Fasilə onun üçün göydəndüşmə oldu
Yığmaya görə premyer-liqada yaranan fasilənin ilk günlərində diqqətlər “Zirə”yə yönəldi. Səbəb isə qəsəbə təmsilçisində baş məşqçi istefasının gerçəkləşməsi idi. Maraqlıdı ki, həm istefa xəbəri, həm də boşalan postun yeni sahibi bir gündə açıqlandı. Səhər saatlarında Ayxan Abbasovun öz istəyi ilə “qartallar”dan ayrıldığı məlum oldu. Gənc mütəxəssis komandanın yeni nəfəsə ehtiyac duyduğunu əsas gətirərək istefa verdi. Axşam saatlarında isə “Zirə”nin “sükanı arxasına” Samir Abasov keçdi. Qeyd edək ki, Abasov ötən mövsüm “Sumqayıt”ı çalışdırırdı. Onun qəsəbə təmsilçisinin baş məşqçisi kimi uğurlu olub-olmayacağını zaman göstərəcək. Bununla belə, Abasovun təyinatı ilə bağlı bəzi məqamları gözdən keçirək.
Son anda əldən çıxan fürsət
Öncə ötən mövsüm Samir bəyin çalışdırdığı komandanın necə yadda qaldığını xatırladaq. “Gənclik şəhəri” təmsilçisi mövsümün ilk yarısının sonlarına doğru uğurlu seriya yaxaladı. “Kimyaçılar” premyer-liqada ardıcıl 11 oyun uduzmamaqla turnir cədvəlində 3-cü pilləyə yüksəldi. Hətta çoxları “Sumqayıt”ın mövsümü mükafatçı kimi başa vuracağına və tarixində ilk dəfə Avroliqada iştirak edəcəyinə şübhə etmirdi. Yeri gəlmişkən, Abasovun komandası ölkə kubokunda da təəccübləndirməyi bacarmışdı. Belə ki, 1/4 finalda səfərdə “Qarabağ”a uduzan (1:2) “kimyaçılar” evdə məğlubiyyətin əvəzini çıxıb (2:0) yarımfinala adlamışdı. Son illərdə ardıcıl olaraq “ikinci cəbhə”nin qalibi olan “köhlən atlar”ın sıradan çıxarılması Samir bəyin işini qiymətləndirmək üçün əsas idi. Lakin apreldə işlər birdən-birə 180 dərəcə dəyişdi. Premyer-liqanın son 5 turunda “gənclik şəhəri” təmsilçisi qələbəyə həsrət qaldı. Uğurlu seriyanı “qara zolaq” əvəzlədi. Həmin 5 çempionat matçından 4-də məğlub olan “kimyaçılar” 1 heç-heçə ilə sonda mövsümü 5-ci pillədə bitirdi. Kubokda isə “Keşlə” sumqayıtlıları finaldan kənarda qoydu. Beləliklə, Sumqayıt üçün tarixi fürsət əldən çıxmış oldu. Abasov heç cür komandanı toparlaya və “qara zolaq”dan çıxara bilmədi. Mövsümün sonunda isə Samir bəy postundan ayrıldı.
İstədiyi, ancaq alışmadığı durum
Abasovun sabiq komandası olan “Sumqayıt”ın strategiyası hamıya bəllidi. Bu komanda legionerlərə güvənmir. Yadınızdadısa, Abasov orda çalışarkən, mətbuat konfranslarından birində “reabilitasiya mərkəzinə çevrilmiş komandada nəsə etmək olmur” sözlərini işlətmişdi. Klub legionerə “qucaq açmır”, yalnız yerlilərə güvənir, belədə isə baş məşqçilər, adətən, digər komandalara lazım olmayanları heyətə cəlb edir. Samir bəy də məhz buna işarə edirdi. Ancaq “Zirə”də vəziyyət fərqlidi. Hazırda “qartallar”ın heyətində 5 legioner var. Belə deyək, Abasov təkcə yerlilərin ümidinə qalmayacaq. Lakin bir məsələ də var ki, çalışdırıcı indiyədək legionerlərlə işləməyib. İlk dəfə 2015-ci ildə “Sumqayıt”ın baş məşqçisi kimi premyer-liqaya qədəm qoyan mütəxəssis geridə qalan üç ili məhz bu komandada keçirib. Bu isə o deməkdi ki, Samir bəy daim yerlilərlə işləyib. İlk dəfə legionerlərlə çalışacaq və bu onun alışmadığı durumdu.
Mövsümün ilk yarısı boşa veriləcək?
Hazırda “Zirə”nin durumu ürəkaçan deyil. “Qartallar” ilk 3 turdan sonra 1 xalla turnir cədvəlinin sonuncusudu. Komanda evdə keçirdiyi iki oyunun heç birində qalib gələ bilməyib. Əslində nə “AZAL Arena”, nə də “Dalğa Arena” zirəlilər üçün “doğma divarlar” sayılır. Bu isə komandanın öz meydanının hazırda təmirdə olması ilə bağlıdı. Hər halda, qəsəbə təmsilçisi ev oyunlarında “Keşlə” ilə heç-heçəyə razılaşıb (2:2), “Sabah”a uduzub (0:2). Düzdü, “qartallar”ın ehtiyatda bir oyunu var. Çünki ilk turda baş tutmalı olan “Qarabağ”la səfər görüşü təxirə salınıb. Hərçənd həmin görüşə zirəlilərin xal gözü ilə baxması üçün əsas yoxdu. Statistika belə deyir. “Zirə”nin indiyədək məğlub edə bilmədiyi komanda ilə oyunda ilkə imza atacağı çətin görünür. Bu öz yerində. Hazırda qəsəbə təsmilçisi enişdədi və Abasov ilk növbədə psixoloji durumu qaydaya salmalıdı. Deyək ki, hər dəfə məşqçi dəyişikliyindən sonra istənilən komandada canlanma olur. Elə Ayxan bəyin “yeni nəfəs” fikri də bu məntiqə söykənir. Lakin bəzi reallıqları da nəzərə almalıyıq. Ötən sayımızda “Zirə”də heyət probleminin olduğunu qeyd etmişdik. Yeni gələnlər yerlilərdən ciddi mənada fərqlənmir. Ancaq Samir bəyin heyəti gücləndirmək üçün vaxtı yoxdu. Bu gün “transfer pəncərəsi” bağlanır və Abasovun iki gün ərzində komandaya futbolçu cəlb etməsi, demək olar, mümkünsüzdü. Düzdü, azad transfer statusuna malik oyunçu almaq olar. Amma belə birini, özü də baş məşqçinin tələblərinə uyğun futbolçu tapmaq asan məsələ deyil. Bu isə o deməkdi ki, qışa qədər Abasov mövcud heyətlə davam etməli olacaq. Hazırkı komandanı isə Samir bəy formalaşdırmayıb. Görəsən, qışaqədərki müddət bu baxımdan boşa verilməyəcək? Ümumiyyətlə, gənc mütəxəssis mümkün uğursuzluqlardan sonra “bu mənim komandam deyil” kimi şablon fikirləri yaxın buraxacaq? Təbii, bütün bunlar zamanla cavabını tapacaq suallardı. Hər halda, Abasov hara gəldiyini yaxşı bilir və çətin yükün altına girdiyini də anlayır. O özünə güvənməsəydi, heç müqaviləyə də imza atmazdı. Gözləyək...
FARİZ