“Onu sanki erməniymiş kimi apardılar”
Avqustun 30-da demək olar ki, hər şey gözəl idi. Tribunada gözəl ab-hava, çılğın dəstək və “Qarabağ”ın ifasında əsl şou. Böyükhesablı qələbəylə adını Avroliqanın qrupuna yazdıran “köhlən atlar” növbəti dəfə Azərbaycan xalqını sevincə boğdu. Ancaq “Şerif”lə oyunda bir qanqaraldıcı hadisə baş verdi. İkinci hissədə “Qarabağ”ın fanklublarının yerləşdiyi qapıarxası tribunadan bir nəfər polislər tərəfindən uzaqlaşdırıldı. Ancaq bu, azarkeşlərin kəskin narazılığına səbəb oldu. Deyilənə görə, həmin tamaşaçı su butulkasını asayiş keşikçilərinə tərəf atıb. Onun “Qarabağ boys” fanklubunun üzvü olduğunu güman edirdik. Ancaq azarkeş qrupunun rəhbəri Ramiz Bayramov bunu təkzib etdi və başverənlər haqda bunları dedi: “Həmin adam bizim fanklubun üzvü deyildi. Hadisənin necə baş verdiyini bilmədik. Bir də onu gördük ki, polislər tökülüşüb bir nəfəri zorla tribunadan uzaqlaşdırmağa çalışır. Onu sanki erməniymiş kimi apardılar. Bir sözlə, daha öncə dəfələrlə gördüyümüz acı mənzərəyə şahid olduq. Ancaq fanklubların üzvləri – azarkeşlər birlik nümayiş etdirdi. Hamımız etirazımızı bildirdikdən sonra həmin adamı polislərin əlindən alıb öz yerinə qaytara bildik. Amma onun adını və nə işlə məşğul olduğunu bilmirəm. Adi azarkeş idi, heç bir fanklubun üzvü deyildi”.
SƏRXAN