“İmarət” “Qarabağ”a sahib çıxdı
Hər iki komandanın ilk 15 dəqiqəsi media mənsublarına açıq olan məşqini izləmək imkanı yarandığından, sizlər üçün maraqlı məlumatlar toplamaya bilməzdik. Əvvəla onu qeyd edək ki, zədəli olduğu və bu səbəbdən 10-15 gün yaşıl meydanlardan kənar qalacağı deyilən Miçel komanda ilə birgə meydanboyu üç dövrə qaçdı. Lakin sonradan futbolçular baş məşqçi Qurban Qurbanovun əhatəsinə yığışıb tapşırıqlarını alanda, ispan yarımmüdafiəçi fərdi şəkildə fiziki hazırlıq üzrə məşqçi ilə çalışdı. Məlum oldu ki, Miçelin bu gün meydana çıxmayacağı dəqiqdi.
Tribunaya toplaşan 20-yə yaxın gəncin kim olduğu isə məşqin ilk dəqiqələrində məlum oldu. “Qarabağ” buraya, əllər havaya” şüarını səsləndirənlər “İmarət”in üzvləri idi. Gənclər psixoloji yüklənməyə məruz qalan komanda üzvlərinə dəstək vermək, başqa cür desək, sahib çıxmaq üçün məşqi izləməyə gəlmişdilər.
“Şerif”in məşqini izləyəndə isə bilmirdik meydanda yaşananlara baxaq, yoxsa kababın adamı birtəhər edən iyindən qoxulayaq. Ətrafdakı restoranların manqallarında bişən kababların iyi və tüstüsü stadionu ağuşuna almışdı. Media-sektorda bizimlə yanaşı dayanan “Şerif” rəsmilərinin ətrafa boylandığını görəndə, nə haqda düşündüklərini anlamaq çətin deyildi. Elə futbolçular və məşqçilər də o gündəydi. Hə, onu da öyrəndik ki, Bakıya 21 futbolçuyla gələn “Şerif”i jurnalistlər və azarkeşlər müşayiət etməyib.
Azarkeş marağına gəlincə, durum ürəkaçan deyil. Dünən günorta saatlarına olan məlumata görə, oyuna cəmi 13 min bilet satılmışdı. Matçın başlama saatına qədər bir o qədər də satılacağını təxmin etsək, stadionun dolmayacağı dəqiqdi. Qazonun durumu isə BATE ilə oyundakına nisbətən yaxşılaşıb. Təbii, ilkin görüntü xoş idi. Oyunun gedişində ortaya müəyyən nöqsanların çıxacağı şübhə doğurmur.
HƏBİB