Sizin reklam burada

“Qarabağ” qələbə, Mahir dubl ilə başladı

Baxış Sayı:831

“Qarabağ” qələbə, Mahir dubl ilə başladı
Qurban Qurbanov: “Rəşad karyerasını bitirmək istəyirdi, mən israr etdim”
5. Səbail - Qarabağ (Ağdam) 0:2 (0:1)

1. Emil Balayev - 4,5
13. Şəhriyar Rəhimov - 4,0
4. Perilyo Enrike - 4,0
99. Maudo Jarjue - 4,0
33. Tome Kitanovski - 4,0
5. Vüqar Bəybalayev - 4,0
27. Emil Martinov - 4,0
(21. Murtuz Abakarov, 85) - qiymətsiz
11. Ruslan Qurbanov - 4,0
14. Rahid Əmirquliyev (k) - 4,5
(22. Edqar Paçeko, 73) – 4,0
7. Fəhmin Muradbəyli - 5,0
28. Kevin Kubemba - 3,0
(18. Aqşin Qurbanlı, 73) - 4,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
26. Kamal Qurbanov
17. Elçin Rəhimli
70. Urfan İsmayılov
88. Orxan Qurbanlı
85. Xaliq İbrahimov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Fəhmin Muradbəyli

12. Şahruddin Məhəmmədəliyev - 4,5
25. Ansi Aqolli - 5,0
4. Rahil Məmmədov - 5,0
52. Yakub Jezniçak - 5,0
30. Abbas Hüseynov - 5,0
2. Qara Qarayev (k) - 5,0
(8. Miçel, 54) - 5,0
91. Coşqun Diniyev - 5,0
28. Con Delarj - 5,0
19. Filip Ozobiç - 5,5
11. Mahir Mədətov - 6,0
(18. İsmayıl İbrahimli, 88) - qimətsiz
7. İnnosent Emeqara - 4,5
(77. Vild-Donald Gerye, 70) - 5,0
Ehtiyat oyunçular
1. Hannes Halldorsson
13. Vaqner da Silva
5. Maksim Medvedev
6. Simeon Slavçev
88. Rafael Məhərrəmli
55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Mahir Mədətov
Qollar: M.Mədətov, 27 (0:1). M.Mədətov, 86 (0:2, C.Delarj).
Vərəqələr: E.Balayev, 4 (qeyri-idman hərəkəti). K.Kubemba, 36 (hakimin qərarına etiraz). E.Paçeko, 83 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RAMİL DİNİYEV, Knyaz Əmiraslanov, Vüqar Bayramov (hamısı Bakı), Rəvan Həmzəzadə (Şəki).
Hakim-inspektor: Əli Hüseynov (Bakı).
AFFA nümayəndəsi: Abas Hüseynov (Bakı).
18 avqust. Bakı. Bayıl Arena. 1050 tamaşaçı (3200 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
İlk turdakı oyunu təxirə salındığından, “Qarabağ" yeni mövsümə məhz "Səbail"lə matçda start verdi. "Köhlən atlar"ın BATE uğursuzluğundan sonra hansı durumda olduğu maraq doğururdu. Bu görüşü Qurbanovun komandası üçün "Şerif"lə duel ərəfəsində "böyük məşq" də adlandırmaq olardı. Meydan sahibləri isə son çempiona qarşı əlindən gələni edib xal(lar) qazanmaq niyyətində idi. Əslində təqvimin "Səbail" üçün o qədər də əleverişli olmadığını da qeyd etməliyik. Startda "Qəbələ", 2-ci turda "Qarabağ". Elə oyunsonrası mətbuat konfransında Hacıyevin bu məqamı qabartması da anlaşılan idi.
Gözlənildiyi kimi, Qurbanov ÇL oyunları ilə müqayisədə heyətə əməlli-başlı əl gəzdirmişdi. Arxa xətt tam dəyişdirilmişdi. Legioner qapıçıların ikisini də ehtiyatda saxlayan çalışdırıcı son günlər ən çox diqqət mərkəzində olan Rəşad Sadıqovun adını, ümumiyyətlə, iştirak ərizəsinə salmamışdı.
Öncə onu qeyd edək ki, Şahruddin sanki ilk dəfə premyer-liqada oyun keçirirdi. Hələ matçın əvvəlində onun yanlış ötürməsindən sonra Fəhmin az qala hesabı açacaqdı. Ancaq Jezniçak komandasını qoldan xilas etdi. Ümumiyyətlə, ilk 25-30 dəqiqədə "Qarabağ"ın müdafiəsindəki çaşqınlıq diqqəti çəkirdi... Hesab açılana qədər Delarjın fərqlənməsinə müdafiəçilər imkan verməmişdi. Qola gəlincə, Jarjuenin "ötürməsini" Mahir dəqiq zərbəylə tamamladı. Bundan sonra "Səbail"in oyunçuları iki həmləylə yadda qalsa da, "status-kvo"nu bərpa etmək mümkün olmadı. "Qarabağ" oyuna nəzarət edir, meydan sahibləri əsasən əks-hücumlara bel bağlayırdı. 43-cü dəqiqədə Mahirin fərqlənməsinə Emil imkan vermədisə, top Delarjın önünə düşdü. Ancaq sonuncu qapını nişan aımaqdansa, ötürmə etmək qərarına gəldi və Emeqaranın zərbəsini Balayev çətinlik çəkmədən zərərsizləşdirdi.
İkinci hissədə də təxminən eyni ssenarinin şahidi olduq. "Qarabağ" dominant tərəf olaraq topa daha çox nəzarət edir, "Səbail" əsasən müdafiə olunurdu. Hissənin əvvəlində Emil Delarjın qol sevinci yaşamaq arzusunu gözündə qoydu. Bundan sonra təxminən 20 dəqiqə qapılar qarşısında ciddi təhlükə yaşanmadı. Bu müddətdə Qurbanov Qaraya da dincəlmək imkanı yaratdı və onu Miçellə əvəzlədi. 68-ci dəqiqədə Emeqara Ozobiçin zəhmətini yerə vurdu. Ümumiyyətlə, İnnosent nə etdisə, “Kukesi” ilə oyunda etdi. BATE ilə görüşlərdə gözə dəyməyən, yalnız qırmızı vərəqə ilə “fərqlənən” forvard sanki bütün gücünü albanlarla oyunda “xərcləyib”. Onun Gerye ilə əvəzlənməsindən sonra “köhlən atlar” hücumda daha effektli olmağa başladı. Vild-Donald meydana çıxan kimi fərqlənməyə yaxın olsa da, Balayev əla reaksiya ilə qola imkan vermədi. 84-cü dəqiqədə Ozobiç pressinq tətbiq edib topu ələ keçirdi, ancaq zərbədən sonra dirək xorvatın sevinməsinə mane oldu. Yeri gəlmişkən, Hacıyevin əvəzetmələri isə bir işə yaramadı. Çox keçmədən Mahir ikinci qolu meydan sahiblərinin qapısından keçirdi. O, Delarjla “divar paslaşması”ndan sonra topu Emilin başı üzərindən tora göndərdi.
Təbii, Mahirin mövsümə dublla başlamasının önəmi böyükdü. Əvvəla, futbolçunun özünəinamı qayıdacaq. Bu isə istər “Şerif”lə pley-off oyunlarında, istərsə də millinin matçlarında xeyrimizə ola bilər. Çünki Moldova təmsilçisi ilə görüşdə Emeqaranın olmayacağını nəzərə alsaq, Mahir əsas qol ümididi. Bu arada Mədətovun ötən mövsümə də dublla başladığını qeyd edək.
“Qarabağ” çempionatdakı ilk oyununda qələbə qazanmaqla “Şerif”lə matça yüksək əhval-ruhiyyədə hazırlaşacaq. “Səbail” isə ikinci oyunda da nəinki xal qazana bildi, qol vurmağı da bacarmadı. Hacıyevin komandası müsbət mənada heç nə vəd etmir.
FARİZ

Gözdən qaçmadı
* Mövsümdə ilk dəfə "Bayıl Arena"da azarkeş sayı mini aşdı. Düzdü, "Qarabağ"ın tərəfdarlarının çox olduğu məlumdu. Maraqlısı burasındadı ki, "Səbail"i dəstəkləyənlərin sayı da kifayət qədər idi.
* Qurban Qurbanovun necə təmkinli biri olduğunu hamı bilir. "Səbail"lə görüşdə Mahir hesabı açarkən, təcrübəli mütəxəssis yenə ənənəsinə sadiq qaldı. Birmənalı şəkildə heç bir reaksiya vermədi. Nə jesti, nə də mimikası ilə.
* 85-ci dəqiqədə Miçel yerdə qaldığı üçün oyunda fasilə yarandı. Bu zaman Şəhriyar "Səbail"in ehtiyat oyunçular skamyasına üz tutub su istədi. Ancaq müdafiəçinin çağırışına cavabın ləngidiyini görən "Qarabağ"ın “ehtiyatından” Rəhimova su şüşəsi verdilər.
* "Qarabağ" azarkeşləri sevimlilərinə "Şerif"i də məğlub etməsi yönündə şüarlar səsləndirdilər.
* Matçın sonlarında "Qarabağ"ın iki fanklubu - "İmarət Tayfa" ilə "Qarabağ Ordu" arasında mübahisə düşdü. Azarkeş qrupunun üzvləri bir-birinin üzərində yerisə də, "söz savaşı" "yumruq savaşı"na çevrilmədi.
* Oyun başa çatsa da, "Qarabağ"ın oynamayan futbolçuları meydanda qalıb məşq etdilər.

Reaksiyalar
Qurban Qurbanov: "Futbolçularımı və azarkeşləri təbrik edirəm. Heyətdə xeyli dəyişiklik etmişdik, bununla belə, pis oynamadıq. Komanda nəticə qazanmağı bacardı. “Səbail”ə uğurlar arzulayıram... BATE ilə oyunda uğursuzluq yaşadıq, belə olmasını istəməzdik. Hər iki matçda meydanda ən yaxşısını etməyə çalışdıq. Ümumi oyun planınıda bizdə pis alınmadı. Xüsusən səfər görüşündə yaxşı çıxış etdik. Vurduğumuz qolun üzərində də çalışmışdıq. Doğrudu, çatışmazlıqlar var. ÇL-də mübarizəni dayandırdığımız üçün üzgünəm. Avroliqadakı rəqibimiz "Şerif" təcrübəli komandadı. Vaxtımız azdı. Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik. “Şerif”i də təhlil edirik. Bu komandada ötən illə müqayisədə dəyişikliklər var... Rəşadla bağlı müzakirələrə gəlincə, bilirsiz ki, mən belə şeylərdən uzaq olmağa çalışıram. Əvvəla, bütün azarkeşlərin onun karyerasını bitirməsini istəməsinə inanmıram. İkincisi, Rəşadı məndən yaxşı tanıyan olmaz. Neçə illərdi bir yerdə işləyirik. Onun karyerasını oyunçu kimi davam etdirməsini mən israrla istədim. Hansı ki, özü karyerasını bitirmək istəyirdi. Ona görə yox ki, gücü qalmayıb. Sadəcə, bu söhbətlərə görə həmin fikrə düşmüşdü. Bu cür söz-söhbətlər keçən il də, ondan əvvəlki il də var idi. Mən isə davam etməsini israr etdim. Rəşadın gücünə arxayınam. Onun necə oyunçu, kapitan olduğunu yaxşı bilirəm. Nə gücü tükənib, nə də oyunu zəifləyib. Səhv axtarsaq, çox futbolçuda taparıq. Sadəcə, üzdə olan insan daha çox müzakirə olunur. Onun səhvi daha çox görünür, nəinki yaxşı oyunu, gördüyü işi. Buna normal baxıram. Azarkeşlərimiz, bizi sevənlər çoxdu. Hətta bu fikirləri bildirənlərə də hörmətlə yanaşıram. Futbol elə bir idman növüdü ki, daim müzakirə olunur. Böyük futbolçular daim diqqət mərkəzindədi. Bir məşqçi olaraq, Rəşadın həm meydanda, həm də meydandan kənarda nə qədər faydalı bir oyunçu, kapitan olduğunu yaxşı bilirəm. Ona güvənirəm. Rəşad “Qarabağ”, futbolumuz üçün vacib insandı. Düzdü, özü də yazılanlardan dolayı çox üzgündü. Ancaq onun gücünə inanıram, qarşıdakı matçlarda daha da yaxşı oynayacaq. Bu gün Rəşada istirahət vermişdim. Ümumiyətlə, əsas heyətin bir çox üzvü yox idi. Bəzi futbolçulara fərdi çalışmalar tapşırmışdıq. Rəşada da səhər başqa məşq vermişdik. Heç bir psixoloji problemi yoxdu. Hər şey qaydasındadı. İstər-istəməz bu cür fikirlər ona da, mənə də təsir edib. Lakin peşəkar olmalıyıq... Delarjın uğursuz transfer olduğunu deməzdim. Gözləmək lazımdı. Sadəcə, optimal formadan uzaqdı. Ən gec məşqlərə qoşulan oyunçudu. Ümid edirəm ki, daha yaxşı olacaq”.
Aftandil Hacıyev: "Legionerlərimiz son iki həftədə bizə qoşulublar. Çatışmayan cəhətimiz odu ki, komada birlikdə çox az oynayıb. Bu gün "Qarabağ" kimi komadaya qarşı bir neçə qol imkanı yaxaladıq. Halbuki bu hər komandaya nəsib olmur. Ancaq imkanları dəyərləndirə bilmədik. Oyundan-oyuna müsbətə doğru dəyişiklik olduğunu hiss edirəm. Çempionatın əvvəlidi. Təqvim də hələ ki bizim üçün uğursuzdu. Güclü komandalarla qarşılaşmışıq. Gələcəkdə daha yaxşı olacağını düşünürəm. İtkilərimiz də var. Ağabala Ramazanov, Eltun Yaqublu... Kubembanın oyununa gəlincə, dediyim kimi, legionerlər yeni qoşulublar. Kevinin də komanda ilə ikinci oyunudu. Həm fiziki cəhətdən tam hazır deyillər, həm də uyğunlaşma üçün vaxt lazımdı".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR