Şeydayev: “Burda Rusiya vətəndaşı kimi oynamağım haqda sualı klub rəhbərliyinə verin”
Rusiya çempionatında 4-cü turun oyunları keçirilib. “Krılya Sovetov” doğma meydanda son çempion “Lokomotiv”ə uduzub – 0:1. Ramil Şeydayev 81-ci dəqiqədə yeni komandasında debüt edib. 4 xalla 15-ci pillədə qərarlaşan samaralılar növbəti turda “Yenisey”in qonağı olacaq.
Qarşılaşmadan sonra rusiyalı həmkarlarımızın obyektivinə tuş gələn yığmamızın hücumçusu ayaqüstü bir neçə sualı cavablayıb: “Hər şey əladı. Bir həftədi burdayam və məşqlərə çıxıram. Özümü oynamağa hazır sayıram. Baş məşqçi məsləhət bilsə, növbəti oyunlar üçün hazıram. “Mattersburq”a keçmək söhbəti olmayıb. Bu, sadəcə, şayiədi. Orda oynayacağımla bağlı müsahibə verməmişəm. Mən ora getmək istəmədim. Burda Rusiya vətəndaşı kimi oynamağım haqda sualı klub rəhbərliyinə verin. Mən futbolçuyam. Belə şeylərə baş qoşacam? Yeni komandamda debüt etdim. Təəssüf ki, heç nə edə bilmədim, uduzduq. Yaxşı mübarizə apardıq, amma bunu hesabda əks etdirmək lazım idi. İnşallah, növbəti oyunlarda yaxşı olar”.
Oyunsonrası mətbuat konfransında isə “Krılya Sovetov”un baş məşqçisi Andrey Tixonov Ramil haqda sualı belə cavablayıb: “Şeydayev hələ hazır deyil. O daha da inkişaf etməli və formasını yaxşılaşdırmaq üçün çalışmalıdı”.
Bu arada “Krılya Sovetov” soydaşımızın Rusiya premyer-liqasının rəsmi saytında bu ölkənin vətəndaşı kimi göstərilməsinə aydınlıq gətirib. Samara təmsilçisinin mətbuat xidməti “Report”un sorğusuna cavab olaraq bildirib ki, bu addım 22 yaşlı hücumçuya işçi vizası almamaq üçün atılıb: “Onun iki vətəndaşlığı var: Rusiya və Azərbaycan. O, Rusiya vətəndaşı kimi sifariş olunur. Çünki belə olan halda, qanunla iş üçün icazə almağa gərək yoxdu. Bu üzdən həmin saytda Rusiya vətəndaşı kimi göstərilib. Ancaq futbol qaydalarına görə, o, legioner sayılır. Çünki başqa ölkənin yığmasında çıxış edən oyunçu Rusiya millisinin formasını geyə bilməz. Bu hüququ olmayanlar isə legioner hesab olunur”.
İndi isə keçək digər legionerlərimizə. Portuqaliya sequndasında 2-ci turun oyunları keçirilib. “Eştoril” səfərdə “Braqa”nın ikinci komandasına qalib gəlib – 1:0. 46-cı dəqiqədə meydana çıxan Renat Dadaşov 57-ci dəqiqədə matçdakı yeganə qola imza atıb. Bu, yığma üzvünün yeni komandasında ilk qolu olub. Ancaq Dadaşov buna çox da sevinə bilməyib. Çünki qarşılaşmaya artırılmış 2-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 6 xalla turnir cədvəlinə başçılıq edən “Eştoril” növbəti turda “Leykşoes” səfərinə yollanacaq.
Ukrayna premyer-liqasının 5-ci turunda “Dinamo” Kiyevdə “Aleksandriya”nın qələbə seriyasını 1 qolla qırıb. Pavel Paşayev yenə 90 dəqiqə oynayıb. Məğlubiyyətə baxmayaraq, 12 xalla “Dinamo”yla zirvəyə şərik olan “Aleksandriya” növbəti turda “Vorskla”nı qəbul edəcək.
Türkiyənin 1-ci liqasında 2-ci tur geridə qalıb. “Girəsunspor” səfərdə “Osmanlıspor”u üstələyib - 1:0. Ozancan Kökcü qələbəni ehtiyat oyunçular skamyasından izləyib. “Gənclərbirliyi” isə rəqib meydanında “Altınordu”dan güclü olub – 2:1. Dəniz Yılmaz 71-ci dəqiqədə meydana çıxıb. “Girəsunspor”la “Gənclərbirliyi”, eləcə də Ufuk Budakın şərəfini qoruduğu “Boluspor” 6 xalla liderlər qrupunda qərarlaşıb. Növbəti turda “Girəsunspor” – “Elazığspor”, “Gənclərbirliyi” – “Əskişəhərspor” və “Boluspor” – “Ümraniyəspor” qarşılaşmaları baş tutacaq.
Almaniya kubokunda yeni mövsümə start verilib. “Ertsgebirge” 1/32 finalda mübarizəni dayandırıb. İkinci bundesliqa təmsilçisi Auedə elitada çıxış edən “Maynts-05”lə bacarmayıb - 1:3. Start heyətində yer alan Dmitri Nazarov 71-ci dəqiqədə əvəzlənib.
Çexiyanın gənclər liqasında 5-ci turun oyunları keçirilib. “Slaviya” səfərdə “Hradeç”ə yenilib - 1:3. Fərid Nəbiyev 90 dəqiqə oynayıb və 3-cü dəqiqədə hesabı açıb. 3 xalla ilk “10-luğ”u qapayan “ağ-qırmızılar” növbəti turda evdə “Slovan”la qarşılaşacaq.
Latviya 1-ci liqasında “Dauqavpils” səfərdə “Auda”nı darmadağın edib - 6:0. Vüqar Əsgərov 90 dəqiqə oynayıb və bombardirlik kürsüsündə bir qədər də möhkəmlənib. Həmyerlimiz 7, 31, 35, 54 və 67-ci dəqiqələrdə rəqib qapısına yol tapmaqla penta-trikə imza atıb. Bununla da qollarının sayını 18-ə çatdırıb. 31 xalla 2-ci pillədə qərarlaşan “Dauqavpils” 15-ci turda “Balvu”nu qəbul edəcək.
Litva çempionatında 22-ci turun oyunları keçirilib. “Yonava” qələbə həsrətinə evdə “Palanqa”yla görüşdə son qoyub – 3:1. Start heyətində yer alan Tural Rzayev 60-cı dəqiqədə əvəzlənibsə, Kamran Quliyev sonadək ehtiyatda qalıb. 17 xalla sonuncu – 8-ci sırada yer alan “Yonava” növbəti turda səfərdə “Atlantas”la münasibətləri aydınlaşdıracaq.
İspaniya sequndasının açılış turunda “Alkorkon” evdə “Sportinq”in müqavimətini qıra bilməyib – 1:1. Eddi İsrafilov 84-cü dəqiqədə qazona ayaq basıb. “Alkorkon” ikinci turda “Malaqa” səfərinə yollanacaq.
Almaniyada kubok oyunları ilə bağlı çempionatlarda yaranmış fasilədə “Proyssen” Vestfalin Kuboku çərçivəsində oberliqa təmsilçisi “Brünninqhauzen”i darmadağın edib – 7:0. Matçı əvəzlənmədən keçirən Rüfət Dadaşov 35, 61 və 71-ci dəqiqələrdə vurduğu qollarla het-trik müəllifi olub.
SƏRXAN