Sizin reklam burada

“Neftçi”ni legionerləri sevindirdi

Baxış Sayı:1 052

“Neftçi”ni legionerləri sevindirdi
8. Neftçi (Bakı) – Qəbələ 2:1 (1:0)
1. Səlahət Ağayev – 6,0
21. Məhəmməd Mirzəbəyov – 5,5
25. Kiril Petrov – 5,5
5. Anton Krivotsyuk – 5,5
18. Tural Axundov – 5,5
93. Soni Mustivar – 5,0
8. Emin Mahmudov (k) – 5,5
10. Dario Federiko – 6,0
(17. Rəhman Hacıyev, 83) – qiymətsiz
6. Qoran Paratski – 6,0
9. Baqali Dabo – 6,5
(77. Elvin Sərkərov, 86) – qiymətsiz
11. Kvame Karikari – 5,0
(22. Mirabdulla Abbasov, 73) – 4,5
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
7. Namiq Ələsgərov
12. Kamran İbrahimov
26. Ömər Buludov
28. Slavko Braliç
37. Vüsal Əsgərov
70. Əli Şirinov
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Baqali Dabo

22. Dmitri Bezotosnı – 5,0
34. Ürfan Abbasov (k) – 5,0
3. Voislav Stankoviç – 4,0
27. Bəhlul Mustafazadə - 4,0
18. İlqar Qurbanov – 5,5
4. Elvin Camalov – 3,5
(28. Stiven Jozef-Monroz, 46) – 5,5
88. Sabien Lilay – 5,0
21. Lalavele Atakora – 4,5
(10. Rauf Əliyev, 65) – 5,5
11. Asif Məmmədov – 5,5
33. Təmkin Xəlilzadə - 6,0
17. Ceyms Adeniyi – 5,5
Ehtiyat oyunçular
35. Murad Popov
5. Rasim Ramaldanov
7. Roman Hüseynov
8. Qismət Alıyev
26. Faiq Hacıyev
32. Amin Seydiyev
99. Abbas Ağazadə
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Təmkin Xəlilzadə
Qollar: B.Dabo, 36 (1:0). D.Federiko, 48 (2:0, Q.Paratski). R.Əliyev, 86 (1:2, S.Jozef-Monroz).
Vərəqə: E.Camalov, 40 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Yaşar Abbasov, Akif Əmirəli, Ömər Paşayev (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Elbrus Abbasov (Ağdam).
19 avqust. Mərdəkan. Dalğa Arena. 600 tamaşaçı (6700 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Avroliqanın ilk mərhələsində mübarizəni dayandırıb, çempionatın ilk turunda qələbə qazananlar “Dalğa Arena”da üz-üzə gəldi. Bordinin mövsümün ilk qolunun müəllifi Mirabdullanı ehtiyatda saxlaması gözlənilməz idi.
Xəfif Xəzri küləyinin sərinlik qatdığı havada baş tutan oyunu izləyənlər qətiyyən darıxmadı. Çünki təhlükəki vəziyyətlərin sayı-hesabı itmişdi. Komandalar topu meydanın mərkəzində çox dığırlamağı sevmirdi. Topu ələ keçirən kimi dərhal hücuma atılır, onu qapıdan keçirməyə çalışırdılar. Hərçənd ilk hissənin əvvəllərində qonaqlara topa toxunmaq nadir hallarda qismət olurdu. Nədənsə arxa xətdə çaşqınlıq hökm sürürdü. 3-cü dəqiqədə Mustafazadənin kobud səhvindən sonra Dabonun fərqlənməsinə yerində “sürüşmə” fəndini icra edən Stankoviç imkan vermədi. Ancaq Bəhlul 5 dəqiqə sonra borcunu qaytardı. Bu dəfə Voislavın uzaqlaşdıra bilmədiyi topu ələ keçirən Karikari qol vurmağa yaxın olsa da, son anda Bəhlul təhlükəni sovuşdurdu. 11-ci dəqiqənin tamamında Axundovun uzaqdan zərbəsində dəqiqlik çatmadı.
8 dəqiqə sonra “Qəbələ”nin qapıya ilk zərbəsi Xəlilzadədən gəldi. Ancaq Ağayev sayıqlığını itirmədi. Heç bir dəqiqə keçməmiş ani əks-hücumda Federikonun itibucaq altından vuruşu cüzi fərqlə qapıdan yan keçdi. Yarımsaatın tamamında Təmkinin yerinə yetirdiyi növbəti cərimə zərbəsi Səlahətin qucağına getdi. Az sonra Mahmudovun vuruşu yaddaqalan olsa da, “çərçivə”yə düşmədi. Bu dəqiqələrdə dinamika son həddə çatmışdı. Azarkeşlər gah bu, gah da digər qapı önündə təhlükəli vəziyyətə şahidlik edirdilər.
Çoxgedişli kombinasiyanı Asif boşa verdikdən sonra Atakoranı əla keçən Federikonun fərqlənməsinə Bezotosnı imkan vermədi. Karikarinin zərbəsi isə qapının üstündən keçdi. Nəhayət, “Neftçi”nin ön xətdə pressinqi fayda verdi. Camalovun kobud səhvi həlledici oldu. Topu başla Dimaya atmaq istəyən Elvinin ötürməsi qısa qalınca, Baqali topa sahib çıxıb, qapıçını da aldadaraq sabiq komandasını məyus etdi.
“Qəbələ”nin çalışdırıcısı ikinci yarıya əvəzetməylə başladı. Qurbanov Camalovun yerinə Jozef-Monrozu buraxdı. Bu dəyişiklik qonaqların oyuna ağırlığını qoymasına şərait yaratdı. Əvvəlcə Abbasovun asması az qala qapıdan keçəcəkdi. Ancaq Ağayev yenə səhvə yol vermədi. Korner asmasını isə Adeniyi qola çevirə bilmədi. Əvəzində “Neftçi” fərqi iki topa çatdırdı. Bu dəfə də “qırmızı-qaralar”ın səhvindən sonra qol vuruldu. Stankoviçlə Mustafazadənin anlaşmazlığından istifadə edən Paratski cərimə meydançasında nəzarətsiz qalan Federikonu gördü. “Sambaçı” çətinlik çəkmədən “Neftçi”nin formasında ilk qoluna imza atdı.
Ancaq fərqin artması “Qəbələ”ni ruhdan salmadı. Əksinə, Rauf Əliyev meydana çıxandan sonra “ağ-qaralar”ın müdafiə xətti nəfəs almağa imkan tapmırdı. Son 30 dəqiqədə başverənləri boks kimi təsəvvür etsək, “Neftçi”ni rinqin kanatlarına sıxılmış boksçuya bənzədə bilərik. Ancaq hərdən bu vəziyyətdə əlcək ustaları tutarlı əks-zərbələr vurur. Flaqman da belə edirdi, amma nokaut baş tutmurdu. Halbuki Karikari və Dabo rəqibin bütün ümidlərini qıra bilərdi. Müdafiənin “başını buraxan” “Qəbələ” isə aramsız cinah həmlələrini davam etdirirdi. 66-cı dəqiqədə Jozef-Monrozun zərbəsini Ağayev tuta bildi. 3 dəqiqə sonra Eminin “mərmi”si cüzi fərqlə qapının yanından keçdi. 70-ci dəqiqədə bəxt də “Qəbələ”dən üz döndərdi. İlqarın asmasını Ürfan başla tamamlasa da, Turala çarpan top tirdən döndü. Az sonra Lilayın cərimə zərbəsini Səlahət dəf etdi. İlk turun ən yaxşı futbolçusu seçilən Turalın 79-cu dəqiqəyə təsadüf edən vuruşu da yetərincə təhlükəli alındı. 5 dəqiqə sonra Səlahət növbəti dəfə ustalığını nümayiş etdirdi. Yığma üzvü həm Abbasovun, həm də Mustafazadənin başla fərqlənməsinə imkan vermədi. Ancaq təcrübəli qapıçı növbəti hücum dalğasının qarşısını ala bilmədi. Jozef-Monrozun qapıya paralel ötürməsini dəqiq tamamlayan Əliyev qırmızı-qara formada ilk qoluna imza atdı. Ancaq “Qəbələ”nin bundan artığına gücü çatmadı. Son dəqiqələrdə Bəhlulun növbəti kobud səhvindən sonra Mirabdullanın yüzfaizlik qol vəziyyətini qaçırdığını da nəzərinizə çatdıraq.
SƏRXAN

Gözdən qaçmadı
* “Neftçi”nin jurnalistlər üçün ayırdığı avtobus 16.30-da “Gənclik” metrostansiyası yaxınlığından hərəkət etdiyindən “Dalğa Arena”ya çatanda hələ oyuna bir saatdan çox qalırdı. Qapılardan birinin xətti hələ yeni çəkilir, “Forza Neftçi”nin bəzi üzvləri fankluba məxsus parçaları məhəccərdən asırdı. Az sonra “Qəbələ”nin azarkeşləri də yavaş-yavaş tribunada göründü. Ancaq ümumilikdə oyuna maraq böyük deyildi. Yaxşı ki, fanklublar fəal idi. Bu üzdən azarkeş qıtlığı o qədər də hiss olunmurdu.
* “Neftçi”nin sabiq üzvü Rəşad Sadiqov “CBC Sport”un qonağı idi. Oyundan əvvəl fikirlərini açıqlamaq üçün telekanalın dəvətiylə “Dalğa Arena”ya gələn veteran futbolçunu meydanın kənarında görən “ağ-qaralar”ın bir neçə üzvü onunla görüşüb hal-əhval tutdu. * “Dalğa Arena”da diktor vəzifəsini ilk dəfə “Azərbaycan radiosu”nda çalışan həmkarımız İlkin Baba yerinə yetirirdi.
* Hər iki baş məşqçi yetərincə emosional idi. Ancaq “Qəbələ”də bonus kimi Elmar Baxşiyev də yerində sakit otura bilmir, tez-tez futbolçulara səslənirdi.
* Baqali Dabo hesabı açandan sonra əllərini ürək formasına salıb, kim(lər)əsə ünvanladı. Bunun “Qəbələ”nin, ya “Neftçi”nin azarkeşlərinə, yaxud ailəsinə şamil olunduğunu müəyyənləşdirə bilmədik.
* Komandalar ikinci hissəyə çıxıb, meydanda yerini tutduqdan sonra “Neftçi”nin məşqçilər korpusu qaça-qaça texniki zonaya tələsirdi.
* İkinci hissədə Bordinin ulduzu 4-cü hakimlə barışmırdı. İtalyan mütəxəssis Ömər Paşayevin əvəzetmələri gec həyata keçirməsindən narazı idi. Bu əvəzetmələr zamanı “Neftçi”lilərin ləngiməsi isə Qurbanovu özündən çıxardı. Dabonun sürünə-sürünə meydanı tərk etməsi Sənan bəyin səbr kasasını daşırdı. “Ayə, Rəhim, 5 dəqiqə “zamen” olar?” deyə uzaqdakı hakimə səslənən gənc çalışdırıcı oyuna artırılan 4 dəqiqənin də az olduğunu düşünürdü.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR