Sabliç aparıcı oyunçuları qorumadı
“Qarabağ” premyer-liqanın 2-ci turu çərçivəsində şənbə günü “Səbail” üzərində 2:0 hesablı qələbə sevinmişdisə, “Şerif”in durumu ağır idi. Belə ki, Moldova çempionu ötən həftənin çərşənbə axşamı meydana çıxmış təmsilçimizdən fərqli cümə axşamı oynamışdı deyə, belədə çempionat oyunu məhz “Şerif” rəsmilərinin müraciəti əsasında avqustun 19-dan 20-nə keçirilmişdi. Dünən Bakı vaxtı ilə saat 21.00-da başlayan oyun Moldova derbisi sayılırdı. Buna qədər 16 tur geridə qalmışdı ki, lider kürsüsündə əyləşən tiraspollular əsas rəqibi “Milsami”ni 4 xal qabaqlayırdı. Paytaxt təmsilçisi qələbə qazansaydı, xal fərqi 1-ə enəcəkdi. Əks halda uçurum yaranacaqdı. Sonda qələbə “Şerif”in oldu və “Milsami” ilə xal fərqi 7-yə yüksəldi. 29-cu dəqiqədə Jo Santos hesabı açdısa, oyunun əsas vaxtına əlavə olunmuş ikinci dəqiqədə Rifet Kapiç meydan sahiblərinin qapısından 2-ci qolu keçirdi.
Maraqlıdı ki, Qoran Sabliç əsas heyətin aparıcı üzvlərindən bir çoxuna “Milsami” ilə oyunda şans vermişdi. Konkretləşdirsək, cümə axşamı İslandiyada “Valyur”un önünə çıxan “11-lik”dən 6 futbolçu dünənki qarşılaşmada əsas heyətdə yer almışdı. Qapıçı Sergey Paşenko, müdafiəçilər Mateo Suşiçlə Vyaçeslav Posmak, yarımmüdafiəçilər Yuri Kendış, Ziqu Badibanqa və Georgi Anton. Sabliç sol cinah müdafiəçisi Kristiano, mərkəz müdafiəçisi Ante Kulusiç, yarımmüdafiəçilər Yevgeni Oança ilə Jerson Rodrigesə və hücumçu Alhacı Kamaraya istirahət imkanı yaratmışdı. Maraqlısı odu ki, “Şerif”in əsas “silah”ı sayılan Badibanqa, həmçinin Posmak, Suşiç kimilər “Milsami”yə qarşı 90 dəqiqə mübarizə apardılar.
Oyuna gəlincə, bu cür qarşılaşmaya derbi deyirlərsə, vay o ölkənin futbolunun halına. Təbii, “Şerif” rəqibdən güclü idi və çətinlik çəkmədən qalib gəldi. Sadəcə, rəqibin nə etmək istədiyini heç futbolçuların özləri də anlamırdı. Ardıcıl 2-3 ötürmə verə bilməyən, yalnız tiraspolluların kobud səhvləri ucbatından təhlükəli vəziyyət yaradan komanda çempionatdakı əsas rəqibinin qarşısında, sadəcə, hoppanıb-düşürdü. “Sarı-göylər” isə sanki qələbə qazanacaqlarına əmin imiş kimi davranıb, enerji sərf etmədən, ciddi səy göstərmədən şansını gözləyirdi. Gözləməyin məntiqi nəticəsi kimi 2-ci uzatma dəqiqəsində daha bir qol vurub qalib gəldilər.
“Şerif”in çıxışına gəlincə, qeyri-adi nəsə görmədim. Qeyd etdiyim kimi, rəqibin səviyyəsinin xeyli aşağı olması qonaqların işini rahatlaşdırmışdı. Güclərinə qənaət edir, əsasən mövqeləri bağlamaqla işlərini bitmiş sayırdılar. Diqqətçəkən məqam “Şerif”li müdafiəçilərin oyundankənar vəziyyətləri ustalıqla yerinə yetirmələri idi. 3-4 epizodda məhz bu yolla rəqib futbolçuları “tora salmağı” bacardılar.
Əlbəttə, “Qarabağ” “Milsami” deyil. Və cümə axşamı “Şerif” budəfəki qədər rahat ola bilməyəcək. Ümid edək ki, əsas heyətin bəzi üzvlərinin bir həftə ərzində ardıcıl 3-cü matça çıxması oyunlarına mənfi təsir edəcək.
HƏBİB