (FİDE) reytinq siyahısını yeniləyib. Avqustun yekunlarına əsasən hazırlanan siyahıda gözlənildiyi kimi, Şəhriyar Məmmədyarov ölkə rekordunu yeniləyib. Belə ki, şahmat tariximizdə heç kim indiyədək 2820 əmsalına çatmamışdı. Sumqayıtlı qrossmeyster əvvəlki kimi ilk “3-lüy”ü qapayır. Yığmamızın lideri yalnız şahmat tacı uğrunda mübarizə aparacaq həmkarlarından - Maqnus Karlsen (Norveç, 2836) və Fabiano Karuanadan (ABŞ, 2828) geri qalır. Sonuncu dəfə yazda “Shamkirchess” turnirində oynayan Teymur Rəcəbovun nə əmsalında (2751), nə də mövqeyində (17) dəyişiklik baş verib. Arkadi Naydiç 2014-cü ilin dekabrından bu yana özü üçün ən yüksək pilləyə - 28-ci yerə yüksəlib. Latviyalı legioner əmsalını 2711-dən 2721-ə çatdırıb. Əvəzində Rauf Məmmədov 8 pillə geriləyib. Əmsalını 2699-a salan yığma üzvü indi 46-cıdı. Eltac Səfərli (2676) əvvəlki kimi 65-ci yerdədisə, Qədir Hüseynov son 9 ildə ən yaxşı göstəricisinə imza atıb. Həmyerlimiz 2667 əmsalla 74-cü sırada yer alıb.
Qadınların ilk “100-lüy”ündəki yeganə təmsilçimiz Günay Məmmədzadə sıçrayışa nail olub. Əmsalını 2438-ə çatdıran şahmatçımız 33-cü pilləyə qalxıb. İlk “3-lük”də uyğun olaraq, Yifan Hou (Çin, 2658), Venyun Yu (Çin, 2561) və Aleksandra Kostenyuk (Rusiya, 2559) qərarlaşıb.
Ölkələrin reytinqində də ilkə imza atmışıq. Əmsalımız 2674-ə çatıb ki, bu da Ukraynanı geridə qoymaqla 4-cü yerə yüksəlməyimizi şərtləndirib. Azərbaycan yalnız Rusiya (2744), Çin (2710) və ABŞ-dan (2701) geri qalır.