“Bu xal uşaqlarda özünəinamın yaranması baxımından vacib idi”
Birinci divizionun ilk turunda MOİK-ə uduzan “Sabah-2” ikinci turda səfərdə “Neftçi”nin müvafiq komandası ilə heç-heçə (0:0) etdi. Oyundan sonra komandanın baş məşqçisi Vasif Haqverdiyev “Sabah”ın mətbuat xidmətinə açıqlama verib: “MOİK-ə məğlubiyyət uşaqlarda bir qədər ruh düşkünlüyü yaratmışdı. Bu 3 gün ərzində çalışdıq ki, onları bu oyuna kökləyək. “Neftçi” Azərbaycanın ən köklü klublarındandı. Yaxşı, istedadlı futbolçuları var. Bu cür komandaya qarşı oyuna köklənmək problemi ola bilməzdi. Uşaqlarda özünəinam hissinin yaranması baxımından bizim üçün vacib qarşılaşma idi. İki fərqli hissə izlədik. İlk yarıda o qədər də yaxşı təsir bağışlamadıq. Rəqibin fərqlənmək üçün bir neçə fürsəti oldu. Bizim isə bir real qol şansımız olsa da, dəyərləndirə bilmədik. Fasilədən sonra toparlandıq. Bir az daha yaxşı oynamağa başladıq. Bu 1 xal uşaqlarda özünəinamın yaranması baxımından vacib idi. Gərgin qarşılaşma oldu. Futbolçularıma meydanda xarakter nümayiş etdirdiklərinə görə təşəkkür edirəm. Uşaqlar təcrübə topladıqca daha baxımlı oyun nümayiş etdirəcəyik. Onlara inamım çoxdu. Klubumuzun əsas strategiyası da bu futbolçulara təcrübə qazandırmaqla əsas komandaya cəlb etməkdi”.