Sizin reklam burada

Yığma yenidən Sloveniyaya yollandı

Müəllif: football Tarix: 31-08-2018, 01:16 461 Baxış
Yığma yenidən Sloveniyaya yollandı
Yaqubova sıraya dönür, Məmmədovanın durumu sual altındadı
Ötən həftə Türkiyənin Antalya şəhərində təşkil olunan “Gloria Cup” turnirində iştirak edən qadınlardan ibarət yığmamız vətənə qayıtmayıb. Milli yenidən Sloveniyaya yollanıb. Komanda baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında Mariborda ikinci təlim-məşq toplanışına start verib. Sentyabrın 12-dək davam edəcək hazırlıq prosesi çərçivəsində bir neçə yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Yığma hazırda optimal formasından uzaqdı. Bunu Antalyada keçirilən yarışda da gördük. Elə yoxlama oyunlarında qeydə alınan qeyri-sabit nəticələr də dünya çempionatı ərəfəsində nikbinliyə əsas vermirdi. Bunun da əsas səbəbi optimal heyətin formalaşmamasıdı. Məsələn, Valeriya Məmmədovanın durumu qeyri-müəyyəndi. Libero hələ Avropa çempionatından sonra qəzetimizə verdiyi müsahibədə 2017/18 mövsümündən sonra karyerasını bitirəcəyini və bu üzdən Yaponiyada təşkil ediləcək mundialın iştirakçısı olmayacağını söyləmişdi. 34 yaşlı voleybolçu sözünü tutub. Ancaq Faiq Qarayevin onu fikrindən daşındıracağı istisna deyil. Əslində ən məntiqli addım DÇ-dən sonra karyerasını bitirməsidi. Hərçənd təlim-məşq toplanışında Yuliya Kərimova özünü yaxşı tərəfdən göstərsə, veteran liberonun xidmətinə ehtiyac duyulmaya da bilər. Hər halda, bu məsələdə son sözü baş məşqçi deyəcək.
Onsuz da bu gün millinin əsas problemi libero mövqeyi deyil. Komandamızın ən böyük problemi qəbulla bağlıdı. Yelizaveta Səmədovadan fərqli, Odina Bayramova servisləri qarşılamaqda inamlı təsir bağışlamır. Mundiala qədər Qarayev 4-cü zona hücumçusu problemini həll etməlidi. Artıq Səmədovanın əsas heyətdə yerini təmin etdiyini söyləyə bilərik. Topun qəbulunu həyata keçirəcək digər hücumçu isə ya Bayramova, ya da Natalya Məmmədova olacaq.
Digər ciddi narahatlıq hücumların qurulmasıyla bağlıdı. Birinci temp hücumları daha yaxşı təşkil edən Şəfaqət Həbibovanın torun kənarlarına ötürmələri effektli deyil. Bu da Polina Rəhimova kimi əsas hücumçunun məhsuldarlığını azaldır. Bu baxımdan Kristina Yaqubova daha yaxşı təsir bağışlayır. Ancaq zədə üzündən son mövsümü boşa verən “milliləşdirilmiş” toppaylayıcının formada olmaması ortaya sual çıxarır: mundialda start heyətində hansı oyun qurucusu yer alacaq?
Dünən Yaqubovanın son durumunu öyrənmək üçün yığmanın köməkçi məşqçisi Famil Ağayevlə əlaqə saxladıq: “Demək olar ki, Kristinanın zədəsi sağalıb. Sadəcə, onu bir az qorumaq istəyirik. Məşqlərin hamısında iştirak edir. Ancaq zədəsini yeniləməməsi üçün “Gloria Cup”da onun xidmətindən o qədər də yararlanmadıq. Tam sağalmasını istədik. Dünya çempionatına kimi tam sağalmasını istəyirik. Şükür, hər şey yaxşıdı”.
SON XƏBƏRLƏR