“Həmin an kobud oynamaq fikrim yox idi”
İlk turda “Neftçi”yə uduzsa da, heç də pis təsir bağışlamayan “Sumqayıt” azarkeşlərini ümidləndirdi. Matçı canlı izləmək üçün “Dalğa Arena”ya gələn “kimyaçılar”ın tərəfdarları 90 dəqiqənin tamamında hesaba görə üzülsələr də, mövsümlərarası fasilədə, demək olar ki, yenidən qurulan komandanın mübarizə əzmindən razı qaldılar. Xüsusilə ilk yarıda Nazim Süleymanovun yetirmələri rəqibdən üstün təsir bağışladılar.
Bəlkə də “ağ-qaralar”la qarşılaşmada “ağ-göylər”in kapitanı Vurğun Hüseynov sərt oyuna görə ikinci sarı vərəqəni alıb meydandan qovulmasaydı, yekun nəticə fərqli olardı. Cəzalı duruma düşdüyünə görə növbəti turu buraxmaq məcburiyyətində qalan Hüseynov bizimlə söhbətdə komanda yoldaşlarına inandığını bildirdi: “Neftçi” ilə matça yaxşı başlamışdıq. Birinci hissədə qapımızda qol görsək də, rəqibdən daha yaxşı təsir bağışladıq. “Neftçi”dən daha çox təhlükəli vəziyyət yaratdıq. Təəssüf ki, imkanlardan yararlana bilmədik. Belə oynamaqda davam etsək, inanıram ki, komandanın qarşısına qoyulan məqsədə çatmaq mümkün olacaq. Düzdü, mövsümün əvvəli olduğundan, demək olar ki, yeni heyət qurulduğundan bəzi çatışmazlıqlar var. Ancaq vaxt ötdükcə onları aradan qaldırmaq mümkün olacaq. Turdan-tura yox, deyərdim ki, məşqdən-məşqə daha yaxşı təsir bağışlayırıq. Qarşıda bizi “Sabah”la matç gözləyir. İlk tur da göstərdi ki, avqustun 19-da qarşılaşacağımız rəqib elitanın debütantı olsa da, heyətində təcrübəli oyunçular yer alıb. Legionerləri də normal təsir bağışladı. Ancaq biz də zəif deyilik. Çalışacağıq mövsümdə ilk qələbəmizi qazanıb azarkeşlərimizi sevindirək. Düşərgədə əhval-ruhiyyə yüksəkdi. Uşaqlar böyük həvəslə “Sabah”la oyuna hazırlaşır”.
“Neftçi” ilə matçda 11 dəqiqə aralığında iki sarı vərəqə aldığına görə meydandan qovulan təcrübəli müdafiəçi İntizam Komitəsinin qərarı ilə 1 oyunu buraxacaq. Ancaq Vurğun Rauf Cabbarovun ona qarşı çox sərt qərar qəbul etdiyini bildirdi: “Adi oyun epizodu idi. Həmin an rəqibə qarşı kobud oynamaq fikrim yox idi. Top havada olarkən mübarizəni udmaq üçün ayağımı bir qədər yuxarı qaldırdım. Həmin an isə “Neftçi”nin futbolçusu topa çatmadığını görə-görə özünü irəli atdı və belədə ayağım onun çiyninə dəydi. Cabbarov “sarı” verməyə də bilərdi. Yenə deyirəm, həmin an kobud oynamaq fikrim yox idi. Ancaq olan oldu. Artıq hər şey geridə qalıb, irəli boylanmaq, növbəti görüşləri fikirləşmək lazımdı. Ümid edirəm ki, bazar günü keçiriləcək oyunda komanda yoldaşlarım müdafiədə inamlı oyunla məni unutdurmağı bacaracaqlar və mövsümdə ilk qələbəni qazana biləcəyik”.
RƏŞAD