Yusif Vəliyev: “Həm Bakıdan, həm də regionlardan yeni iştirakçılar olacaq”
Ölkə futbolunun aktual problemlərindən biri bölgələrdə bu idman növünün tənəzzülə uğramasıdı. 90-cı illərdə, demək olar ki, bütün rayonlarımızda böyük futbol var idi. Ancaq tədricən futbolumuzun coğrafiyası kiçilməyə başladı. 2004-cü ildəki “futbol inqilabı” qismən geridönüşə rəvac versə də, bu parıltı müvəqqəti xarakter daşıdı. Region klublarının bir-bir sıradan çıxması tribunaların boşalmasıyla düz-mütənasiblik təşkil etdi. İndi bölgədə çıxış edən yalnız “Qəbələ” var. Elita bir növ Bakı çempionatına dönüb. Heç olmasa, 1-ci diviziona baxıb təsəlli tapırdıq. Hətta futbol ictimaiyyətinin bir çox nümayəndəsi əsl ölkə çempionatının aşağı dəstə olduğunu söyləyirdi. Ancaq “oyun alveri”ylə mübarizə adı altında aparılan “təmizlik” əməliyyatı nəticəsində divizion da kiçilib əl yumağına döndü. İndi bu yarışa da maraq qalmayıb.
AFFA məlum problemin həlli üçün Region Liqası layihəsini ortaya atıb. Ötən mövsüm ilk oldu. İlk yarışda xeyli nöqsanlar qeydə alınsa da, debüt olduğuna görə hardasa bunları başa düşmək olardı. Ancaq bu dəfə ilk mövsümdəki çatışmazlıqları aradan qaldırmaq labüddü. Yarışı daha mütəşəkkil qaydada keçirmək lazımdı. Qurban bayramından öncə əlaqə saxladığımız AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev avqustun 25-də qeydiyyat prosesinin başa çatacağını söyləmişdi. İştirakçıların sayını və adlarını öyrənmək üçün yenidən qurum rəsmisiylə danışdıq. Düzdü, Vəliyevdən bu sualımıza dəqiq cavab ala bilmədik. Ancaq yarışla bağlı yeni məlumatlar öyrəndik: “Komandaların qeydiyyat prosesi başa çatıb. Çempionatın iştirakçılarının hər biriylə görüşlər keçirmişik. Artıq komandaların Region Liqasında iştirakına icazə verilib. Böyük ölçüdə iştirakçıların sayı ötənilkindən çox olacaq. Biz istəyirik ki, yarışa qoşulan komanda davamiyyətli olsun. Mövsümün gedişində çempionatda çəkilməsin. Bildiyiniz kimi, ötən il belə mənfi hal yaşanmışdı. Yeni komandaların potensiallarını araşdırırıq. Riskləri minimuma endirməyə çalışırıq. Bu həftənin sonu, uzağı gələn həftə Region Liqasının yeni mövsümünün bütün iştirakçılarının adını ictimaiyyətə açıqlayacağıq. Komandalarla görüşləri İşçi Qrupu həyata keçirir. Artıq iştirakçıların oyunçularının qeydiyyatına start verilib. Həm Bakıdan, həm də regionlardan yeni iştirakçılar olacaq. Əksəriyyət isə ötən il bu yarışda mübarizə aparan komandalardı. Demək olar ki, bütün zonalarda komanda sayı aşağı-yuxarı eyni olacaq. Reqlamentdə isə cüzi dəyişikliklər gözlənilir. Ötənilki yarışla əsas fərq oyun sayında olacaq. Ötən il Region Liqası gec start götürdü. Bu üzdən oyun sayı az oldu. Turnirdə cəmi 151 görüş baş tutdu. Bu mövsüm qarşılaşmaların sayı daha çox olacaq. Verilən qərara əsasən, çempionat sentyabrın sonlarında start götürəcək. Hazırda finalın yeri ilə bağlı fikir mübadiləsi aparılmayıb. Çünki buna hələ çox var. Pley-off mərhələsinin ev-səfər prinsipi ilə keçiriləcəyi istisna deyil. Təbii ki, müəyyən mükafat fondu da olacaq. Ancaq buna və başqa məsələlərə gələn həftə aydınlıq gələcək. İşçi Qrupunun son iclasından sonra Region Liqasının yeni Əsasnaməsi ictimaiyyətə təqdim olunacaq”.
Xatırladaq ki, ötən mövsüm Region Liqasında 32 komanda iştirak edib və finalda Mingəçevir “Energetik”inə qalib gələn Sumqayıt “Uğur”u çempion olub.
SƏRXAN