Həkimlər hələ də ona dəqiq diaqnoz qoya bilmir
Premyer-liqanın 3-cü turunda diqqəti çəkən məqamlardan biri “Keşlə” – “Səbail” görüşündə yaşandı. Belə ki, “ASK Arena”da keçirilən oyunun başlamasına 30-35 dəqiqə qalmış məlum oldu ki, baş hakim Ömər Paşayev yox, Rəhim Həsənov olacaq. İsinmə hərəkətləri üçün meydana çıxmazdan əvvəl hakimlər otağında Ömərin səhhəti pisləşib, FİFA referisi oyunu idarə edə bilməyəcəyini deyib. Belədə həm AFFA nümayəndəsinə, həm də Hakimlər Komitəsinə raport verilib. Nəticədə 4-cü kimi matça təyinat alan Rəhim baş hakim kimi meydana çıxdı, Ömər isə onun funksiyasını yerinə yetirdi.
Dünən FİFA referisinin səhhəti ilə maraqlanmaq qərarına gəldik. Öncə yaşananlarla bağlı bəzi məlumatları diqqətinizə çatdıraq. Bilindiyi kimi, Paşayevin durumundakı problem xeyli müddətdi davam edir. Ötən mövsümün ikinci yarısında təyinat almaması da bununla bağlı idi. Səhhəti ilə bağlı bir neçə ölkədə müayinədən keçib, müalicə olunub. Müalicələri aldıqdan sonra isə məşqlərdə iştirak edib, normativləri verib. Turun təyinatları bölüşdürülərkən fikri öyrənilib ki, oyun idarə edə bilər, ya yox. Ömər isə təcrübə yığmaq üçün oyun idarə etmək istədiyini bildirib. Həkim yoxlayıb, hər hansı problem aşkarlanmayıb. Sadəcə, matça az qalmış özünü narahat hiss edib və bu haqda məlumat verib, nəticədə isə dəyişiklik edilib. Bu xəstəlikdə belə ani dəyişmələr olur. Dərd burasındadı ki, bir neçə ölkədə müayinə olunmasına baxmayaraq, Ömərin səhhətindəki problemin dəqiq diaqnozunu bilən tapılmır.
Əslində daha öncədən matça Həsənovun 4-cü təyin edilməsi də boşuna deyilmiş. Hakimlər Komitəsi hansısa arzuolunmaz vəziyyəti nəzərə alaraq belə qərar veribmiş. Yəni oyun zamanı problem yaranarsa, FİFA referisi meydana çıxsın. Tutaq ki, hansısa daha gənc və daha az təcrübəyə malik ədalət təmsilçisinin vəziyyətdən çıxması çətin ola bilərdi. Göründüyü kimi, qarşılaşmanın gedişində yox, start fitindən öncə dəyişikliyə ehtiyac yarandı.
Dünən Ömərin özü ilə də əlaqə saxlamaq qərarına gəldik. Və məlum oldu ki, vəziyyəti heç də yaxşı deyil: "Problem aradan qalxmayıb. Sentyabrın 10-da Almaniyaya gedəcəm. Orda müayinə və müalicə olunacam. Ondan sonra necə olacağını görəcəyik. Təxminən sentyabrın 20-də geri dönməliyəm. Ancaq bu konkret tarix deyil. Bəlkə daha çox qalası oldum. Bu, Almaniyadakı həkimlərin rəyindən və müalicənin müddətindən asılıdı. Bundan öncə başqa ölkələrdə olmuşam. Lakin səhhətimlə bağlı Almaniyaya ilk dəfə gedirəm... "Keşlə" - "Səbail" oyununa gəlincə, öz həkimlərim var, mənə baxırlar. Hazır olmağına hazır idim. Həkim də mənə icazə vermişdi. Sadəcə, oyundan əvvəl özümü narahat hiss etdim. Zəng edib həkimə vəziyyəti izah etdim. O da dedi ki, elədisə, dəyiş. Mən də onun məsləhəti ilə çıxmadım".
FARİZ