Futbolçular ukraynalı məşqçi ilə işləmək istəməyib
“Astana” APOEL səddini penalti zərbələri hesabına olsa belə dəf edib, Avroliqanın qrupuna vəsiqə qazandı. Lakin bu uğurda Roman Qriqorçukun adını çəkən yoxdu. Hamı qələbənin memarı kimi Qriqori Babayanın adını çəkir. Bu da təsadüfi deyil. Çünki APOEL ilə hər iki oyunda komandanı meydana bu məşqçi çıxarmışdı. Qriqorçuk isə, deyilənə görə, hələ də Ukraynadadı.
Avqustun 17-də “Astana”nın saytında yer alan xəbərə inansaq, ukraynalı çalışdırıcı şəxsi problemlərinə görə təcili vətəninə yollanmalı olmuşdu. Düşünmək olardı ki, xəstəsi, canüstə olanı var. Amma Roman İosifoviçin Ukraynada qaldığı müddətə baxanda, hər şey məlum olur. Bəli, “Astana”nın puluna tamah salıb, “Qəbələ”yə arxa çevirən çalışdırıcı klubdan birdəfəlik uzaqlaşdırılıb. Sadəcə, arada bahalı müqavilənin bəzi detalları var ki, onlar həll olunmamış tərəflərdən heç biri açıqlama vermək istəmir.
Avqustun 19-da sports.kz saytına verdiyi açıqlamada “bu dəqiqə futbolu düşünəcək durumda deyiləm. Müəyyən müddətdən sonra yenidən “Astana”ya qayıdacam” deyən Qriqorçuk o vaxtdan yoxa çıxıb. İki həftədi gözə görünmür. Açıqlamada geri qayıtmaqla bağlı danışanda isə, görünür, komandanın Avroliqanın qrupuna vəsiqə qazanmamaq ehtimalını gözə almışdı. Yəni ümid edirdi ki, uğursuzluq yaşanacağı təqdirdə, rəhbərlik yenidən ona güvənəcək. Sən saydığını say, gör Babayan nə sayır.
Həmin Babayan ki, bir neçə gün öncə açıqlamasında Qriqorçukun futbol fəlsəfəsini təndiq etmiş, bununla da münasibətlərinin qaydasından olmadığına işarə vurmuşdu. Yenidən çiyin-çiyinə çalışmaları mümkündüsə, əslən erməni mütəxəssis niyə ukraynalının dalınca danışsın ki?! Deməli, geridönüş söhbəti çoxdan bağlanıb.
Gizli saxlanılan ayrılığın detalları haqda maraqlı məlumat əldə etmişik ki, yazaq, siz da agah olun. Etibarlı mənbənin dediyinə görə, yerli və əcnəbi futbolçuların bir çoxu rəhbərlik qarşısında Roman İosifoviçin komandadan uzaqlaşdırılmasının vacibliyi ilə bağlı məsələ qaldırıb. Yeri gəlmişkən, aralarında Riçard Almeyda da olub. Buna əsas kimi isə Qriqorçukun kobud insan olması və məşqlərdə küçə söyüşlərindən istifadə etməsini göstəriblər. Klubda əsas söz sahibləri köməkçi məşqçilərin və məşqləri izləyən digər rəsmilərin də fikirlərini öyrənəndən sonra Roman Qriqorçuka qapını göstəriblər. Amma qeyd etdiyimiz kimi, sərt şəkildə yox, gülə-gülə. Hazırda müqaviləyə qarşılıqlı şəkildə xitam vermək haqda danışıqlar gedir deyə, rəhbərlik bu dəqiqə asılı olduğu məşqçinin nazı ilə oynamağa məcburdu.
Allah xeyir versin, cənab Qriqorçuk. Ümid edək ki, yenidən “Qəbələ”də çalışmaq fikrinə düşməzsiz...
HƏBİB