Sizin reklam burada

İK meydana su qabı atan məşqçinin “maddə”sini dəyişdi

Title
İK meydana su qabı atan məşqçinin “maddə”sini dəyişdi
Ramiz Məmmədov hakimlər otağına “hücum çəkib”
Dünən AFFA-nın İntizam Komitəsinin növbəti iclası baş tutub. Toplantı Topaz premyer-liqasında və birinci divizionda son iki turda yaşanan qayda pozuntularının müzakirəsinə həsr olunub.
Premyer-liqa
Açılış turunda olduğu kimi, 2-ci turda da cəmi bir klub cəriməyə məruz qalıb. “Keşlə” ilə matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Zirə” 800 manat cərimə olunub. Maraqlıdı ki, Qəsəbə təmsilçisi 3-cü turda üzləşdiyi “Sabah”la qarşılaşmada da analoji cəriməyə məruz qalıb.
“Qəbələ” – “Sumqayıt” matçının 77-ci dəqiqəsində ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırılan qonaq komandanın üzvü Nicat Qurbanov növbəti turun iştirakçısı ola bilməyəcək. Klubu onun “qırmızı”sını 200 manat cərimə ilə “sığortalayacaq”. “Qarabağ” – “Neftçi” derbisində isə meydan sahibi azarkeşlərinin güdazına gedib. 66-cı dəqiqədə meydana kənar əşyalar atılıb. Bu səbəbdən klub 1600 manat cərimə olunub. 70-ci dəqiqədə isə pirotexniki vasitələrdən istifadə edilib ki, bu da əlavə 800 manat ziyan deməkdi.
Divizion
Əsas hadisələr divizionda baş verib. Düzdü, 1-ci turda ciddi qayda pozuntuları qeydə alınmayıb. “Şüvəlan” – “Sumqayıt-2” matçının 36-cı dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan qonaq komandanın üzvü Səbuhi Abdullazadə 2 oyunluq cəzalanıb, klubunu 160 manat “tərlədib”. “Neftçi-2” ilə qarşılaşmada 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qaradağ Lökbatan” isə 80 manat cərimə ilə canını qurtara bilib.
Əslində ikinci turda cəza və cərimələrin miqyası daha böyük olmalı idi. "Neftçi-2" - "Sabah-2" qarşılaşmasında qonaq komandanın köməkçi məşqçisi Alim Qurbanov "texniki zona qaydalarını pozub”, buna görə ona 1 oyunluq cəza verilib, klub 80 manat cərimələnib. Məsələ burasındadı ki, Qurbanov oyunun gedişinə mane olaraq meydana su şüşəsi atıb və qarşılaşma buna görə dayanıb. Belə olan halda İntizam Komitəsinin “maddə”ni yüngülləşdirməsi anlaşılan deyil.
“Keşlə-2” – “Sumqayıt-2” matçında da insident baş verib. 5-ci uzatma dəqiqəsində “Keşlə”li Ruslan Nəsirli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 4 oyunluq diskvalifikasiya edilib, klub 320 manat cərimələnib. Olay bununla yekunlaşmır. Məsələ burasındadı ki, matç başa çatandan sonra “Keşlə”nin idman direktoru Ramiz Məmmədov icazəsiz şəkildə hakimlər otağına daxil olub, ədalət təmsilçilərinə etirazını bildirib. Klub rəsmisinin davranışı 160 manat cəriməyə şərait yaradıb. İK xəbərdarlıq edib ki, bu hal yenidən təkrarlanacağı təqdirdə kluba qarşı daha ağır sanksiya tətbiq olunacaq. Komitə eyni zamanda oyunun hakimi və hakim-inspektoru haqda ölçü götürülməsi üçün müvafiq olaraq, Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsini məlumatlandıracaq. “Sumqayıt-2” də matçdan itki ilə ayrılıb. Vərəqə sayının çoxluğu 80 manat cəriməyə əsas verib. “Qarabağ-2” – “Turan Tovuz” qarşılaşmasında isə qonaq komanda eyni aqibəti yaşayıb və beləliklə, “40-cı maddə”yə “düşüb”.
Beləliklə, son iclasda klublara 5080 manat cərimə kəsilib. Nəticədə mövsümün startından bu yana cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 5280 manata çatıb.
MİRAĞA
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.