Vaqif Sadıqov: “Fərq etmir, Avropada “Qarabağ”la hesablaşırlar”
“Qarabağ”ın ardıcıl ikinci il Çempionlar Liqasının qrupunda oynamaq istəyi baş tutmadı. Qurban Qurbanovun komandası hədəfini Avropa Liqasında böyütməlidi. Ancaq əvvəlcə qrupa düşmək lazımdı. AL-in pley-off mərhələsindəki rəqib isə bu gecə müəyyənləşəcək. Təmsilçimiz ya “Şerif”, ya da “Valyur” ilə qarşılaşacaq. Moldova və İslandiya komandalarının duelində qalib gələn tərəf “Qarabağ”a rəqib olacaq. Pley-off matçları avqustun 23-ü və 30-da keçiriləcək. Püşkə görə ilk matçda təmsilçimiz səfərdə çıxış edəcək.
“Şerif”, yoxsa “Valyur”?
Bəribaşdan qeyd edək ki, moldovalılar evdə keçirdiyi ilk oyunda İslandiya təmsilçisini çətinliklə də olsa, yenməyi bacarıb. Qələbə topunu sona 5 dəqiqə qalmış Badibanqa vurub. Bu baxımdan “Şerif” “Qarabağ”la qarşılaşmağa daha yaxındı. Bu həmin “Şerif”di ki, Qurban Qurbanovun komandası ötən mövsüm ÇL-də onu keçərək (evdə 0:0, səfərdə 2:1), futbol tariximizdə bu turnirdə pley-offa çıxan ilk komanda olub. Əslində “bu həmin “Şerif”di” təyinini məcazi mənada işlətdik. Çünki bu komandada ötən illə müqayisədə çox dəyişiklik olub. İlk növbədə baş məşqçi Roberto Bordinin kollektivdən ayrıldığını vurğulamaq lazım gəlir. İtaliyalı mütəxəssis hazırda “Neftçi”nin “sükanı arxasındadı” və hələ “Qarabağ”la qarşılaşmayıb. Amma əminliklə qeyd etmək olar ki, Moldovanın dəyişməz çempionu ağdamlılardan qisas almaq həvəsiylə alışıb-yanır. 1997-ci ildə yaranan “arılar” bu ölkədə dəbi müəyyənləşdirən komandadı. 21-ci əsrdə 16 dəfə ölkə çempionu (2001, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009, 2010, 2012, 2013, 2014, 2016, 2017, 2018), 9 dəfə ölkə kubokunun qalibi (1999, 2001, 2002, 2006, 2008, 2009, 2010, 2015, 2017), 8 dəfə isə ölkə superkubokun qalibi (2003, 2004, 2005, 2007, 2013, 2015, 2016, 2017) haqda belə deməyə tam əsasımız var. 2000-ci ildən sonra cəmi iki dəfə çempion titulunu kiməsə güzəştə gedib. Təbii ki, ölkədə qazanılan uğurlar fonunda komanda müntəzəm avrokuboklarda iştirak edir. Zəngin avrokubok təcrübəsi olan “sarı-qaralar” bir neçə dəfə Avroliqanın qrupunda mübarizə aparıb. Düzdü, “Şerif” BATE deyil. Həm də “Qarabağ” bu komandanı artıq “dişinə vurub”. Ancaq istənilən halda, moldovalıları asan rəqib saymaq, arxayınlaşmaq olmaz. Heyəti beynəlmiləldi, 10 ölkədən 15-16 legioner top qovur. Baş məşqçisi də əcnəbidi. “Şerif” Bordini xorvat Qoran Sabliçlə əvəzləyib.
“Valyur” İslandiyanın aparıcı klublarındandı. Amma Avropada reytinqinə görə 349-cu yerdədi. Bu mənada nəinki Avropada 73-cü olan “Qarabağ”dan, ilk “100-lüy”ün son sıralarında olan “Şerif”dən belə qat-qat gerilərdədi. Ancaq müasir futbolda “zəif” anlayışı güc nisbətini dəqiq ifadə etmir. Odu ki, “Valyur”a yuxarıdan aşağı baxmaq olmaz. Bununla belə, faktdı ki, Ağdam təmsilçisi Skandinaviya və o üslubda futbol sərgiləyən ölkələrin təmsilçilərinə qarşı uğurlu nəticələriylə seçilir. “Qarabağ” indiyə qədər qitə turnirlərində 32 ölkədən 45 komanda ilə qarşılaşıb. Bunun bir neçəsi Avropanın şimal təmsilçiləri olub ki, Qurban Qurbanovun yetirmələri son illərdə “Gefle”, “Göteborq”, “Honka”, “Portadaun”, “Kopenhagen” kimi komandaların qəniminə çevrilib. Bir sözlə, “Qarabağ”ın Avropanın şimalında yerləşən ölkə təmsilçiləri ilə oyunu alınır.
Qeyd etdiyimiz kimi, indiki məqamda pley-offa “Şerif” daha yaxındı. “Qarabağ”ın rəqibini bu gecə tanıyacağıq. Ondan sonra rəqibi daha yaxından tanımaq imkanımız olacaq. Təcrübəli mütəxəssis Vaqif Sadıqovun fikrincə, indiki məqamda rəqibləri “Qarabağ”dan daha çox çəkinir və onu dayandırmağın yollarını axtarır: “Bunu vurğulamağı özümə borc bilirəm: fəxr etməliyik ki, Avropa səviyyəsində çempionumuz var. BATE ilə səfər oyununda “Qarabağ” heç nədən çəkinməyərək öz dəst-xəttində, öz üslubunda çıxış etdi. Psixoloji üstünlük rəqibin tərəfində olsa da, komandamız oyuna hakim tərəf idi, qol epizodlarımız da bol idi. BATE kimi komanda öz azarkeşlərinin önündə praqmatik, sırf nəticəyə yönəlik oyun sərgiləməyə məcbur edildi. İki oyunda yalnız Bakıdakı ilk 45 dəqiqəni istisna etmək olar, “Qarabağ” imkanlarından xeyli aşağı səviyyədə çıxış etdi. Hələ ilk oyundan sonra demişdim ki, Borisovda soyuq başla, ancaq yanan ürəklə mübarizə aparmalıyıq. Məhz buna da şahid olduq. “Qarabağ” səfərdə də hesabda geri düşməsinə baxmayaraq, özündə güc tapıb bərabərlik qolunu vurdu. Çox təəssüf ki, ikinci qolu vurmaq mümkün olmadı. Təzyiqi bir qədər də artırmağın vaxtı yetişəndə isə futbolçumuz qırmızı vərəqə ilə meydandan qovuldu. Emeqaranın hərəkəti də əzmkarlıqdan, uduzmaq istəməməkdən irəli gəlirdi.
ÇL-də mübarizəni dayandırsaq da, Avroliqada yolumuza davam edəcəyik. İndiki məqamda “Şerif” pley-offa daha yaxın görünür. Çox güman, elə moldovalılarla qarşılaşacağıq. Ancaq fərq etmir, Avropada “Qarabağ”la hesablaşırlar. “Şerif”, “Valyur” kimi komandalar “Qarabağ”dan daha çox çəkinir, nəinki biz onlardan. Baxıram ki, Moldova komandasının futbolçuları müsahibələrində qisas hissi ilə alışıb-yandıqlarını deyirlər. “Qarabağ”ın da onlara ötənilki aqibəti bir daha yaşadacağına inanıram. Komandamızı dəstəkləməliyik və qrupda uğurlu çıxış etməsinə inamımızı itirməməliyik”.
MİRAĞA