U-17 Qazaxıstanda təşkil olunan “Prezident kuboku”nda iki oyun keçirib. Yığma öncə qırğızıstanlı həmyaşıdları ilə qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb. Qolları Rauf Məhərrəmmov, Musa Qurbanlı və Veysəl Rzayev vurub. Ramin Quliyevin yetirmələri daha sonra Qazaxıstanla üz-üzə gəlib. Həmin matçda qalib müəyyənləşməyib (1:1). U-17-nin heyətində Musa Qurbanlı fərqlənib. Bu nəticələrdən sonra qrupda birinci yeri tutan komandamız finala vəsiqə qazanıb. Milli bu gün, saat 15.00-da həlledici oyunda digər qrupun qalibi Krasnodar Futbol Akademiyasının U-17 komandası ilə qarşılaşacaq.
Qzaxlarla görüşdən sonra baş məşçqi Ramin Quliyev bunları deyib: “Qazaxıstanı yaxşı təhlil etmişdik. Yaxşı oyunçulardan ibarət komanda formalaşdırıblar. Ağır qarşılaşma oldu. Hər iki tərəf meydanda sona qədər mübarizə apardı. Finala vəsiqə qazanmaq üçün bizi heç-heçə qane edirdi. Rəqibin meydan sahibi olduğunu nəzərə alsaq, uşaqlarda əlavə təzyiq var idi. Futbolçularımız ilk dəqiqələrdən qələbə qazanmaq üçün meydana çıxdıqlarını rəqibə hiss etdirdilər. Birinci hissədə daha üstün oynasaq da, şanssızlıqdan qapımızda qol gördük. Buna baxmayaraq, uşaqlar xarakter nümayiş etdirərək ikinci hissəni də yüksək tempdə keçirdilər. Yekunda lazım olan qolu vurmağı bacardıq.... İşimizin çox olduğunu unutmamalıyıq. Qol epizodlarından istifadə etmək və müdafiə fazasında daha da etibarlı oyun göstərmək üçün çalışmalıyıq. Qarşıda bizi final oyunu gözləyir, uşaqların qısa zamanda bərpa olmalarına çalışırıq. Rəqibi təhlil edirik. Çalışacağıq ki, finalda da keyfiyyətli oyun sərgiləyək”.