Sizin reklam burada

“Qəbələ”ni öz yetirməsi vurdu

Baxış Sayı:1 222

“Qəbələ”ni öz yetirməsi vurdu
10. Qəbələ - Sumqayıt 1:1 (1:0)
22. Dmitri Bezotosnı – 5,0
34. Ürfan Abbasov (k) – 4,5
3. Voislav Stankoviç – 5,0
5. Rasim Ramaldanov – 4,5
(11. Asif Məmmədov, 80) – qiymətsiz
18. İlqar Qurbanov – 5,0
8. Qismət Alıyev – 4,5
88. Sabien Lilay – 4,5
33. Təmkin Xəlilzadə - 5,5
17. Ceyms Adeniyi – 5,0
(21. Lalavele Atakora, 72) – 4,5
28. Stiven Jozef-Monroz – 5,0
10. Rauf Əliyev – 5,0
Ehtiyat oyunçular
23. Aqil Məmmədov
35. Murad Popov
4. Elvin Camalov
7. Roman Hüseynov
26. Faiq Hacıyev
27. Bəhlul Mustafazadə
32. Amin Seydiyev
99. Abbas Ağazadə
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Təmkin Xəlilzadə

1. Mehdi Cənnətov – 5,5
74. Yusif Nəbiyev – 5,5
4. Şəhriyar Əliyev – 6,0
14. Bəxtiyar Həsənalızadə - 5,5
2. Rail Məlikov (k) – 5,5
(70. Ülvi İsgəndərov, 85) – qiymətsiz
99. Əli Babayev – 5,5
10. Aleksey İsayev – 5,5
7. Cavid Tağıyev – 5,0
(11. Atilla Yıldırım, 46) – 5,0
60. Elvin Məmmədov – 5,0
(97. Xəyal Nəcəfov, 70) – 5,0
21. Arif Daşdəmirov – 5,0
17. Nicat Qurbanov – 4,5
Ehtiyat oyunçular
15. Orxan Sadıqlı
3. Vurğun Hüseynov
18. Süleyman Əhmədov
44. Qvanzav Maqomedov
77. Murad Xaçayev
Baş məşqçi: Nazim Süleymanov
Komandanın ən yaxşısı: Şəhriyar Əliyev
Qollar: T.Xəlilzadə, 43-p. (1:0). Y.Nəbiyev, 90+3 (1:1, Ş.Əliyev).
Vərəqələr: N.Qurbanov, 33 (qeyri-idman hərəkəti). R.Məlikov, 42 (qeyri-idman hərəkəti). A.İsayev, 45+1 (qeyri-idman hərəkəti). T.Xəlilzadə, 90+1 (oyunun bərpasını ləngitmək) – sarı. N.Qurbanov, 77 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Nahid Əliyev, Cavanşir Yusifov, İnqilab Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Eldar Qasımov (Bakı).
25 avqust. Qəbələ. Şəhər stadionu. 300 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Komandaların adı baxımından oyun diqqətçəkən görünməsə də, yekun nəticənin necə olacağı maraqla gözlənilirdi. Ötənilki komandalar olsaydı, əlbəttə, hələ qarşılaşmadan əvvəl səs-küy qopardı. Amma hər iki kollektivdə kifayət qədər dəyişikliyin yaşanması, üstəgəl, çempionatın əvvəli olması görüşü sıradan oyun halına salırdı. Qələbə hər iki tərəf üçün olduqca önəmliydi. Meydan sahibləri bir tur əvvəl “Neftçi”yə boyun əydiyindən, bu dəfə doğma azarkeşləri önündə 3 xal qazanmağa, sadəcə, borclu idi. Qonaqlar isə “Sabah” üzərindəki darmadağının təsadüf olmadığını sübut etməliydi.
Nazim Süleymanov “qalib heyəti dəyişməzlər” prinsipinə sadiq qalıb “11-liy”i dəyişməmişdi. Əvəzində “Neftçi”ylə görüşdə kobud səhvlərlə yadda qalan Elvin Camalovla Bəhlul Mustafazadənin adı start heyətinə salınmamışdı. Asif Məmmədovla Lalavele Atakoranın meydana sonradan daxil olması isə Sənan Qurbanovun taktiki planının nəticəsiydi.
Mövsümün əvvəlində “Sumqayıt”ı siyahıdan silənlər bu komandanın çempionata rəng qatacağına şahidlik etdi. Səfərdə, kifayət qədər güclü rəqibə qarşı oynamasına baxmayaraq, “kimyaçılar” ilk dəqiqələrdən meydanın rəqibə aid hissəsində pressinq etməklə bölgə təmsilçisinin istədiyi oyunu sərgiləməsinə imkan vermirdi. Düzdü, topa nəzarət qəbələlilərdə idi. Amma heç cür rəqibin cərimə meydançasına yaxın düşə bilmirdilər. “Qırmızı-qaralar”ın oyunda ilk təhlükəli vəziyyəti 29-cu dəqiqədə yaratdığını yada salsaq, əlavə şərhə ehtiyac qalmaz. Halbuki “Sumqayıt” buna qədər 3 dəfə hesabı açmağa yaxın olmuşdu. İsayevin zərbəsi istədiyi kimi alınmamış, Nicatın ötürdüyü topa Yusifdən öncə Qismət ayaq qoymuş, Yusifin qüvvətli zərbəsini Bezotosnı çətinliklə dəf etmişdi. Qonaqların hücumlara ara verməməsi, xüsusən də cinahda yer alanların fəallığı sanki “Qəbələ”liləri çaşdırmışdı. Buna baxmayaraq, fasiləyə qədər tablodakı “0-lar”dan biri “1”ə çevrildi. İlqarın cərimə meydançasına asması zamanı Rauf topa sahib olmaq istəyirdi ki, Rail onu yıxdı. Hakim haqlı olaraq “nöqtə”ni göstərdi, topun başına keçən Xəlilzadə Cənnətova şans yeri qoymadı.
Vurulan qol meydan sahiblərinin oyununa yaxşı mənada təsir etdi. Odu ki, ikinci yarının əvvəlində daha çox bölgə təmsilçisinin hücumlarının şahidi olurduq. 49-cu dəqiqədə İlqarın növbəti ideal ötürməsi zamanı Raufla Adeniyidən biri topa toxuna bilsəydi, sonda kimin qalib gələcəyinə şübhə yeri qalmayacaqdı. Lakin bu iki nəfərdən heç biri qol müəllifi ola bilmədi. “Qəbələ”nin heyətində əzmkar oyun sərgiləyən, həm müdafiəyə kömək edən, həm də hücumların qurulmasında yaxından iştirak edən Təmkin nə qədər çalışsa da, komanda yoldaşları onun zəhmətinin qarşılığını qolla verə bilmirdilər. Gah tələsir, gah da yanlış mövqe seçimi etməklə “Sumqayıt”ı ümidləndirirdilər. Oyunun ən maraqlı anında Nicat Qurbanov rəqibə qarşı gərəksiz vəziyyətdə kobudluq edib qarşısında ikinci “sarı”nı gördü ki, paltardəyişmə otağına vaxtından əvvəl yollandı. Artıq oyunun başa çatdığını, “Qəbələ”nin növbəti dəfə fərqlənəcəyini düşünənlər gümanında yanıldı. Nazim Süleymanov ikinci yarının əvvəlində Atillanı döyüşə atmışdısa, sona yaxın riskə gedib başqa bir hücumçu Ülvi İsgəndərovu da meydana buraxdı. Təzyiqi artıran qonaqlar istədiyi qolu vura bildi. Hücuma qoşulan Şəhriyarın qapı qarşısına havalandırdığı topu Ürfanın diqqətindən yayınan Yusif başla qapıdan keçirdi. Yusif də kim olsa yaxşdı? “Qəbələ”nin “Sumqayıt”da icarə əsasında top qovan futbolçusu.
Hesab bərabərləşəndən sonra qalan 1 dəqiqə ərzində nəsə etməyə çalışan “qırmızı-qaralar” çox çalışsalar da, istəyinə çata bilmədilər. Öz aramızdı, qol vuran bu vaxta qədər vurardı. Yekunda 1 xal qazanan “Sumqayıt” oldu. 3 oyundan sonra xal ehtiyatını 4-ə çatdıran sumqayıtlılar hazırda “Neftçi”ylə “Sabah”dan geri qalır. “Qəbələ”nin isə bu gedişlə çempionluq nədi, mükafatlardan birinə qovuşacağı belə inandırıcı görünmür.
HƏBİB

Gözdən qaçmadı
* Təmkin Xəlilzadə qol vurandan sonra sürətlə texniki zonaya tərəf gəlib, sevincini ehtiyat oyunçular skamyasında yer alan şəxslərdən biri ilə xüsusi şəkildə bölüşdü.
* Şənbə günü, uyğun başlama saatı, hava şəraiti də əlverişli. Buna baxmayaraq, yerli azarkeşlər komandalarını yenə tək qoymuşdu. Protokolda say 300 göstərilsə də, tribunalardakı tərəfdarların sayı 200-ü ötməzdi. Bu cür şəhərdə böyük futbolu yaşatmaqdansa, Gəncəyə, Tovuza, Mingəçevirə, Yevlaxa, Zaqatalaya aparmaq min dəfə yaxşıdı.
* 45-ci dəqiqədə Aleksey İsayev ikili mübarizədə Rauf Əliyevə qarşı aşkar kobudluq edəndən sonra “Qəbələ”nin hücumçusu ciddi zədə alıbmış kimi yerdə qaldı. Bunu görən Təmkin Alekseyin üzərinə hücum çəkincə, qarşısında Şəhriyar Əliyevi gördü. Bu ikilinin mübahisəsi bitməmiş bu dəfə araya Nicat Qurbanov girib Xəlilzadəni yerində oturtmağa çalışdı. Yazıq Təmkini ağzını açmağa peşman etdilər.
* “Red Black Army” azarkeş qrupu yayda “Qəbələ”yə arxa çevirmiş Baqali Dabonu bu oyunda da unutmamışdı. “Səbail”lə matçda “oyunçular gedər, kişilər qalar” deyən fanklub üzvlərinin budəfəki şüarı fransızcadan tərcümədə təxminən belə səslənirdi: “əsl kişi sözünün üstündə durar”.

Reaksiyalar
Sənan Qurbanov: Tam fərqli planlarımız var idi. Sanki hər şey 180 dərəcə çevrildi. Rəqib azlıqda qaldıqdan sonra da təşəbbüsü əldən vermədi. Arxada qalan 3 oyundan ən pisini keçirdik. Belə baxanda, uşaqları oyuna kökləmişdik. Ötən turdakı məğlubiyyətdən sonra mütləq qalib gəlməliydik. On nəfərlə qalan rəqiblə qarşılaşmada qələbə hesabını qorumamaq olduqca pis haldı. Etiraf edirəm ki, bu gün qələbəyə layiq deyildik. Rasim yerə yıxılandan sonra başı gicəlləndi. Bu səbəbdən də Asif Məmmədovu oyuna daxil etdim ki, oyuna nəzarəti əldə saxlayaq. Təəssüf ki, bu da bəhrə vermədi”.
Nazim Süleymanov: Maraqlı oyun izlədik. Baxmayaraq ki, qapımıza təmiz penalti təyin edildi və rəqib hesabda önə keçdi. Futbolçularıma təşəkkür edirəm ki, azlıqda qalsaq da, mübariz ruh nümayiş etdirdilər və son dəqiqələrdə bərabərlik qolunu vura bildilər. 3 oyuna topladığımız 4 xal uğurlu nəticə hesab edilə bilərmi? Açığı, qarşımıza konkret neçə xal toplamaq məqsədi qoyulmayıb. Ona görə də xal sayı ilə bağlı nəsə demək istəmirəm. Bacardıqca irəli getməyi düşünürük. Yeni hücumçumuz Atilla ikinci hissədə meydana daxil olsa da, xoş təsir bağışladı. Gördüyünüz kimi, güc futboluna üstünlük verir. Yaxşı ki, qarşıda fasilə var. Optimal forma yığa bilər. Vurğunun kiçik zədəsi var idi. Ona görə də ehtiyatda qalmışdı. Cavid Tağıyevə gəlincə, ilk yarıda çox qaçdı, yorulduğunu hiss etdik və fasilədə onu əvəzlədik”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR