Region Liqasının ilk qalibinin düşərgəsində narazılıq baş qaldırıb
Ötən sayımıza açıqlama verən Region Liqasının işçi qrupunun üzvü Yusif Vəliyev yeni mövsüm üçün qeydiyyatın avqustun 25-də başa çatdığını, 2018/19 “futbol ili”ndə liqada çıxış edəcək komandaların sayında artım olacağını söyləyib: “Artıq komandaların Region Liqasında iştirakına icazə verilib. Böyük ölçüdə iştirakçıların sayı ötənilkindən şox olacaq. Biz istəyirik ki, yarışa qoşulan komanda davamiyyətli olsun. Yeni komandaların potensiallarını araşdıraq. Riskləri minimuma endirməyə çalışırıq. Bu həftənin sonu, uzağı gələn həftə Region Liqasının yeni iştirakçılarının adını ictimaiyyətə açıqlayacağıq”.
Vəliyev liqada mübarizə aparmaq niyyətində olan komandalarla sonradan problem yaşamamaq üçün müraciətləri ciddi araşdırdıqlarını xüsusilə qeyd edib. Onun sözlərindən belə çıxır ki, Region Liqasının işçi qrupunun üzvləri ötən mövsümdən yaxşıca dərs çıxarıblar. Yəni mövsümün gedişində hansısa problemlə üzləşmək istəmədiklərinə görə suyu da üfürə-üfürə içməyi lazım biliblər. Təşkilat Komitəsinin üzvlərinin işə “ehtiyatlı igidin anası ağlamaz” prinsipi ilə yanaşması alqışalayiqdi. Çünki liqanın startı ərəfəsində lazımi prosedur qaydalarına riayət olunmayanda çempionatın gedişində ortaya müəyyən problemlər çıxır ki, bu da istər-istəməz Region Liqasının adına və nüfuzuna zərbə vurur.
Ancaq məsələnin başqa tərəfi də var. Təşkilat Komitəsi iştirakçı komandalar qarşısında şərtlər qoyduğu kimi, özü də verdiyi sözü, daha dəqiq desək, turnirin Əsasnaməsində yazılanları yerinə yetirməlidi. Əks halda liqada narazılıqlar baş qaldıracaq. Artıq baş qaldırmaqdadı da.
Bugünlərdə əldə etdiyimiz məlumata görə, ötən mövsüm finalda “Energetik”i məğlub edərək, Region Liqasının ilk qalibi adını qazanan “Uğur” hələ də mükafatına qovuşmayıb. Söhbət AFFA-nın çempiona verəcəyi 10 min manatdan gedir. Xatırlayırsızsa, iyunda bu məsələyə toxunaraq, Yusif Vəliyevdən Sumqayıt təmsilçisınin futbolçularını nə vaxt sevindirəcəklərini soruşmuşduq. İşçi qrupunun üzvü qısa müddətdə 10 min manatı “Uğur”un hesabına köçürəcəklərini bildirmişdi. Artıq avqust başa çatır, özünün də söylədiyi kimi, yaxın günlərdə yeni mövsümə start veriləcək. Ancaq “Uğur” hələ də 10 min manatın həsrətini çəkir. Mənbəmizin sözlərinə inansaq, AFFA-nın süründürməçiliyi artıq “Uğur”un düşərgəsində narazılığa səbəb olub. Ötən mövsüm komandanın çempion olmasında xidməti olan futbolçuların əksriyyəti yaxın günlərdə onlara çatacaq pulları almayacaqları təqdirdə çempionatın ilk turunda meydana çıxmayacaqlarını baş məşqçinin və sponsorun diqqətinə çatdırıblar.
Yaşananlara aydınlıq gətirmək üçün dünən yenidən Yusif bəylə əlaqə saxlamağı lazım bildik. Vəliyev bu dəfə vəziyyətdən belə çıxdı: “Biz istəyirdik ki, ikinci və üçüncü yerin sahiblərinə çatacaq pul mükafatını da çempionla bir yerdə verək. Buna görə istər “Energetik”, istərsə də “Füzuli” komandasının rəhbərliyindən bank hesablarını AFFA-ya göndərməsini istəmişdik. Onlar isə bizdən bir qədər vaxt istədilər. “Uğur”a çatası 10 min manatın ləngiməsinə də bu səbəb oldu. Gümüş və bürünc mükafatçılardan fərqli Sumqayıt komandasında bununla bağlı problem yox idi. Ancaq bu günə kimi “Energetik”lə “Füzuli” lazım olan sənədləri bizə təqdim etməyiblər. Daha biz də gözləməyəcəyik. Çempion komandaya veriləsi vəsait sentyabrın ilk həftəsində bank hesabına köçürüləcək. Klubun rəsmiləri ilə görüşümüzdə bu məsələ müzakirə olundu və ləngimənin səbəbini izah etdik”.
RƏŞAD