Sizin reklam burada

Vüqar Həşimovun anası üsyan etdi

Title
Vüqar Həşimovun anası üsyan etdi
“Vüqar yığmadan uzaqlaşdırılanda Azərbaycan xalqı və sizlər harda idiz?”
Deyəsən, şahmat gündəmdən düşmək istəmir. Şəhriyar Məmmədyarovun sponsorunun olmamasıyla bağlı “feysbuk”da yazdığı statusdan sonra haray-həşir qopdu. Hətta siyasi xadimlər də bu mövzuda fikirlərini bildirdi. Şahmatdan başı çıxanlar da yazdı, bu idman növü haqda anlayışı olmayanlar da. İki gün ərzində sosial şəbəkələrin əsas müzakirə mövzusu bu idi. Sonda Şəhriyar arzusuna çatdı. Deyilənə görə, indi ona sponsorluq etmək istəyən şirkətlər sıraya düzülüb.
Ancaq məsələ sakitliyə qovuşurdu ki, Vüqar Həşimovun anası Aidə xanım etiraz səsini ucaldıb. Mərhum şahmatçının adına açılan səhifədə onun adından yazılan cümlələr qan dondurur: “Mənim gücüm sonsuz deyil” deyirsən, Şəhriyar Məmmədyarov. Bəs Vüqarın gücü sonsuz idi? Vüqar dünya reytinqində 6-cı pillədə qərarlaşanda, sona qədər - 7 saat gərgin mübarizə apararaq Azərbaycanı ilk dəfə Avropa çempionu edəndə, 8 yaşından dünya, Avropa çempionatlarında himnimizin sədaları altında bayrağımızı şərəflə yüksəldəndə Azərbaycan xalqı harda idi? Öz gücü və bacarığı, halal zəhməti və əziyyəti ilə, həyatı bahasına Azərbaycan şahmatını dünyaya tanıdanda, bir neçə xarici ölkələrdən təkliflər almasına baxmayaraq, "mən azərbaycanlıyam" deyə özünün haqq səsini qaldıranda Azərbaycan xalqı harda idi? Haqsız şər və böhtanlar, iftiralarla "Vüqar ulduz xəstəliyinə tutulub” deyən şərəfsizlərə niyə səsinizi qaldırmadız? Haqsız yerə Vüqarı Azərbaycan şahmat yığmasından uzaqlaşdıranda Azərbaycan xalqı və sizlər harda idiz? Vüqar təkbaşına mübarizə apardı, gücü yetmədi, şərlərdən, böhtanlardan, yalanlardan yoruldu. Şər və böhtanları yazan qələm əhli, barmaqlarınız niyə qırılmadı? Yalanları reklam edənlər öz valideynlərinizi və balalarınızı gözünüzün qabağına niyə gətirmədiz? 5 ildi Vüqarımın quru adını yaşatmaq üçün 1 sot quru torpaq istəyirəm. Müraciət etmədiyim orqan, təşkilat və idarə qalmadı, ala bilmədim. Həyatda olmayan balamın içində bir gün belə yaşamadığı evinin ipotekasını hələ bundan sonra 18 il ödəyəcəm. Niyə mənim səsimə səs verən olmadı? Mən heç kimdən heç nə istəmirəm. Ulu tanrıdan bir istəyim var. Vüqara qarşı haqsızlıq edənlər cəzalarını alacaqlarmı? O dünyada yox, bu dünyada”.
Statusda ittiham subyekti çoxdu. Mərhum şahmatçımızın anası həm Şəhriyardan, həm jurnalistlərdən, həm federasiya rəsmilərindən, həm dövlətdən, həm də xalqımızdan narazıdı. Xatırladaq ki, Vüqar bir neçə il əvvəl AŞF-nin vitse-prezidenti Mahir Məmmədovla problem yaşadığından yığmadan uzaq düşmüşdü. Hərçənd Həşimov sonradan yığmaya qayıtdı və 2011-də milliylə AÇ-nin gümüş medalını da qazandı. Ancaq səhhətindəki problemlərinə görə bir müddət sonra şahmatdan uzaqlaşmalı oldu. 2013-də komandamız 2-ci dəfə Avropanın ən güclüsü olanda Vüqar Almaniyada yataq şəraitində müalicə olunurdu. Təəssüf ki, bir neçə ay sonra dahi şahmatçını itirdik. 2014 şahmatımız, ölkə idmanımız üçün qara gəldi.
Ömrünün ən parlaq çağında aramızdan ayrılan qrossmeyster insanlığı ilə də fərqlənirdi. Aidə xanımın giley-güzarını başa düşmək çətin deyil. Axı 2006-da bacıları Türkan və Zeynəb AŞF-nin o zamanki prezidenti Aynur Sofiyeva ilə münaqişə yaşadığı üçün yığmadan kənarda qalanda Şəhriyar da millidə oynamaqdan imtina etmiş, o zaman Vüqar da Məmmədyarovlar ailəsinə dəstək olaraq komandadan ayrılmışdı. Ancaq illər sonra Həşimov yığmadan uzaqlaşanda “silahdaşlarından” adekvat dəstək görmədi. Elə dövlətin də Vüqarı tam mənasıyla qiymətləndirdiyini söyləmək olmaz. Belə dahi şahmatçının ailəsinə 1 sot torpaq bağışlamaq, onun adını hansısa küçəylə əbədiləşdirmək bu qədərmi çətindi?
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.